top of page

Darüşşafaka’nın 140 Yaşındaki Mezunu

Darüşşəfəqə”in  140 yaşlı məzunu  və yaxud

“Molla Nəsrəddin”in molla müxbirlərindən biri- Ömər Faiq Nemanzadə

“Darüşşəfəqə” türk təhsil sistemində  öz zəmanəsinin yeni məktəblərindən biridir.1873-cü ildə, haqqında bəhs edəcəyimiz  Ömər  ağa  Nayman oğlu  işıqlı dünyaya gələndən bir neçə ay sonra, 28 haziran 1873-cü ildə İstanbulda  yaradılmışdır. Məccani (pulsuz-parasız) karma (oğlan və qızların bir yerdə oxuduqları-N.N.) təhsil qurumudur. “Darüşşəfəqə” sözü “şəfqət  yuvası” mənasındadır. Ata və anası  həyatdan köçən , ağır şəraitdə yaşayan uşaqların təhsilə cəlb olunmaları, yaxşı vətəndaş kimi yetişmələri üçün yaradılmışdır.       Məktəbin ilk  buraxılışı  1881-ci ildə  olmuşdur.  İlk  məzunların çoxu   Teleqraf və poçt nazirliyində işləmişdir.  Sonralar bu təhsil ocağının  bölümlərinin sayı artırılmış, tədris isinin  ingilis dilində  aparılmasına üstünlük verilmişdir.


“Darüşşəfəqə”in   ilk  illərinin  məzunlarından biri də Azərbaycan oxucularının orta məktəb dərsliklərindən ,  “Molla Nəsrəddin” jurnalından yaxşı tanıdıqları   Ömər Faiq  Nemanzadədir.

Ömər ağa  Naaman   ağa oğlu  milliyətcə məshəti türküdür. O, 1872–ci ildə Gürcüstanın Axalsiq  uyezdinin  Azqur kəndində anadan olmuşdur.

Ömər ağa ilk təhsilini kəndlərindəki mollaxanada kənd mollasından almış, sonralar bir müddət rus dilli məktəbda oxumuşdur.  Anası oğlunu molla görmək istəyirdi, ata isə buna razı olmurdu.  Ömər ağanın  anası  bir gün  ərinin səfərdə olmağından istifadə edərək, oğlunun molla olmasına rəğmən onu öz qardaşı Osman əfəndi ilə  ilə birlikdə İstanbula -mədrəsə təhsili almağa göndərmişdir.

Ömər Faiq Nemanzadə sonralar bu səfəri belə izah etmişdir:”Anam atamdan xəbərsiz məni İstanbula hazırlayırdı.Atam isə əsla razı olmurdu.Ona görə evimizdə   uzun-uzadı durğunluq, soyuqluq yaranmışdı,  anam atamdan,atam isə hamımızdan küsmüşdü.  Axırda anamın bəxti gətirdi.  Atam azarlı bacısını görmək üçün Qoki kəndinə getdi. Anam  daha fürsəti əldən qaçırmadı.  Məni tez hazırlayıb,   qardaşı  Qsman əfəndi ilə İstambula yola saldı”.

Ömər Azqurdan Batuma,Batumdan Avstriya gəmisilə İstanbula  gəlir. O, 3-4 gündən sonra–15 avqust 1882-ci ildə   İstanbuldan anasına  məktub göndərir:

” Anacan, İstanbul çox böyük və gözəl şəhər…Hələ ulu  cameləri görsən, nə qədər xoş və nə qədər bəzəkli…Cameyə namaz qılmağa gedəndə sən hər gün yadıma  gəlirsən. Dayım hər gün cameyə  dərsə gedir. O gedəndə mən odada yalqız qalıram.Sənə,bacıma,qardaşlarıma, qohumlarıma çox həsrətləndim.Gələndə atamla  görüşməməyim , hələ ondan izinsiz gəlməyim heç ürəyimdən çıxmır.

Oğlun Ömər.

İstambul,15 avqust 1882″.

Ömər İstanbulda bir müddət Fateh mədrəsəsinin tələbəsi olan dayısı Osmandan dərs alır, lakin dayının ərəb dilində dediyi dərslər çətinliyinə görə bacıoğlunu darıxdırır.

