top of page

Türk Dünyasının En Popüler Gazetelerinden: Ziya-yi Kafkasiye





 Türk dünyasının ən populyar qəzetlərindən birii-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135

                                Türk ədəbi dilinin  terminlərlə zənginləşməsində Tiflisdə çap olunan 

                              “Ziya”( “Ziyayi-Qafqasiyyə”) qəzetinin (1879-1884)  rolu

   “Ziya”( “Ziyayi-Qafqasiyyə”) 1879-1884-cü illərdə Tiflisdə  Türki Azərbaycan dilində əslən şamaxılı olan  Səid Ünsizadə (1825-1905) tərəfndən həftədə bir dəfə nəşr olunan qəzetdir. Sonuncu nömrəsi 1884-cü il iyunun 11-də nəşr olunmuşdur.”Ziya”nın ilk iki nömrəsi hələ tapılmayıb.Xronoloji ardıcıllığına, hər nömrənin pəncşənbə günü çıxacağı əvvəlcədən  elan olunduğuna görə ilk nömrənin 1879-cu il yanvarın 25-də, ikinci nömrənin isə növbəti pəncşənbə günü – martın 1-də nəşr olunduğu güman və təxmin edilir.Başqa variant  da mümkündür  Bəzi tədqiqatcılar  ilk nömrənin tarixini 14  yanvar 1879-cu ildən hesablamışlar.

 Belə olan təqdirdə həftəlik qəzetdə bir həftə ləngimə olduğunu düşünmək olar. Rəsmi dövlət sənədlərində  Səid Ünsizadəyə “Ziya” qəzetini 1879-cu ilin yanvarın əvvəllərindən başlayaraq  çıxarmağa  icazə verilmişlər. “Ziya” qəzeti  1880-ci ilin dekabrından “Ziyayi-Qafqasiyyə” adı ilə çıxmışdır.   Addəyişmə əməliyyatını qəzetin   sərlövhəsini dəyişən rəssamın müdaxiləsi kimi izah etsələr də, əslində bu, məqsədəyönlü xarakter daşımış, S.Ünsizadə  “Ziya”nın yayıldığı   məkanı  bilərəkdən məhdudlaşdırmışdır. Əslində “Ziya” qəzeti Türkiyə  və  İranda da, Rusiyanın  türk dili başa düşülən bir çox ərazilərində  də oxunurdu. Bunu Simferopoldan, Tambov quberniyasının Spassk şəhərindən, Sankt-Peterburq, Moskva, Ufa,Həştərxan kimi  iri şəhərlərdən gələn məktublar  sübut edirdi. “Ziya”- maarif ziyasıdır. Bu, elə  ziyadır ki, sərhəd tanımır, öz şəfəqləri ilə qaranlıq aləmi işıqlandırır, xalqı işıqlı günlərə səsləyir. “Ziya”nın  naşiri və imtiyaz sahibi Səid Ünsizadə öz maarifçilik fəaliyyətini, bu yoldakı axtarış və qarşılaşdığı çətinliklərlə mübarizəni belə səciyyələndirirdi:

”Tiflis. 17 noyabr. “Ziya”qəzetəsinin təb və nəşr olunmağını dost  dutan həzərata məlum ola ki, həmin ildə (1879-cu ildə-N.N.)qəzetə verməkligi öhdəmizə götürən vəqtdə hərçənd niyyətimiz ona  müncərr (bir tərəfə çəkilən,sürüklənən-N.N.) olmuşdu ki, qəzetimizi keçən məhərrəm ayının  ibtidasından verək. Çünki səneyi- islamiyyənin ibtidası ondan başlanır və  lakin işimizin ibtidası düşvar olduğuna görə bacara bimədik ki, bir parə kəsr və nöqsanımızı cabəca (yerbəyer-N.N.) edıb  məzkur niyyətimizi əmələ gətirək. Ona görə naçar olub,səfər ayının on dördündə (islam təqviminin  1296-cı ilində-N.N.) əvvəlimci nömrəmizi zühurə gətirib, ahəstə-ahəstə səy və himmət  göstərdik”(19.11.1879,N 44).

    Səid Ünsizadə öz millətdaşlarına təmannasız xidmət nümunəsi  göstərirdi.O, Şamaxıdan Tiflisə gəlib, burada ərki çatan insanların köməyi ilə  əvvəlcə litoqrafiya (daş bsmaxanası), sonra tipoqrafiya(hürufat basmaxanası-N.N.) açmışdı.Onun fikrincə, “hər millətin öz xəttinə və dilinə məxsusi olan basmaxana         ( burada: litoqrafiya və tipoqrafiya-N.N.) o millətin  və əhvalatını nəşr edən və fikrinə rəvac verən və yamanlıq yolundan mən ( qadağan etmə-N.N.) edən və yaxşılıq yoluna tərğib edən və cəmaətin vəkili  və onların səsi və yaxşının tərifçisi və yamanın məzəmmətçisi və zalimlərdən şikayətçi və məzlumlara kömək edəndir. Bu mülahizə ilə biz  dəxi öz qüvvət  və təvanımızdan artıq öz millətimizə  məxsus,

