top of page

Hüseyin Cavid


Azərbaycan-Türkiyə ədəbi əlaqələri

Türkiyədə dərs alan  azərbaycanlı söz ustası

və yaxud

Türkiyədə az tanınan Azərbaycan Şekspiri

Hüseyn Molla Abdulla oğlu Rasizadə 1882–ci il oktyabrın 24-də Naxçıvanda anadan olmuşdur. Adi Şərq ailəsində böyümüş, ilk təhsilini mollaxanada almış, bir müddətdən sonra isə  Məhəmməd Tağı Sidqi kimi görkəmli ziyalının Naxçıvanda açdığı  yeni üsullu məktəbində oxumuşdur.

Mollaxana sözü sovet dövründə çoxlarını qorxudur, bu tipli məktəblərin niyyətini başa düşən də, düşməyən də onu pisləyirdi.Mən həmişə bu fikirdə olmuşam ki, dil öyrənmək cəhətindən mollaxanaların ənənəvi tədris üsulu hələ yaxşı öyrənilməyib.Mollaxanalarda 3-4 ilin ərzində ana dili ilə yanaşı,ərəb və fars dilləri şeir yazmaq dərəcəsində öyrədilirdisə, bunun nəyi pisdir? O ki qaldı Hüseyn Rasizadənin yeni üsullu məktəbdə oxumasına, burada Rusiya təbəələri üçün çox vacib olan rus dilinin  də öyrədilməsi  unudulmamalıdır. XIX əsrin görkəmli şairi və pedaqoqu Seyid Əzim Şirvani  “qızım, sənə deyirəm,  gəlinim, eşit”  eyhamı ilə yazırdı:

Ey oğul, hər lisanə ol rağib,

Xassə ol rus elminə talib.

Bunlara ehtiyacımız çoxdur,

Bilməsək dil,əlacımız yoxdur.

Molla Abdulla da  məhz  “əlacı olmadığı üçün ” oğlunun rus dilini  bilməsini də   vacib hesab edir, bu dili bilməklə onun yaşadığı cəmiyyətdə mötəbər yer tutacağına inanırdı.  (Yerı gəlmişkən qeyd edək ki, Molla  Abdulla  1879-1884- cü  illərdə Tiflisdə  S.Ünsizadənin başçılığı ilə  Azərbaycan dilində nəşr olunan  “Ziya” və “Ziyayi-Qafqasiyyə”  qəzetlərinin təəssübkeşi və fəal müxbirlərindən biri idi.)

İndi cəmiyyətdə   məktəbi qurtarandan sonra yaxın əqidə  dostu kimi  öz müəllimləri ilə məktublaşan şagirdlər, demək olar ki, yoxdur.

XIX əsrin sonlarında, XX əsrin əvvəllərində isə bu, bir növ mədəniyyət nümunəsi sayılırdı. “Əkinçi” qəzetinin   (1875-1877) redaktoru H.Zərdabi Məlikovun Moskvada oxuyan şagirdlərindən aldığı məktublar, eləcə də Hüseyn Rasizadənin Təbrizdən   M.T.Sidqiyə göndərdiyi  işgüzar və dostluq  namələri  ədəbiyyat  və mədəniyyət  tariximizi öyrənmək baxımından  bu gün də çox maraqlı görünür.

Nə isə…

Hüseyn M.T.Sidqinin məktəbini bitirəndən sonra rusdilli ali elm ocaqlarına yox, oxumaq üçün Naxçıvana daha yaxın olan Təbrizə yola düşür. Onun böyük qardaşı burada təhsil alırdı. Hüseyn  Təbrizdəki “Talibiyyə” mədrəsəsinə daxil olur. Bu faktın özü Hüseynin mollaxanada yaxşı təhsil aldığını, ərəb və fars dillərini “Talibiyyə” mədrəsəsi üçün  məqbul  olan  dərəcədə bilməsini göstərir. Təəssüf ki, H.Rasizadə  “Talıbiyyə”də oxuya bilmir: göz xəstəliyi  buna imkan vermir. O, bir müddət  burada xalçafüruşluq ilə məşğul olur, müəllimi  M.T.Sidqi ilə mütəmadi olaraq məktublaşır, onunla qəzet və kitab mübadiləsi edir.

H.Rasizadə 1904-cü ilin yanvarında unudulmaz müəllimi M.T.Sidqinin ölüm xəbərini eşidir.Yanvarın 23-də Urmiyədən Tiflisə- “Şərqi-Rus” qəzetinə   farsca yazdığı matəm qəsidəsini göndərir:

Ze cahan rəft həzrəti-Sidqi,

Səd  həzaran driq , sədəfsus…

(Həzrəti Sidqi dünyadan getdi,

Yüz min dəfə hayıf,yüz əfsus…)

1904-cü ilin iyul ayında  H.Rasizadə artıq Naxçıvanda idi. O, buradan  Tiflisə-“Şərqi-Rus” qəzetinə  keçmiş günlərin həsrəti ilə dolu olan bir şeirini göndərir:

Xoş ol zəmani  ki, gülşəni-elmə bahar idi,

Gülzari-ədəb nə əcəb  laləzar idi…

H.Rasizadə Təbrizdən qayıtdıqdan sonra  bir müddət Naxçıvanda və Gürcüstanda ticarətlə məşğul olmuşdur.       A.Talıbzadənin yazdığına görə,  H.Rasizadə 1905- ci ildə işlədiyi böyük sərmayəsi olan şirkətin İstanbul şöbəsinə  göndərilir və burada  işləməyindən istifadə edərək gözlərini də müalicə etdirir. Tədqiqatçı  Azər Turanın 28 oktyabr 2012-ci ildə”Speays” televiziyasının müxbiri ilə müsahibəsində isə Hüsyn Rasizadənin istanbula gəlişi  İ.Qaspralı ilə əlaqələndirilir. Guya (mənbə göstərilmədiyinə görə  bu deyimə şübhə edirəm-N.N.) İsmayıl bəy Qaspralı İstanbulda olarkən Tofiq Fikrətlə söhbət zamanı  Rusiyada yaşayan bir qrup  türkdilli gənci  onun məktəbində   oxumaq üçün  İstanbula göndərilməsini göndərilməsini  dostundan  xahiş etmişdir. Hüseyn  Rasizadə  də  məhz bu yolla İstanbula oxumağa getmişdir.

H.Rasizadə 1906-cı il aprelin 19-da İstanbuldan  həmyerlisi  Qurbanəli  Şərifova  yazdığı məktubda vaporla  əvvəlcə Trabzona, 36 saatdan sonra isə İstanbul boğazına daxil olduqlarını yazır.

H,Rasizadə 1906-cı il iyunun  21-də Naxçıvana -Məşədi Qurbanəli Şərifovva göndərdiyi  digər məktubda  İstanbuldakı fəaliyyətindən söz açır: “Bir iş  və ticarət nəzərdə tutmuşam ki, gündə altı saat  itirsəm, fəqət sonra  həm osmanlı üsulunca, həm də fransızca …təhsil  edim…”

1906-cı ilin avqust ayının  30-da Bakıda çıxan “İrşad” qəzeti yazırdı :” İkmalı- təhsil üçünBakı müsəlmanlarının  ezam etdikləri zəvat  İstanbula varid oldu…Bunlardan beşi  Bakıdan, biri  Naxçıvandan, biri də Gəncədən göndərilmişdir”.   Əhməd bəy Ağayevin redaktorluq etdiyi  “İrşad” qəzetinin 4 sentyabr 1906-cı il tarixli nömrəsində Rusiyadan İstanbula oxumağa gəlmiş tələbələrin Sultan Əbdülhəmidə göndərdikləri  məktubun mətni  dərc edilmişdir.  Məktubu imzalayanların  ad  və soyadları siyahısında  Hüseyn Rasizadənin ad və soyadının olmaması diqqəti cəlb edir .  Bu faktdan belə qənaətə gəlmək olar ki, Hüseyn Rasizadə  İctanbula  hökumət xətti ilə yox,  işlədiyi şirkətin zəmanəti  ilə gəlmişdir. Çöx təəssüf ki, Azərbaycan tədqiqatçıları Türkiyə arxivlərində H.Rasizadənin  təhsillə bağlı  tələbəlik fəaliyyətindən  o  qədər  də xəbərdar   deyillər. Hər halda H.Rasizadənin Türkiyədə yaşadığı illərdə   ölkənin  ədəbi, ictimai-siyasi həyatında  böyük , yaddaqalan  işlər görülürdü.Türkiyədə  insanları düşündürən bir çox məsələlərə  mətbuatda   ciddi önəm verilir, publisistikanın inkişafı ədəbi düşüncələri üstələyirdi. Ezop maneralı yazılar dünyanın bir sıra ölkələrinə ayaq açırdı.  Belə ziddiyyətli, ezop maneralı, İsmayıl bəy Qaspralının təbirincə desək, “üstü örtük yazılar”  indi Hüseyn  Cavid kimi məşhur olan Hüseyn Rasizadəni,   onun  əqidə və məslək  dostlarını  yeni  dövrün tələbi ilə düşünməyə məcbur edirdi.

Bakıda çap olunan “İttifaq” qəzetinin 1909-cu il mayın 14-də  H.Rasizadənin   “Hüseyn Cavid” təxəllüİsü il dərc olunmuş  “Son bahar” şeirindəki  imzasına  görə   onun  İstanbul  Darülfünunun ədəbiyyat şöbəsində oxuduğunu  öyrənirik.

Hüseyn Cavid  1906-cı il iyunun 14-də Naxçıvana – həyatda ona  həmişə doğru yol göstərən Qurbanəli Şərifova İstanbuldakı son günləri haqqında məlumat verir , vətənə qayıtdıqdan sonra görəcəyi işlərdən şövqlə söhbət

açırdı: “İndi əsas məqsəd  Vətənə xidmət, həm də layiqincə xidmət etməkdir.