Qonşuluqda  yerləşən “Darüşşəfəqə” məktəbinin tələbələrinin təhsil  həyatı əyalətdən gələn gənci özünə daha çox cəlb edir.Məktəb müdirinin təkidi ilə Ömər “Darüşşəfəqə”də  oxumaq arzusunu dayısı Ocman əfəndiyə bildirir.Dayı məktəb müdirinin yanına gedir. Müdir Ömərin marağını alqışlayaraq deyir:  “…Əfəndi, yegeniniz ( bacı oğlunuz-N.N.) burada oxumaq istəyir, razı olsanız, qafqazlı və yetim olmasına görə (Ömər əslində hələ yetim deyildi,atasınin ölümünə hələ bir neçə il qalırdı-N.N.) qəbul edəriz.

Dayısı  bir qədər tərəddüddən sonra razılaşır: “Bəy əfəndim, yegənim İstanbulda mədrəsədə oxumaq, molla olmaq üçün göndərilmişdir. Amma mədrəsədə oxumağa heç həvəsi yox… Buyurursunuz burada oxusun,mən də  əhvalatı məmləkətə yazaram”.

Beləliklə, atanın  da   arzusu  baş tutur:  oğlu molla yox, dövlət qulluqçusu olacaqdır. Ata 1887-ci ildə vəfat edir. Ömər atasının ölüm xəbəririni alandan sonra anasına yazır:

”  Atamın ölümü məni ölü halına qoydu.Gözlərim qaralmış,ürəyim sönmüş, beynim donmuş kimidir”.

Ömər  ağa 1891-ci ildə “Darülşəffəqə”ni bitirib, “Avropa ilə doğrudan doğruya  əlaqədə bulunan  Qalata poçt və teleqrafxanasının “Mövrid”  şöbəsinə məmur vəzifəsinə təyin edilir. Burada əsas vəzifəsi Avropadan gələn poçt və  teleqrafları qəbul etmək idi. Ömər Faiq burada Avropadan gələn  qəzet və jurnalları da oxumaq  səadətinə nəsib olur. Sonralar onun bu marağına qadağa qoyulur,  o,  ” mətbuatdan bir neçəsini hər  iş gününün sonunda   qoynunda gizlədir, gecə evdə oxuyur, səhər gedib yeni gəlmiş  kimi müdirə verir”.

Qalatada xidmət etdiyi ilin axırında bayram tədbirlərinin birində Nazir Paşaya yaxşı  təzim etmədiyinə görə   Ömər ağanın  xidməti işini dəyişirlər; o, Avropa mətbuatı ilə tanışlıqdan uzaq düşür, xəfiyyələrin nəzarəti altina alındığını hiss edir.

Ömər  ağa  tədricən inqilabi fəaliyyətini gücləndirir, Avropadakı gənc türklərlə əlaqə yaratmağa  can atır, tutulmaq qorxusu hiss edəndə çətinliklə də olsa,  1893-cü ilin mayında  vətənə qayıtmağa nail olur.

Ömər  ağa Tiflisdə müəllimlik etmək fikrinə düşür. Lakin prixod mollası və müəllimlik attestatı olmadığı üçün  bu iş   gözlədiyindən çətin olur. Yaxşı tanıdığı  şəkili alverçilərin məsləhəti ilə Şəkiyə gedib, orada müəllimlik etmək qərarına gəlir.Görünür, “attestat məsələsi” burada da  nəzərə alınırmış. Kənd məktəbində belə, müəllim işləmək istəyən hər bir iddiaçının  Zaqafqaziya Ruhani İdarələrinin birindən imtahan yolu ilə  PRİXOD MOLLASI VƏ MÜƏLLİM kağızı -attestat almaq  zərurəti lazım  bilinir. Molla olmaq istəməyən  Ömər ağa Naaman oğlu  1895-ci il sentyabrın  4-də  Tiflis – Kutaisi Quberniyası  Sünni Məclisi İdarəsinə ərizə ilə müraciət edir.