ümumi mənfəəti olan mətbəə dəstgahlarını  hasilə gətirməkdə bacardığımızı müzayiqə eləmədik” (03.12.1881, N2). S.Ünsizadə proqrm xarakterli bu məqaləsində dövrün ziyalılarını  əlbirliyə çağırırdı:

  “Bir ev bir eli tikə bilməz,bəlkə bir el bir evi tikə bilər…Bu barədə  hər bir tərəfdən himmət və iltifat göstərmək lazımdır  və hər kəs  basmaxana  və qəzetimizi özününkü hesab eləməlidir”. S.Ünsizadə qəzetdə nə yazırsa yazsın, fikrini  elə ifadə edirdi ki,onu anlayırdılar, yaxşı başa düşürdülər. Qəzetdə başa düşülməyən sözlərin və ifadələrin izahı, aydınlaşdırılması üçün  müxtəlif üsullardan istifadə edilirdi. Bu məqsədlə ən çox mötərizə və “yəni” aydınlaşdırma bağlayıcısından istifadə olunurdu.Qəzetdə ayrı-ayrı sözlərin izahında ətək yazılarından da istifadə olunurdu.Bu qaydadan  ən çox  Ezop maneralı  tərcümələrdə  istifadə edilmişdir. Bu cəhətdən “Ziya”nın 26 iyul 1879-cu il tarixli 27-ci nömrəsində   “Moskovckie  vedomosti ” qəzetindən çap tarixi göstərilmədən tərcümə edilmiş  bir yazı diqqəti cəlb edir. Yazıda inqilabi işlərə qoşulan bir nəfərin həbsindən söz açılır.O, tutulan vaxtı özünü  Rusiya dövlətinin sosialistlərindən biri olduğunu deyir.  Tərcüməçi “sosialist” sözünün üstünə ulduz işarəsi qoyaraq,  qəzetin ətək yazısında  onu və onula ilgili daha üç sözü  belə izah edir: 

 “Sosialist “ latın lüğətidir. Bu halda Evropada  sosialist o şəxsə deyirlər ki,  sosializm məzhəbindəndir (yol-N.N.)  və bu məzhəb iki şüqqə (qola-N.N.)  münşəəqdir (parçalanmışdır-N.N.)  ki, birinə qommunizm (mötərizədə ərəb qrafikalı qəzetdə rus hərfləri ilə“kоммунизмъ “- N.N.), o  birinə sosializm    (mötərizədə rus qrafikasıl ilə “сосиализмъ” – N.N.) deyirlər”.

  Daha sonra uzun-uzadı izahat gəlir. Əslində ilkin mənbədə-rusdilli paytaxt qəzetində nə sosialist sözü, nə də ki onunla bağlı belə geniş izahat var. Yeri gəlmişkən qeyd edək ki, sosialist, kommunizm,sosializm və bunlarla ilgili  revolyusioner sözlərini anadilli mətbuatda-Azərbaycan mətbuatında ilk dəfə türkdilli oxuculara çatdıran Səid Ünsizadə olmuşdur.Əlbəttə, biz onu  inqilabçı kimi tanıtmaq fikrində deyilik. Bu sözlər  “Ziya” qəzetində görünəndə  sonralar LENİN kimi tanıdığımız Volodya İlya oğlu  hələ  tatar şəhəri Kazanda   harasa dərs öyrənməyə  gedirdi: 9 yaş 3 ay  (mayın 31 gün olduğunu yaddan çıxarmasaq) 5 günlük idi, başqa sözlə, 10 yaşının 97-ci günündə gələcəyinin planlarını və yalanlarını cızırdı.

  “Ziya” qəzetində  işlənən alınma terminləri  mövzusuna  görə bir neçə yerə bölmək olar:

1) ictimai -siyasi məzmunlu terminlər 2) məktəb və maarifçilik termuinləri\ 3) peşə, sənət, vəzifə  və məşğulluq sahəsinə aid terminlər 4) maliyyə, pul və  bank əməliyyatları ilə ilgili terminlər 5) hərbi anlayışları ifadə edən terminlərər

 “Ziya” qəzetində bəzi alınma sözlərin “Əkinçi” qəzetində olduğu kimi, “yəni” aydınlaşdırma bağlayıcısı ilə izah edilməsinə geniş yer verilmişdir: ”Peterburq.11 mart.”Qolos”un nəqliyyatına görə, Zaqafqaziyanın, yəni Qafqazın qiblə tərəfinin teleqrafı ümumi teleqraf rəbtinə müəlləq( bir şeyə söykənmədən havada və ya  boşluqda duran-N.N.)   olunmaqdan ötrü  bu ildən tədbir olunur ki, Baku və Krasnovodskinin arasında telaqraf bəndləri nəsb eləsinlər (tiksinlər-N.N.)”(1879,N8).

 “Zaqafqaziyada, yəni Qafqaz qitəsindəki   müsəlman şəhərlərində doqquz yüzə qərib sünni və şiələrə məxsus oğlan və qız məktəbləri var imiş” (27.03.1880,N17).