Mənim düşündüyüm , qazanc-ziyan,  : iki il evlənməmək, hər gün 4-5 saat oxumaq, 2-3 saat rusca  çalışmaq…Nə bir qəpik artırmaq, nə bir qəpik borclu qalmaq…”

H.Cavidin   İstanbulda yazdığı  şeirləri  əsasən “Siratül- müstəqim” jurnalında çap etdirirdi. Onun bu jurnaldakı əsas təxəllüsü  “Qafqasiyalı Hüseyn Cavid” idi.

Hüseyn Rasizadə 1909-cu ildə İstanbuldan   doğulduğu şəhərə   qayıdır, inandığı və güvəndiyi dostların köməyi ilə

əvvəlcə Naxçıvanda, sonralar isə Gəngədə və Tiflisdə nüfuzlu təhsil ocaqlarında müəllim işləyir. 1919-cu ildəBakıda Dövlət Universiteti yaradılanda  burada işləməyə dəvət olunur.

Universitetə müəllim kimi işləməyə dəvət olunanda  H.Cavid artıq iki şeir kitabının müəllifi idi. İlk  24 səhifəlik  kitabı 1913-cü ildə Tiflisdə yaxın dostu  İsmayıl Həqqinin  “Şərq” adı ilə tanınan mətbəəsində çap edilmışdi.1918-ci ildə çap olunan ikinci kitabı-“Bahar şəbnəmləri ”  də müəllifə böyük uğur gətirmişdi.

Türk dilli oxucular Hüseyn Cavidi artıq həm də dramaturq kimi tanıyırdılar. Onun 1910-cu ildə-Türkiyədən qayıdandan bir il sonra yazdığı bir pərdəli “Ana” adlı mənzum dramı C.Məmmədquluzadənin  “Çay dəstgahı” (1889) adlı alleqorik uşaq dramından sonra Azərbaycan ədəbiyyatında nəzmlə yayazılmış ilk uğurlu səhnə əsəri sayılır.

H.Cavid 1912-ci ildə “Maral” adlı mənsur faciəsini yazır. 1912-1914–cü illərdə yazılmış “Şeyx Sənan”  faciəsində  saf və təmiz sevgiyə mane olan dini ayrıseçkilik məsələlərinin tənqidi  ön plana çəkilmişdir. Dramaturqun “İblis” mənzum faciəsində  imperialist  müharıbələri ifşa olunur.

H.Cavidi  yaxşı tanıtmaq üçün onun, yazılma  tarixinə  görə bəzi əsərlərinin xronoloji  siyahısını  oxucuların diqqətinə çatdırırıq.

1910-cu il…. ….            “Ana”,1 pərdəli  mənzum dram

1912-ci il………………… “Maral”,4 pərdəli mənsur faciə

1912-1914-cü illər  . .”Şeyx Sənan”, 4 pərdəli mənzum faciə

1913- cü il……… …       “Şeyda”, 5 pərdəli mənsur  faciə

1917-ci il                      “Uçurum “, 4 pərdəli mənzum faciə,mövzusu  İstanbul həyatındandır.

1918-ci il…….               “İblis”, 4 pərdəli mənzum faciə,əsas qəhrəmanların çoxu İstanbul əhlidir.

1921-ci il   .                   “Afət”,4  pərdəli mənsur faciə

1923-cü il……………      “Peyğəmbər”,4 pərdəli  mənzum pyes (leze-dram)

1925-ci il…………….      “Topal Teymur”,5 pərdəli mənsur pyes

1926-cı il………………….””Azər” poemacı(poemanın bəzi hissələri heca, bəzi hissələri isə əruz vəznində yazılmışdır)

1928-1929-cu illər……”Knyaz”,5 pərdəli mənzum faciə

1932-ci il………………….”Səyavuş”,5 pərdəli mənzum faciə

1935-ci il …………………”Xəyyam”,6 pərdəli mənzum pyes

1953-cü ildə İstanbulda  Mustafa Həqqi Türkəqulun  “Azərbaycan türk şairi Hüseyn Cavid ” kitabı çap olunmuşdur.Təəssüf ki, bu  nadir kitabı vərəqləmək bizə müyəssər olmamışdır.

İnanırıq ki,Türkiyənin arxiv və kitabxanalarında Hüsyn Cavidin ədəbi irsi ilə ilgili çoxlu materiallar vardır. Onları arayıb axtarmaq , nəşr etmək,  “Azərbaycan Şekspiri”ni dünyaya tanıtmaq, Azərbaycan-Türkiyə ədəbi əlaqələrini daha dərindən öyrənmək  hamımızın müqəddəs borcu olmalıdır.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar  müəllimi,

Bakıdakı Avropa Azərbaycan Məktəbinin kafedra müdiri.

28.10.2012-ci il.

İstifadə olunmuş ədəbiyyat

1.Qulam Nəmmədli.  Cavid-ömrü boyu(həyatı və yaradıcılıq salnaməsi).Bakı,1982.

2.Kamran Əliyev. Hüseyn Cavid:həyatı və yaradıcılığı.Bakı, “Elm”-2008.

3.”Ziya” qəzeti. 1879-1880-cı ıllər.

4.”Ziyayi-Qafqasiyyə” qəzeti. 1880

bottom of page