top of page

Azerbaycan Çocuk Dergisi: Debistan

Azərbaycan   uşaq mətbuatının    “Dəbistan”dan başlanan  daşlı-kəsəkli yolu və yaxud ucalan mərtəbələr  ***

( Yazı  Türkiyəli dostum Haldun Cezayirlioğlunun  “Çocuk Sesi”  Dergisinin təsiri ilə yazılmışdır)

     Azərbaycan uşaq ədəbiyyatının tarixi lap qədimlərə gedib çıxsa da,  uşaq mətbuatının tarixi  1906-cı il  aprel ayının  16-dan başlayır. Həmin gün Bakıda  “Dəbistan” adlı uşaq dərgisinin ilk nömrəsi çap edilərək oxuculara ünvanlanmışdır. Üç il ərzində(1906-1908) dərginin  27 nömrəsi çap edilmişdir. 1907-ci ildə  “Dəbistan”ın   8 nömrəsi  çıxmışdır.1908-ci ildə  cəmi bir nömrəsi çıxan   “Dəbistan”  – 1907-ci il noyabrın  28-də Bakıda vəfat etmiş görkəmli təbiətşünas alim,1875-1877-ci illərdə “Əkinçi” adlı qəzetin redaktoru, “Dəbistan”ın fəal müxbiri   Həsən bəy Zərdabinin xatirəsinə həsr edilmişdir. “Dəbistan”ın naşir və redaktorları  Azərbaycanın məktəb tarixində özünəməxsus yeri olan ibtidai sinif müəllimləri  Əliisgəndər  Cəfərzadə (1875-1941) və  Məhəmmədhəsən Əfəndizadə (1886-1918) idi. Bir müddətdən  sonra naşir və redaktorluq  işini Ə.Cəfərzadə təkbaşına görmüşdür.   “Dəbistan”ın ətrafına bir çox  ziyalı adamların ,  məktəb  müəllimlərinin toplanması  bu mətbu orqanı aydınların tribunasına çevirmişdir. H.Zərdabi,S.M.Qənizadə,S.S.Axundov, A.Səhhət, M.Hadi kimi görkəmli işıqlı fikir adamlarının “Dəbistan”dakkı çıxışları dərginin əhəmiyyətini  xeyli artırmışdır. M.Ə.Sabir   ” Dəbistan”da  çıxış etməsə də, onun  nəşrinin dayandırılmasından narahatlığını   “Molla Nəsrəddin” jurnalının  29 iyul 1907-ci il tarixli 28-ci nömrəsində  dərc etdirdiyi  “Əlminnətü-lillah ki,”Dəbistan” da qapandı” şeirində – 7 beytlik  qəzəlində özünəməxsus  rümuzlarla  belə bildirmişdir:

“Meydani-rəqabətdə bizim himmətimizdən Dəva qapanıb Rüstəmi-dastan da qapandı! * Ətfali -vətən qoy bağırıb ölsün acından Yandı analar sinəsi, püstan da qapandı! * Qoy köhnələrin daş ürəyi gül tək açılsın, Darüzzəfəri-tazəpərəstan da qapandı! * Maraqlıdır ki, M.Ə.Sabir  bu şeirin dərcindən təxminən  bir ay yarım əvvəl – “Molla Nəsrəddin” jurnalının  8 iyun 1907-ci il  tarixli 25-ci nömrəsində”Ədəbiyyat” başlığı altında  10 beytlik  “…ölübə”  rədifli qəzəlini  çap etdirmişdir. Məzmun , nüktə  və rümuzlarına görə bu şeirin  də iyunun 4-dən sonra  qapadılan “Dəbistan”a aid olmasını düşünmək olar. Cəlil Məmmədquluzadənin jurnalın elə bu nömrəsində yerləşdirdiyi “Dəbistan” felyetonu da bu ehtimalı gücləndirir. “Dedim-Dedin” şəklində yazılmış bu felyetondan   bir hissəni oxucuların diqqətinə  çatdırırıq:

“Necədir,dadaş? İndi gəldin mənim sözümə? İndi bu qoca Mollanın qədrini bilərsən? Bir il bundan qabaq  sən başlayırdın “Dəbistan” jurnalı çıxartmağa və məndən  məsləhət soruşdun.Yadındadır, mən sənə nə dedim? Yoxsa yadından çıxıb? Qoy yadına salım: Mən sənə dedim “dəli olma”. Sən dedin “yox, “Dəbistan”çıxardacağam”. Mən sənə dedim   “başına soyuq dəyib”. Sən dedin,  ” yox  ,  çıxadacağam”. Mən sənə dedim ki, “görükür ki,  çox puln var”. Sən dedin ki, “yox, çıxardacağam”. Cəlil Məmməquluzadə redaktorun bu inadkarlığı xatıtlatmaqla, onun düzgün yolda olduğunu oxuculara Ezop manerası ilə başa salmaq istəyirdi. “Qızım, sənə deyirəm, gəlinim , eşit”  deyimi  burada əsl həqiqəti üzə çıxarır: “Dəbistan” maarif və elm fədailərinin qaranlıq yollarını işıqlandırır.