 “Bu işdən ötrü hökumətin kontroluna, (yəni onun zəbt və idarəsinə) verilmiş sərmayə 7 135 270 markalıq qızıl pul və yaxud 3 767 660 manatlıq rusi kağız puldur”(09.10.1881,N30).

 “Ziya”da tərcümə materiallarına xüsusi qayğı göstərilmiş, hər sözün anlaşıqlı variantı seçilərək işlədilmişdir. Bu cəhətdən III Aleksandrın 15 may 1883-cü ildə Peterburqda  təşkil olunmuş tacqoyma mərasimindən verilmiş reportaj diqqəti cəlb edir.Reportajda türkdilli oxucular üçün maraqlı ola bilən 30-dan artıq Avropa mənməli  alınma söz vardır:imperator, naçalnik, skaçka(əsb dəvanı-qaçan atların yarışı-N.N.), klub,  natarius, çinovnik, hura (ura  nidası-N.N.) çəkmək,hura cədası, uşkola, imperatoriçə, üç klaslu məktəb, zakon uçiteli, qəpik və s.

Dilinmizdə  bu gün geniş populyarlıq qazanmış alınma sözlü  terminlər “Ziya” qəzetinin oxucularına elə ilk oxudan məlum olurdu.Yazı müəllifi və ya tərcüməçi sözün çətinliyini başa düşəndə həmin sözü izah etməyi yaddan çıxarmırdı. Yeri gəlmişkən qeyd edək ki, sonralar “Dəbistan” uşaq jurnalında da bu qaydadan səmərəli istifadə olunmuşdur. Məsələ burasındadır ki,”Dəbistan”da nömrənin bütün çətin  sözləri  jurnalın sonuncu səhifəsində  ayrıca başlıq altında “Ziya”dakından fərqli olaraq,  ərəb və fars mənşəli sözlərlə Avropa mənşəli sözlər birlikdə verilirdi. “Ziya”nın bızə məlum olan ilk nömrəsində – 08.02.1879-cu il tarixlı  3-cü nömrəsində işlənən bir neşə alınma mənşəli, alınma sözlü  termin   diqqəti cəlb edir:  teleqramma, bal (yəni qonaqlıq),ura çığırmaq,muzigah, litoqrafiya,komandir,əfsər (ofiser), zakazvə s. Bu sözlərin hamısı oxucu üçün başa düşülən olduğu üçün heç bir izahat verilməmişdir.Fikrimizin təsdiqi üçün həmin nömrədən  kiçik bir elanı oxuculara çatdırırıq:

 “Qəzetə müştərilərimizə məruz ola ki, qəzetəmizdən ötrü zakaz verdiyimiz hürufat  vəsl olunanacan  naçar olub, qəzetəmizilitoqrafda təb etdirürük.Ona görə lazımdır ki, basmə əlində ittifaq düşən  bəzi kur və qüsur  və ya bir ax taxir surətində nüktəgirlik (tənqidçilik -N.N.) etməsinlər, çünki yaman günün ömrü az olur”(08.02.1879,N3). “Ziya”nın  15 fevral 1879-cu il tarixli  4-cü nömrəsini vərəqləyirik. Bu nömrədəki otryad, qubernator, uşqola tipli bir neçə milliləşmə yoluna düşən Avropa mənşəli söz vardır.

  Nömrənin baş məqaləsi uşaqların  təlim və təbiyəsinə aiddir. Yazı   “Uşaqlarımıza təlim  və tərbiyə vermək barəsində” adlanır.Bu yazıda ərəb mənşəli sözlərin üstünlüyü adi oxu prosesində  elə ilk cümlələrdən hiss olunur: “Oxumaq və yazmaq barəsində olan əhvalatın şəhri-bəyanını və  insanlara məxsus olan nemətlərdən olubbaisi-şərif  və iftixar olmağına  …əvvəlimci  dərəcədə bildik…Bu  zəmanədə, hansı ki, mülk və millətin tərəqqisi  elm vəmərifətə  və növbənöv dillərə və xətlərə olmaqdadır”.

  Nümunədə dilimizin fonetik qanunauyğunluğun u qəbul edən  təkcə bir söz var:  Avropa(Fransa) mənşəli   “nömrə”   sözü.  Digər sözlərin böyük əksəriyyəti Şərq alınmalarıdır. Maraqlıdır ki, “Ziya” qəzetində bəzən təhsil ocaqlarını tədris dilinə görə  məktəb və uşqola kimi fərqləndirirlər: “Dövlət…lazımi yerlərdə  uşqolalar və məktəblər açubdur”. “Ziya” qəzetindəki  bəzi məqalələr  müəəyən mövzu ilə ilgili tezlik lüğətini xatırladır.Azərbaycan dilçilik ədəbiyyatımızda bu mövzuda  iki yazıya   rast gəirik; biri M.Füzulinin “Leyli və Məcnun poemasının tezlik lüğəti, digəri filologiya elmləri namizədi Fazil Əhmədovun “XVIII ədəbi dilinin inkişafında M.V.Vidadinin rolu” mövzusunda yazdığı namizədlik dissertasiyasının bir bölməsidir.