Ömər  ağa Naaman oğlunun  Tiflis-Kutaisi  Sünni Məclisi İdarəsində 9 sentyabr 1895-ci ildə  verdiyi imtahanın protokolundan məlum olur ki, o, prixod  mollası və müəllimlik rütbəsi üçün  verdiyi ərizəsinə  doğum şəhadətnaməsi (N 170) , əxlaq və mənsəb şəhadətnaməsi (N 1913) əlavə etmiş, bir neçə fənn üzrə sinaqdan keçmişdir.  Ömər ağa  sünni məzhəbinin ehkamının əsaslarından “çox yaxşı”, meyit namazı – telfin (dəfn-N.N.)  və təlqindən “yaxşı” qiymət almışdır.

Maraqlıdır ki,Ömər ağa  “müəllimlikdən, yəni  türk və fars dilini bilməkdə və bu dillərdə  oxuduğunu  təqrif  (başa salmaq) və bəyan etməyə qadir  olmaqdan ” “əla” qiymətə layiq görülmüşdür. Ona metodikadan da “əla” qiymət  verilmişdir.

Ömər ağanın  QURANI  qayda ilə oxuması,”məscid mollalığı”, yəni “bilümum”(ümumiyyətlə-N.N.)  namaz və duanın  hər bir üsul və qəvaidini bilməkdə  “göstərdiyi  biliklər  “yaxşı” qiymətləndirilmişdir. O təkcə nikah və təlaq, süd və qan qohumluğunu qiymətləndirmək bacarığından “kafi” qiymət almışdır.

Ömər ağa siyahı üzrə ən axırıncı fəndən-“prixoda dair hesab və kitabı türk dilində tutmaqdan  və yazmaqdan  da   “əla”  qiymət almışdır.

9 nəfərlik imtahan komissiyası Ömər ağa Naaman  oğlunun  sınaqdan uğurla keçdiyini əsas tutaraq, onun imtahan sənədlərini  baxılmaq və  təsdiq üçün Tiflisə-Zaqafqaziya müftisi və Zaqafqaziya Əhli-Təsənni İdarəsinin  sədri  Hüseyn Əfəndi Qayıbov  həzrətlərinə göndərir.

1895-ci il sentyabrın 30-da  H.Ə.Qayıbov və idarə üzvlərindən Əbdülrəşid Əfəndi Həsənzadə və Əluəddin Əfəndi Sübhanqulovun, katib Abbas ağa Qayıbovun  imzası ilə  Ömər afa Naaman oğluna prixod  mollası və müəllimlik  rütbəsinə aid  1154 nömrəli   ATTESTAT   verilir.

Ömər  ağa məhz bundan sonra , yəni 1895- ci ilin payızından müəllimliyə başlayır. Onun 1936- ci ildə yazdığı “Xatirələr”inki  “müəllimlik fəaliyyətinə 1894-cü ilin payızında başlaması” qoca vaxtında  yazılmış xatirələrin səhvi kimi başa düşülməlidir.

***

Ömər ağanın  Ömər Faiq Nemanzadə  olmasına  – “Şərqi-Rus”(1903-1905) qəzetindəki fəaliyyətinə hələ 8  il qalırdı.  O ki qaldı mollalığa,  onun mollalığı  “Molla Nəsrəddin”dən başlamışdır : Ömər Faiq Nemanzadə “Molla Nəsrəddin” jurnalının attestatlı ilk mollası idi.

Ö.F.Nemanzadə “Molla Nəsrəddin”in  rus attestatlı redaktoru Cəlil Məmmədquliyev  və bu jurnalın  müsəlman  attestatlı molları ilə – Ə.Haqverdiyev, M.Ə.Sabir Tahirzadə ilə   bir neçə il  səmərəli fəaliyyət göstərmiş, səmimi dostluq və qardaşlıq  münasibətində olmuşdur.

Türk dünyasının işıqlı adamlarından biri olan Ömər Faiq Nemanzadə kimi tanıdığımız  türk ziyalısının 140 yaşını  təntənəli şəkildə keçirmək, onu  müəllim və yazarlara yaxşı tanıtmaq üçün yüksək səviyyədə elmi-praktik konfrans keçirmək, fəal jurnalist və şərqşünas tələbələrə onun adını daşıyan təqaüdün  verilməsi   elmi-pedaqoji ictimaiyyəti ciddi düşündürməlidir.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü ,

TQDK-nın eksperti,

Avropa Azərbaycan Məktəbinin kafedra müdirı.

05.05.2013-cü il.

bottom of page