“Dəbistan”  başlığı altında – onun  iki həftədə bir dəfə nəşr olunan , millətin tərəqqi və təkamülünə xidmət edən müsəvvər (şəkilli-N.N  )jurnal olduğu bəyan edilmişdir.  Jurnalın idarəxanəsi  Hacı Zeynalabdin Tağıyevin Bakıda Nikolayev küçəsindəki binasında   yerləşirdi. Jurnalın oxuculara ünvanlanan , ön söz sayıla bilən sütununda  “göndərilən yazıların  sadə türkcə olmaları təmənna olunur”.Bu xahiş və göstərişə  “Dəbistan”ın , demək olar ki,  bütün yazarları əməl etmişlər.

Jurnalın üz qabığında  üç rəsm əsəri kollaj edilmişdir. Rəsmlərin ikisində  rəsm müəllifilərinin adına işarə vardır.        Adını hələ  aça bilmədiyimiz    P.M. və V.S kriptoqramları şəkillərdə  ( burada  ad və soyadlarının baş hərfi )  aydın görünür. Bu rəssamlardan  birinin  çəkdiyi   şəkillərin birində  məscidin önündən keçərək  nəvəsini  məktəbə aparan nurani  bir qoca ilə   qoltuğunda dəftəri olan nəvəni görürük. İkinci şəkildə  yeni məktəbə aid atributlar göstərilir.  İki rəsmin ortasnda üfüqdən boylanan günəş və onun ərtafa saçdığı şüalar, bu şüaları örtməyə, qarşısını kəsməyə qüdrəti çatmayan buludların təəssürat yaratmağa xidmət edən gürüntüləri verilmişdir. Jurnalın  nömrələrindəki    səhifələrin sayı  fərqlidir. Hər səhifə iki sütuna bölünmüş, hər sütunda 30 sətirlik material  yerləşdirilmişdir. “Dəbistan”ın  hər nömrəsinin sonunda  dərc olunan materiallarin içindəki çətin sözlərin lüğəti verilmişdir.Bu səhifənin müəllifi  jurnalın redaktoru Əliisgəndər Cəfərzadə idi .  O,  imza kimi adını təşkil edən sözlərin baş hərflərindən istifadə edirdi. “Dəbistan”ın hər ay  8 səhifəlik əlavəsi   çıxırdı. Əlavələrdə  ayrı-ayrı siniflər  üzrə müəllimlərə metodiki göstərişlər verilir, dərs cədvəllərinin tərtibi qaydaları izah olunurdu. Bu cəhətdən  “Dəbistan”ın   əlavələrdən biri–15 sntyabr 1906-ci ilə aid   “Valideynə məxsus vərəqə”si  diqqəti cəlb edir. “Əlavə”dəki materiallardan  biri  1906-cil  avqust ayının  15-dən  ayın  axırınadək davam edən “Müəllimlər ictimaisi”ndə ( Avqust müşavirələrində -N.N.) edadi ( orta məktəb-N.N.),rüşdiyyə (ibtidai məktəblə orta məktəb arasında olan məktəb ) və dörd illik  məktəblər üçün tərtib olunan məramnamələrin çap variantıdır. Siniflər üzrə tərtiç olunmuş məramnamələr valideyn-məktəb münasibətlərinin  əlaqələndirməsi  baxımından maraqlı görünür. Oxucuların diqqətini  ” Türk dilinin məramnaməsi ” başlıqlı  materiallara yönəldirik : Birinci sinif 1) Dərsi-şifahiyyə (yəni ağızdan deyilən dərslər)  – bir aydan ay yarıma qədər 2)Əlifba təlimi-  martın on beşinə qədər 3) Asan və müxtəsər hekayə və mənzumələr

Yazı   dərsləri 1)  əczayi-hüruf  yazısı ( indiki anlamda – hərflərin hissələr üzrə yazılma qaydaları -N.N.) 2) hərflər,kəlmələr və mətləblər yazısı 3) şəkil çəkmək 4) imla dərsi ( sövt  ilə səs, sədailə-N.N. ) 5) kitab üzündən yazdırma 6) hüsnxətt

Müasir dövrün müəllimləri  106  illik bu metodiki məlumatlardan çöx bəhrələnə bilərlər. Bu cəhətdən 3-cü sinif  üçün məsləhət  görülən “Yazı dərsləri”ni  nəzərdən keçirək.