 “Ziya” qəzetinin leksikasında əsas yeri maarif,  məktəb və mətbəə məsələlərinə aid terminlər tutur.Bu da təbiidir; “Ziya” Azərbaycan mətbuatında ilk irimiqyaslı maarifçilik  nəşridir.”Ziya” qəzeti bu cəhətdən  öz sələfindən  -“Əkinçi” qəzetindən də əsaslı şəkildə fərqlənir. “Əkinçi” qəzetində ictimai-siyasi və kənd həyatı məsələlərinin işıqlandırılmasına daha çox fikir verildiyindən,təbii ki,burada bu sahələrə aid terminlərdən daha çox istifadə olunurdu.

  Bir məsələni də xüsusilə vurğulamaq lazımdır.H.Zərdabi rusdilli milli ziyalı  idi; o, Şamaxıda da,Tiflisdə də, Moskvada da rus dilində təhsil almışdır. H. Məlikzadə (Zərdabi) Moskva Universitetini qurtarıb,təyinatı üzrə Tiflisə qayıdandan sonra da, sonralar Qubada dövlət qulluğunda işləyəndə də bütün yazı-pozu işlərini rus dilində gördüyündən 30-35 yaşına qədər  onun Azərbaycan ədəbi dilində mükəmməl yazı təcrübəsi yox idi. Lakin H.Zərdabi qısa bir müddətdə ədəbi dil və anadilli yazı mədəniyyətimizdə inqilab yaratdı;M.F.Axundovun tövsiyəsi ilə “Əkinçi” qəzetin ətrafına yaxşı həyat məktəbi keçmiş, yaxşı müəllimlərdən dərs almış bir neçə dili mükəmməl bilən milli ziyalıları toplaya bildi. “Əkinçi”yə rus dilində göndərilən  məktublar da  yaxşı tərcümə olunurdu.

 Yeri gəlmişkən qeyd edək ki,mətbuat tariximizin tərcüməçilik ənənələri,təəssüf ki,  hələ lazımınca öyrənilməmişdir.Halbuki bu məsələnin ciddi tədqiqi bir sıra  tarixi,siyasi, ədəbi və elmi mövzuların mükəmməl şəkildə araşdırılmasında əhəmiyyətli rol oynaya bilər.

 “Ziya” qəzeti “Əkinçi”nin açdığı yol ilə gedirdi. Doğrudur, “Əkinçi”nin heç bir nömrəsində Ünsizadə qardaşlarının imzasına rast gəlmirik.Amma heç cür inanmaq olmur ki, yaşadığı dövrün  ictimai-siyasi həyatında fəal iştirak edən Ünsizadə qardaşları“Əkinçi”nin nəşrinə etinasızlıq və biganəlik göstərsinlər. Sonralar Səid Ünsizadədə, onun özündən kiçik qaradaşı Cəlal Ünsizadə də Həsən bəy Zərdabinin xidmətlərini yüksək qiymətləndirmişlər.  Səid Ünsizadə 1880-ci ildə yazdığı bir məktubunda  təhsil sahəsindən uzaqlaşdırılan, maddi çətinlərlə üzləşən H.Zərdabyiyə göndərdiyi məktubunda ona “Ziya”qəzetinin Tehran və ya İstanbul müxbirliyini təklif edirdi. Lakin bu təklif  cavabsız qalmışdı.

 Bizə belə gəlir ki, H.Zərdabi “Ziya”da imzasız çıxış etməyə üstünlük vermişdir.  “Ziya”da çap olunan bir sıra  təbiət  hekayələrinin- “Zəlzələ”, “Saqqız cəzireəsi”, “Hava”,”Qafqazda çay istehsalı” və sair  yazıların  mövzu, leksika və  üslubuna, yazı manerasına,sintaksisinin çevikliyinə və xalq dilinin  incəliklərindən istifadə məharətinə görə H.Zərdabiyə məxsusdur.

“Ziya” qəzeti-yazılı mədəniyyətimizin nümunəvi məktəbidir.Ədəbi dilimizin müəyyən qayda –qanunlarının müəyyənləşdirilməsində,yazı qaydalarının formalaşdırılmasında,  sözün sətirdən sətrə keçirilməsi meyarlarının normativləşməsində qəzet rəhbərlərinin-naşir və mühərrirlərin, daimi aparıcı müxbirlərin  böyük xidmətləri vardır.Təsadüfi deyil ki,  1881-ci ilin əvvəllərində “Qafqaz” qəzetində “Ziya” qəzetinin fəaliyyəti haqqında aparılan müzakirələrdə bu cəhətə xüsusi fikir verilmışdir.

 “Ziya” qəzetində sənət və peşə terminlərinin işlədilməsi haqqında  yazılarımızın birində söz içində söhbət açmışdıq (“Ölkəmizin peşə məktəbləri tarixindən”(Afərin o şəxslərə ki…) //“Sənətkar”jurnalı,2009,  №1, səh.16-17).

