top of page

5 Ekim Uluslararası Öğretmenler Günü : ” Ortak Türk Dili Kitaplar Yazalım”

Ey  sərəfraz müəllimlər, ey başıuca  müəllimlər, gəlin ortaq  türk dilində dərslik yazaq

       1994-cü ildən YUNESKO-nun xətti ilə hər il oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü keçirilir. Bu,dünya müəllimlərinin hesabat günü kimi başa düşülə bilər. Bu gün biz həm hesabat verir, həm də görüləcək işlərimizi planlaşdırırıq.    Müəllimlik  çətin işdir, amma  şərəfli sənətdir. Müəllim tərbiyəçidir, doğru yol göstərəndir.Əsl müəllimlər doğru yol göstərənlərdir.Mən çox məmnunam ki,  yaxşı müəllimlərdən dərs almışam: Zərxanım müəllimə,Fərhad müəllim,Samət müəllim,Tofiq müəllim…    Ən böyük həyat müəllimim isə nənəm olub.Məktəb təhsili yox idi, amma xalq ədəbiyyatının bilicisi idi, sözün semantik məna növlərini incəlilərinə qədər bilirdi. Sözdən söz çəkə bilirdi,ona yalan demək mümkün deyildi.Nəvələrinə gün ağlamağı bacarırdı.Dediyi sözün ağası idi.Şamaxı şəhərində böyüdüyündən  üzünü görmədiyi şair Seyid Əzim Şirvanidən, qızları ilə rəfiqə olan   şair Mirzə Ələkbər Sabirdən  şeir söyləməyi  bacarırdı. Nənəm öz sözlərinin  daha  maraqlı görüntüsü üçün bu şairlərin şeirlərindən  də sitat gətirirdi.     5 Oktyabr  Beynəlxalq Müəllimlər Gününə  yüksək əhvali-ruhiyə ilə gəlmişəm;  bir il ərzində Azərbaycanda və Türkiyədə  yüzə qədər elmi, elmi metodiki, elmi-publisistik məqalə çap etdirmişəm, yayımlandırmışam.Bu yazılarda Türk-Azərbaycan  ədəbi əlaqələri, mətbuat tarixi,uşaq mətbuatı,dilçilik məsələləri,ədəbi növlər və janrlar, maarifçilik məsələləri,məktəb tarixi,  dərslik tarixi, qabaqcıl milli ziyalıların həyatı   arxiv materialları əsasında işıqlandırılmışdır.Yazdığım yazıların hamısı dərs proqramları ilə ilgili yazılardır.  Bu yazılar əsasında üç kitabımı nəşrə hazırlayıram. Bu sözləri ona görə sadalayıram ki, bəzən görülən iş kölgədə qalır, yazılanlar  ziyalıların mütalə dairəsinə düşmür. Dünyanı  hər cür fəlakətdən  elm, maarif, ulularımızın işıqlı fikirləri xllas edəcək. Biz  müəllimlər bu yolda hələ çox işləməliyik.Uşaqlarımıza baba və nənələrimizin bildiyi  türk dillərini- Türkiyə türkcəsini də,  Azərbaycan, qazax, özbək dilini də yaxşı öyrətməliyik. Dıil olmasa, yaxşı həyat da,  tərəqqi də olmayacaq.     Uşaqlarımıza qayğı göstərmək,  onların fikirlərinə hörmətlə yanaşmaq,sözlərini dinləmək, eşitmək, incələmək gərəkli görünür.Mən bir dilçi mütəxəssis, türkoloq kimi dilimizin bu günkü  mənzərəsindən bir balaca  gileylənmək istəyirəm. Nənəsi olmayanlar, babalarına qulaq asmayanlar dili  cizgi filmlərindəm, tərcümə kitablarından,internet səhifələrindən öyrənirlər.   Təəssüf ki, hələ də  hər ailədə  milli dil mühiti yaradılmayıb. Hələ də ana laylası and nəğmələrimizə çevrilməyib. Hələ də uşaqlarımızın ən ağıllı qəhrəmanları Cirtdandır. Cirtdan qəhrəmanların  azman qəhrəmanlığı yada düşmür. “Dədə Qorqud” eposunun uşaq  qəhrəmanlarını hələ də tanımırıq. “Leyli-Məcnunlar”, “Xosrov və Şirinlər” böyüklərin kitabıdır. Uşaqlarımıza türk dünyasının düşüncə tərzinin kitabları lazımdır. Bugünün uşaqları sözün lüğəvi mənasını bilməyəndə kəkələyirlər.Bugünün müəllimi dialekt dilində danışır.Bu günümüzün müəllimləri  orfoepik vərdişlərə hələ tam yiyələnməyiblər, çünki mükəmməl orfoepiya lüğətlərimiz yoxdur.    Bu gün məktəblərimizdə oxunan kitablar  uşaqların yaş tərzinə uyğun gəlmir.  Dünyanın  bir sıra işbilən, sərəfraz   müəllimləri  ortaq  dildə   dərslik yazmaq barədə fikirləşməlidirlər. Bu günün türkdilli məktəblilərinin birgə  fəaliyyətinə yönələn maarifçilik tədbirlərimiz , demək olar ki, yoxdur. Halbuki ,bu, günün tələbidir.    Bu gün türk dünyasına, türk uşaqlarına XIX əsr maarifçiləri  Səid Əfəndi Ünsizadə, Rəşid bəy Əfəndizadə, Sultan Məcid Qənizadə kimi ziyalıların dərslik, müntəxəbat və lüğətləri   daha gərəkli görünür. Hə, nə deyirsiniz,ortaq dərslik yazaqmı?

    Nazim Nəsrəddinov,    Azərbaycan Respublikasının əməkdar müəllimi,      Bakıdakı Avropa Azərbaycan Məktəbinin müəllimi,    Azərbaycan dili üzrəTəhsil Proqramı (kurikulumu)  hazırlayan işçi qrupunun üzvü.

Bakı, 04.10.2013-cü il.

bottom of page