Yazı dərsləri 1)hifzdən yazdırmaq (oxudulmuş mənzumələrdən) 2)imla dərsləri 3)oxudulmuş nəqlli hekayələrin   məzmununu yazdırmaq(suallar vasitəsilə və yaxud sualsız ) 4)müxtəlif məzmunlarda  məktublar inşa etmək 5)məşq  və şəkil dərsləri

“Dəbistan”ın  reklam xarakterli elanları da bugünkü uşaq mətbuatı orqanları üçün nümunə ola bilər.Burada müxtəlif annotasiyalara , yeni nəşrlərin reklamlarına səxavətləyer ayrılmışdır. Bu materiallar məktəb tarixi, dərsliklər vəlüğətlər haqqındamaraqlı xəbərlərlə ilgilidir. “Rəhbər” -jurnalının reklamına diqqət yetirin:

” Rəhbər”-

Qafqazın və tamam Rusiyanın  məişətindən bilümum ( ümumən -N.N.)Rusiya  müsəlmanlarının  məişətindən bilxüsus ( xüsusilə-N.N.)  ədəbiyyatından  və üsuli-təlim və  tərbiyədən  bəhs edən aylıq türk jurnalıdır, həmin sentyabr ayının 20-dən  etibarən  çıxmağa başlayacaqdır.   İl başınacan  (1907-ci ilin ibtidasınacan ) abunə qiyməti bir manat  50 qəpikdir.  Müştəri olmaq xahiş edənlər  ” Dəbistan”jurnalının   idarəsinə rücuh etsinlər.

Sahibi-imtiyazı   və  müdir  –Mahmud bəy Mahmudbəyov”.

*** “Dəbistan”dakı digər bir elan   hesab dərsliyi  tarixini öyrənmək cəhətindən yadda saxlanılmalıdır.

***Mütəəllimlərə (elm öyrənənlərə-N.N)  töhfə **** Mübtədi şagirdlərə türk lisanında elmi-hesabdan bir töhfəcik.  Biri beş şahı ( 25 qəpik ) pul əvəzinə,  poçta markası qəbul olunur.  Adres: Bakı, maqazin   “Hİdayət”-    Əliyev. *** “Dəbistan” jurnalında  klassik ədəbiyyatımızın öyrənilməsinə  aid  bir çox materialların  işıqlandırılması  bu mətbu orqanın dərs vəsaiti rolunu oynamasını göstərir. Bu silsilə məqalələrin   bir neçəsinin  müəllifi  Qori şəhərində yerləşən  Zaqafqaziya Müəllimlər İnstitutunda müəllim işləyən  F.Köçərli  idi. İmzası imzalar içində yavaş-yavaş tanınmağa başlayan  M.Hadi də  “Dəbistan”nı  öz şeir və tərcümələri ilə  rövnəqləndirirdi. Jurnalda həyatının son  illərini yaşayan Həsən bəy Zərdabinin təbiət mövzusunda yazdığı  elmi-populyar yazılardan bu günün biologiya və zoologiya müəllimləri çəkinmədən istifadə edə bilərlər.  “Tarixi-təbii” başlıqlı bu yazılarda məktəb yaşlı uşaqların dünyagörüşünün daha mükəmməl  şəkildə  formalaşdırılmasında   istifadə etmək olar. “Dəbistan” fars sözüdür.Mənası  ibtidai məktəb, mədrəsə  deməkdir. Bu məktəb  mətbu söz vasitəsi ilə digər sahələrin,    elm , sənət,  mərifət, qanacaq  öyrədən  təhsil  və tərbiyə  ocaqlarının    əsasını  qoydu. Bu   bünövrənin ikinci mərtəbəsi   – “Rəhbər” jurnalıdır. Üçüncü mərtəbə özü bir məktəbdir –   “Məktəb”dərgisi. Bu mərtəbər-uşaq mətbuatımızin  mərtəbələri   haqqında sonrakı yazılarımızda məlumat  verəcəyik.

Nazim Nəsrəddinov, Azərbaycan  Respublikasının  əməkdar müəllimi, Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri. Bakı, 07.10.2012-ci il.

bottom of page