“Ziyayi-Qafqasiyyə”nın  Şamaxı müxbirlərindən birinin  qəzetin 17 aprel 1881-ci il tarixli 11-ci nömrəsində ”Məmləkət əhvalatı” rubrikası (ümumi başlığı) altında dərc olunmuş  Şamaxıdan göndərilmiş yazılarının birindən məlum olur ki, şəhərin bir çox varlı və mötəbər adamları yerli əhalinin mənfəəti, ünas(qadın) tayfasının təlim və tərbiyəsindən ötrü  bir cəmiyyət yaratmaq, şəhərdə bir sənət məktəbi açmaq fikrindədirlər.Onların məqsədi kasıb və füqəralara əl tutmaq, ağır həyat şəraiti olanların maddi vəziyyətini yüngülləşdirməkdir. Yazı müəllifinin fikrincə, bu işin icrası  o qədər də çətin deyil. Məqalədə qadınlar üçün açılması nəzərdə tutulan sənət təlimxanasında  müxtəlif peşə ustalığı  və bacarığı olan ünas(qadın) müəllimlərin dərs deməsi məsləhət görülür.Müəllif təklif olunan təlim və ürfan ocağında öyrədiləcək peşə  və sənətlərin yerli şəraitə  uyğunluğunu xüsusilə nəzərə  çarpdırır:”Əvvəlmcisi,xəliçə və palas toxumaq təlim edələr. Hansı ki,onun cümlə əsbabı (aləti)  və övrətlərdən olan mahir ustaları Şirvanatda çoxdur və ip əyirməyi və boyamağı çox yaxşı bilirlər.

  İkincisi,ipək tor toxumaq,hansı ki,ətraf məktəblərdə çox məğrubdur(rəğbətlidir-N.N.) və özü də Şirvana məxsusdur.

  Üçüncüsü, güldüzçülük (müxtəlif parçalara gül tikmək) sənəti ki, onu bilmək ilə növbənöv işlər tikmək olar. Məsələn, ustul (stul) üstü, caməxədan və taxça pərdələri, başmaq üzü və sairləri.

  Dördüncüsü, fufayka(köynək) və corab toxumaq, hansı ki, Tiflisdə onlardan ötrü çox yaxşı maşınlar vardır və övrətlərdən çox yaxşı ustalar vardır. Hansı ki, bir gündə bir nəfər iyirmi cift (cüt-N.N.) cülgi (corab-N.N.) və bir neçə köynək toxuya bilər …

 Adı çəkilən məqaləyə aid redaksiya qeydində göstərilir ki,şamaxılıların sənət məktəbi açmaq fikri sözdən əmələ  keçərsə, başqa yerlərdə də belə təlimxanələr  meydana çıxar və “bu qisim  işləri əmələ gətirənlər öz cəmaətlərinə ildə bir neçə yüz min manat əta və ehsan    edən kimidir”.

Göründüyü kimi, müəllifin leksikonunda milli və alınma sözlərdən istifadə yolu ilə “ipək fabriki, iplik fabriki, xəliçə, palas, güldüzlük, ip əyirmək, ip boyamaq, cəmaxədan pərdəsi, taxça  pərdəsi, başmaq üzü, fufayka, köynək, corab, cülgi” kimi sənət və peşə anlayışları  bildirən termin səciyyəli  bir neçə söz və söz birləşməsi işlənmiş, ədəbi  dilimizin zənginləşməsində maraqlı məqamlar, sözə leksil mənanın tələblərinə uyğun yanaşma üsulları  meydana çıxmışdır.

 Qəzetdə”Russkiy kuryer” adlı mətbu orqandan seçilmiş informasiyada  peşə, sənət ocaqlarından söz açılır:

 ”Biz yuxarıda rus qəzetlərindən nəqlən yazmışdıq ki, Qafqazi- cənubidə bir ipəkçilik məktəbi açmaq əzmindədirlər.”Russkiy kuryer”in rəvayətinə nəzərən, Rusiyada bir cəmiyyət…  bu fikirdədir ki,Qafqazda bir penirçilik məktəbi açsın”(1884,N2).

 “Bir az gedüb şirniçi (güləbərin) mağazasının bərabərinə yetişür”(1884,N5).

 Qəzetdə yerli müxbirlərin Azərbaycan dilində yazdıqları xəbərlərdə də peşə,sənət, eləcə də sənaye birliklərinin adlarını bildirən terminlərə də səxavətlə yer verilirdi:

”Bakuda neftçilər şirkəti  neftçilik sənətini öyrətmək  niyyətilə dekabrın 5-də bir məktəb açıblar.Məzkur məktəbə qəbul olanlar pulsuz və müftətəhsilə davam edəcəklər”(16.12.1882,N31).

  Qəzetdə təhsil müəssisələrinə aid terminlərin işlədilməsində  bəzən eyni materialda həm Şərq, həm də Qərb alınma sözlərindən müvazi şəkildə istifadə  edilmişdir ki, bu da üslubi axtarışlar kimi qiymətləndirilməlidir:”Novoye vremya” qəzetəsi eşidibdir ki,Qori Seminariyasının yanında müsəlmanlardan ötrü  bir təlimxanə kəşad olunması keyfiyyəti baş dutmayıbdır.Hökumət tərəfindən lazım görünübdür ki,onun əvəzində müsəlmanlardan ötrü bir müsəlman darülmüəllimxanəsi ( müəllimlər institutu-N.N.) hasilə gətirilə”(19.11.1879,N44).

“Ziyayi-Qafqasiyyə” qəzetinin tərcümə materiallarında işlənmiş bir sıra terminlər diqqəti cəlb edir:”Qaspi” qəzeti deyir ki, Baku dəryasında, yəni Təqiyevin zavoduna yovuq olan səmtdə bir qayığı dəryanın ləpəsi vurub aparıb.Məzkur qayıqda üç nəfər adam var imiş.  Bir  qədər keçmiş başqa atəş qayığı  onların  ardınca  göndərilir. (  1884,№10).

  Qəzetin bu nömrəsindəki alış-veriş işləri termini də ticarət termininin qarşılığı kimi maraqlı görünür:”…bu halda dünyanın hər tərəfindən alış-veriş işləri xarablaşır”.

 “Ziya” qəzetində geniş oxucu kütləsi üçün o qədər də aydın olmayan terminlərin təqdimatındakı maraqlı xüsusiyyətlərdən biri sözün leksik mənasının geniş və hərtərəfli tədqiqata cəlb olunmasıdır.Qəzetdəki “Üzüm ağacında  zühur edən  (qarə) illətinin rəfinə əlac” adı ilə çap olunmuş elmi mövzulu yazı bu cəhətdən maraqlı görünür:”Üzüm ağacında hər il görünməkdə olan  bir xəstəlik var.Bu xəstəliyin rəfinə çoxları çalışırlar.Məzkur xəstəlik hər bir millətin lisanında  başqa bir ad iləməşhurdur.Məsələn, bizim məmləkət əhalisindən üzüm meyvəsindən  faidəbərdar olan  gürcülər oillətə  “natasari” deyirlər…bizim dildə (ğarə) deyilməklə məşhurdur.Məzkur illət üzüm ağacının yaşıl yarpaqlarında bə  budaqlarında  zühur edib, ğayətdə kiçik xal surətində görünür…” (18.04.1884, N7).

 Qəzetdəki hərbi terminlər də  ədəbi yazılı  dilimizin formalaşmasında mühüm rol oynayır.”Russkiy invalid” adlı Peterburq qəzetindən tərcümə edilmiş bir xəbər-informasiyadakı  hərbi terminlər diqqəti cəlb edir:”…saldatlığa çağırılanlar yüz toqsan bin nəfər az olmuşdur…Piyada və topçu saldatları – beş sənə, sairləri altı sənə hesabında xidmət edəcəklər”(1881-ci il, N27).

 “Ziyayi-Qafqasiyyə” qəzetində terminlərin terminlərin sinonimlərinin bəzən paralel, müvazi işlədilməsi yazının daha yaxşı başa düşülməsinə xidmət edən üsullardan biri kiminəzərdə tutulmuşdur:”Qarabağ bəyzadələrindən məktəbi-tibbiyyədə ekmali-təhsil etmiş olan təbib (doqtur) Kərim bəy Mehmandarov cənabları Qarabağ uyezdindən iqamət etdiyi mahalda həmmillətləri olan müsəlman xəstələrinə bihəməçiz ( yoxsul,kasıb-N.N. )mədavi etmək (dərman vermək//müalicə etmək-N.N.) ilə onların həqqində qayətdə iltifat və mehribançılıq ilə rəftar edir”(1883,N27).

 “Ziya” qəzetində bəzən xitablarda  müəyyən peşə,vərdiş,xasiyyət bildirən anlayışların bir sözlə yox,sərbəst söz birləşməsi ilə ifadə olunmasına da təsadüf olunur:

  ”Şuşa-Ağamirzəzadəyə(M.M.Nəvvaba-N.N.).

  Müxalif yazan şəxs,(yəni, ay Ağamirzəzadə-N.N.) məgər bilmirsən ki,adın gizlədənin sözü yazılmaz?”(1879,N46).

 Qəzetdə çar və çap məhsulları ilə ilgili materialların təqdimində  müasir terminologiya üçün məqbul sayılmasa da,o dövr üçün xarakterik olan sinonim terminlərdən istifadəyə geniş yer verilmişdir.Bu cəhətdən bir neçə nümunəyə diqqət yetirmək yerinə düşür:

                                   ”Elan

   Şeyx Sədinin “Gülüstan” kitabı İstambulda “Əxtər” qəzetəsinin çapxanəsində...nəstəliq xətti ilə  qayət əla və  pakizə çap olunubdur.Bu günlərdə bu kitablardan yaxşı cild ilə mücəllid bir neçə nüsxəidarəmizə satılmaqdan ötrü göndərilübdür”(1879,N20).

“Risaleyi-hesabiyyə”

 Məzkur isimdə tazə bir hesab kitabı (“Kəşkül”) mətbəəsi təb və nəşr eləmişdir ki, bir nüsxəsini biz  dəxi  almışıq”( 1884,N2).

 “Darülmüəllim şagirdlərindən Tiflis yolilə evlərinə gedəni mətbəə və idarəmizə gəldiklərindən bir neçə dəfə görmüşdük”(1882,N20).

Qəzetdə tibb və səhiyyəyə aid terminlərin  işlədilməsində daha çox xalq danışıq dilinin  materiallarına müraciət olunmuşdur: “Qafqaz”a yazırlar ki,Gəncdə çiçək xəstəligi olmaq münasibətilə dustaqlar xəstəxanədən başqa övə nəql  olunduqda igirmi adam qaçmışdır”(1884,N2).

 “Aprel ayının 4-mcü  gününü yadigar üçün Tiflis cəmaətinin xəstələrindən ötrü  bina olunan şəfaxanə Tiflis cəmaətinə məlum edir ki,i ki yerdə genə şəfaxanələr açub”( 1884,N3).

 Qəzetdə bəzi anlayışları ifadə edən  alınman sözlərin mötərizədə verilməsi  onların  digər sözlərdən görüntüyə görə fərqləndirilməsi həmin terminlərin  oxucuların yaddaşında daha yaxşı saxlanılmasına  xidmət edir :

  ”Millətimizdən rus (akademiya)  və (universitet)lərndə ikmali-təhsil edən müntəhilər (bitirənlər-N.N) vardır” (1882,N15).

 Qəzetdə birinci tərəfi rus mənşəli, ikinci tərəfi Avropa mənşəli sözlərdən ibarət olan terminlərdən də məqsədəmüvafiq şəkildə istifadə olunmuşdur:”Şamaxı naçalniki xəlqi cəm edibmiş ki,hərə bir qədər pul qoyub bir çastnıy bank açsınlar” (1879,N 34).Qəzetdəki  “voyennıy ferdşel    uşkolası”termini də ədəbi dilə ağırlıq gətirməyən uğurlu dil vahidi hesab olunmalıdır:”Tiflisdə olan voyennıy ferşil uşqolasından 42 nəfər çagird təhsildən qurtarıblar”(1879,N22).

“Ziya” qəzetində alınma   sənət, peşə   terminlərinin milli terminlərlə əvəz olunmasına, inadlı təşəbbüs və ciddi cəhdlər var idi.Bu cəhətdən mətbəə, litoqrafiya və kitab nəşri ilə ilgili terminlərə mütəxəssis baxışı bir çox məsələləri meydana çıxara bilər. “Ziya” qəzetində  işlənən  şrift (basmaxana hərfləri və ya basmaxana hürufatı) (1881,N30), hürufat basması; basma mürəkkəbi; hürüfat  hecaları; hürufat basmaxanasının əsbabı; basmaçılıq; mürəttib; düzməçi; nazir; müfəttiş; mücəəllid; (cildləyici,cild çəkən-N.N.); müsəhhih(korrektor,təshih edən-N.N.); hərftökən;nəşriyyat;qəzetin mündəricatı;qəzetin sahibi-imtiyazı;müsəlman hürufatı;islam qəzetəsi;basma  xətti; rəzetin təb və nəşr edilməsi; mütəəddid (coxlu, cürbəcür-  -N.N.)  qəzetə və jurnallar; qəzetin imla və lisanı(1879,N44) ; qəzetə işləri, basma elmi; əxbarnamə(1879,N45);qəzetə müştəriləri; litoqrafiya(08.02.1879,N3) kimi mətbuat və mətbəə terminlərinin çoxu bu gün də ədəbi dilimizdə işlənməkdədir.

Ədəbi dilin alınma sözlər vasitəsilə zənginləşdirilməsi dünyanın dilçilik siyasətində razılıqla qarşılanan  təcrübədir.Dünyada  ancaq öz milli sözlərindən ibarət olan yazılı ədəbi dil, demək olar ki, yoxdur. Belə bir faktı xatırlayaq ki, dünyanın ən zəngin ədəbi dillərindən biri olan rus ədəbi  dilində “er”hərfi ilə başlayan  cəmi 5-10 milli söz var: qalanları alınmadır.Alınma söz heç də  dilin kasadlığınnda irəli gəlmir.Alınma söz dövrün tələbatıdır. Məqsədəuyğun şəkildə alınma sözlərdən istifadə yolu ilə  ədəbi dilin zənginləşdirilməsi  dilçilikdə söz yaradıcılığının əsas üsul və vasitələrindən biridir. Fikrimizi əsaslandırmaq üçün “Ziya” qəzetindən  seçilmiş Şərq  alınmalı və Qərb alınmalı iki  kiçik mətn nümunəsi göstərmək istəyirik.

Sözlərinin çoxu Şərq dillərindən(əsasən ərəb dilindən) alınmış kiçik mətn

 “İnsanın əqlini və fərasətini və fəhmini və qanacağını artıran və dünya güzəranının yaxşılaşmağına  bais olan elm və mərifətdir. Təbiyəlü adam heç vəqt həqqi nahaq eləməz. Və hərgah eləsə, o surətdə biz ona elmlü   və tərbiyəlü adəm demərük”(1883,N14).

Sözlərinin çoxu rus və rus dili vasitəsilə Avropa dillərindən alınmış sözlərdən ibarət “xəbəri-rəsmilər”(rəsmi xəbərlər)

“Vyana.29 iyun.Avstriya imperatoru Frans İosif Bolqariyanın knyazına (Liyapold) nişani-mərhəmət buyurubdur” (05.06.1879,N24).

 “Vyana.26 avqust.Knyaz Bismark ilə görüşməkdən ötrü qraf Anderaşi  Qastinəyə gəlib”(23.08.1879,N31).

Maraqlıdır ki, “Ziya” qəzetində termin məsələsinə elmi münasibət də bildirilir, müəllim və təhsil sahəsinin yaradıcı rəhbərlərinə metodik göstərişlər verilirdi. Bu cəhətdən  “Ziya” qəzetinin 1880-ci ilə aid   20-27-ci nömrələrində dərc olunmuş ”Mübtədi məktəblər barəsində” risaləsində ətraflı söz açılmışdır.Təxəllüyyat (xəyala gətirmə-N.N.) məcmuu kimi düşünülmüş risalədə idarə məclisinin-redaksiya heyətinin bir neçə üzvünün fikirləri işıqlandırılmışdır.

 “Risalə”-ərəb mənşəli sözdür, 1) məktub,namə,2) kitabça,3) məcmuə mənalarını verir.     

 Səid Ünsizadənin “Mübtədi məktəblər barəsində” risaləsi  mövzusuna, qaldırılan məsələlərin vacibliyinə və həcminə görə pedaqoji ədəbiyyat nümunəsi-elmi-metodik kitabça  kimi qiymətləndirilməlidir.

 Mükalimə şəklində yazılmış risalədə  “S. əfəndi” kimi təqdim olunan  Səid Ünsizadənin fikrinə görə, yaxşı təhsil almaq  üçün bir neçə cəhətə ciddi  fikir verilməlidir:

 ”Əvvəlimci ildə tədris olunan kitablardan  biri lazımdır ki, uşaqların ata-ana dilində uşaq əqlinə müvafiq  hekayətə manənd (farsca. “bənzər”- N.N. ) fəqərə-fəqərə yazılmış  bir kitab ola ki,uşaqların öyrəndigindən  və bildigindən bəhs edə….

  İkimci, lazımdır ki, bir cild istilahat kitabı(termin kitabı-N.N.) ola ki,onda uşaqlar elmlərin adları  və həman elmlərin  təriqi və mənfəəti və insana  lazım olmaqları və həman elmlərdə müstələh(termin N.N.)- olan  bəzi kəlmələr  və onların mənaları  dəxi təlim oluna…Hər bir elmlərin adlarını  və tərifini təlim edəndən sonra  həman elmlərin istilahatından dəxi təlim etməgə başlayalar”.

 Müəllif bu istiqamətdə görülməsi zəruri olan məsələlər  barədə   açdığı söhbəti cəmiyyətdə müəllimin aparıcı roluna yönəldir və maraqlı mülahizələrini  müəllimlərə inamla qurtarır:

 ”Lazımdır ki,müəllimlər qabiiliyyətli olub, sühulət ( asanlıq-N.N.)  təlim yoluna dəxi aşina olmuş olalar.

 Aşkardır ki, müəllimlər qabiliyyətli olmasa, heç bir yerdə iş irəli gedə bilməz”.

              Resume

The article is about the derivative terms taken  from Russian and European languages used in “Ziya” (“Ziyayi-Qafqasiyye”)- (1879-1884 years)  newspaper.

Ədəbiyyat siyahısı

1.Axundov Nazim. Azərbaycanda dövri mətbuat.Bakı,1965. səh.44. 2.SSRİ MDTA, F. 776,siyahı 12. iş 82,vərəq 1.

3.”Ziya”(“Ziyayi-Qafqasiyyə”) (1879-1884-cü illər) qəzetinin nömrələri. 4.Zeynalov A.R. Azərbaycan Dövri mətbuatının ekspozisiyada əksi. ( I. “Ziya” qəzeti haqqında qeydlər).Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Muzeyinin

      Əsərləri ,III cild, Bakı,1968, səh.45-73.. 5.Nazim Nəsrəddinov. “Ziya”qəzetində işlənən bəzi terminlər haqqında. Azərbaycan SSR Elmlər Akademiyası aspirantlarının elmi konfransının materialları,

        Bakı,1977,  səh.308-314. 6. Nazim Nəsrəddinov.  “Ziya”nın fransız müxbiri,”Novruz” qəzeti,    “№16. 7.Nazim Nəsrəddinov.    Afərin o şəxslərə ki…”Sənətkar” jurnalı, Bakı, 2009, №1. 8.Nazim Nəsrəddinov.  “Ziya”-135. “Ayna” qəzeti ,21.01.2014. 9. Nəsrəddinov N.B.    M.Ə.Sabir və S.Ünsizadə. “Ziya” qəzeti, 27.04.1992, №8.

10. Nəsrəddinov N.B.  Siz kimsiniz, Müsyö Berje?

        “Ana sözü” jurnalı,1993, № 3.                                   

 11.Nasreddinov N.B.  “Ziyayi -Kafkasiye” qazetesi, 23 Ocak, 2014,

        “ Halduncezayirlioğlu KOLEKSİYONU”,  Ankara.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının Azərbaycan dili və ədəbiyyatı müəllimi,

Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının bölmə üzvü,

TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti,

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi.

Qəbələ, Vəndam kəndi.

11.08.2014-15.08.2014

 
bottom of page