Xəncərimizim qaşı düşməz
Türklər müəllimə “öğretmen” deyirlər. “Öğretmen” -türk mənşəli sözdür. Kökü “öyrətmək” felidir. Azərbaycanda bu sözün əvəzinə, ərəb mənşəli “müəllim” sözünü işlədirlər. Əslində “müəllim” sözünü iki cür başa düşmək olar:
…………………………
……………………………………………………………………………………………………………………… 1) müəllim – ələmli,dərdli,kədərli ; kədərləndirən, qüssə gətirən, qəmləndirən………………………………………………………………………………………………………………………………………………. 2) müəllim – dərs verən, tədris edən adam
…………………………………………………………………………………………………………………………………………………… Yaxşı müəllimlər o qədər çoxdur ki, “ələmli, dərdli, kədərli” variantları ,demək olar ki, yada düşmür. Azərbaycanda müəllimlik hörmətli, izzətli sənət ,peşə sayılır. Bəzən maaşını məktəbdən almayan nümunəvi,ağıllı , dərrakəli adamlara da “müəllim” sözü ilə müraciət edirlər. Həqiqi müəllim müəllimliyini gizlətmək istəsə də bir iki kəlmə deyən kimi müəllimliyi üzə çıxır. Müəllim –işıqlı,ziyalı adamdır. Mən uşaq olanda, hələ məktəbə getməyəndə, 5 yaşım olanda (beş yaşımdan oyankı həyatım yadıma düşmür) neftçi olmaq istəyirdim. Bu, haradan ağlıma gəlmişdi , hələ də bilmirəm. Neft Bakısından uzaqda – indiki Qəbələdə, o vaxtkı Qutqaşında yaşayırdıq. Burada bir dənə də olsun neft buruğu yox idi. Bəlkə də evdəkilərin bizə oxuduqları kitabda neft haqqında material var imiş. Nə isə… Mənim ilk müəllimim Zərxanım müəllimə idi. Zərxanım müəllimə bizə bir-iki ay dərs deyəndən sonra analıq məzuniyyətinə çıxdı. Onunla dağların fonunda çəkdirdiyimiz şəkli itirmişəm. Maraqlı şəkil idi: sinfimizin 7-8 çagirdi Zərxanım müəllimənin işığına toplaşmıdı. Zərxanım müəllimənin dərsləri biz birinci sinif şagirdlərinə çox şey öyrətmişdir. Zərxanım müəllimə üç-dörd il bundan qabaq dünyasını dəyişib. Allah rəhmət eləsin! Sonralar Sona müəllimədən, Ayna müəllimədən dərs almışam. Ayna müəlimənin oğlu bizdən bir-ili yaş kiçik idi.Onu görməsək də, yaxşı tanıyırdıq. Ayna müəllimə bizi oğlu Mir Kamilin timsalında tərbiyə edirdi: sözünün əvvəli də, axırı da Mir Kamil idi. Orta məktəbdə mənə müxtəlif fənlərdən dərs deyən müəllimlərimi – Qasımbala müəllimi, Almaz xanımı, Fazil müəllimi, Arif müəllimi və daha bir neçə öğretmeni bilik və bacarıqlarına görə hələ də unutmamışam. Şair Şəhriyar uzun ayrılıqdan sonra Təbrizə qayıdıb müəllimi Molla İbrahimi , uşaqlıq dostlarını soruşan kimi, mən də hələ də bu dünyanın ətəyindən bərk-bərk yapışıb qalan həmyaşıdlarımdan yeri düşdükcə müəlimlərimi soruşur, onlardan hal-əhval tuturam. Qoy orta məktəb müəllimlərim , onların qohum-qardaşları inciməsinlər: mənim ən yaxşı müəllimlərim universitet müəllimlərimdir. Birinci dərs günü fakültənin dekanı Əlövsət Abdullayev bizə yaxşıca dərs verdi: dərsə bir az gecikənləri elə danladı ki, bu, hamımıza dərs oldu. Ağamusa Axundov “Dilçiliyə giriş”ə elə başladı ki, hamımız dilçiliyə girişdik. Yazılarımın birində oxuculara “Dünyanın ən işıqlı adamı” kimi təqdim etdiyim Fərhad Zeynalov bizə türk dillərinin zənginliyini incələdi. Bir az əsəbi olan Ağamalı Həsənovun dərslərini həmişə səbirsizliklə gözləyir, lakin ona zəhminə görə mövzu ətrafında sual verməyə cəsarət etmirdik : onsuz da mövzunu elə dərsin özündə başa düşürdük. Fars dili müəllimimiz Fəxrəntac müəllimə idi. Bu gözəl müəllimin, gözəl qadının işıqlı simasını yaddan çıxarmaq çətindir. Fəxrəntac müəllimə mənə “beş” vermədi ,”dörd” verdi, amma hər şeydən əvvəl qrupumuzun bütün tələbələrinə ərəb əlıfbasını, fars dilinin danışıq xüsusiyyətlərini öyrədə bildi. Dil tarixi müəllimimiz Azərbaycan Respublikası Elmlər Akademiyası Dilçilik İnstitutunun direktor müavini professor Mirzə Rəhimov idi .Universitetdə saat hesabı ilə işləyirdi. Seminar məşğələlərini aspirantları Şaməddin müəllim və Əvəz müəllim ararırdı.( Onların hər ikisi vaxtından tez dünyasını dəyişib. Allah hər ikisinə rəhmət eləsin). Mirzə Rəhimovun dərsləri hamya maraqlı idi. Onun dərslərində heç kəs əsnəmirdi. Tələbələrimizin dilçilik təfəkkürünün yüksəlməsində M.Rəhimovun rolunu heç kəs inkar edə bilməz. Mirzə Rəhimov – mən Dilçilik İnstitutunun aspiranturasında oxuyarkən mənim elmi rəhbərim olub.Mən onu nədənsə həmişə Türkiyənin Azərbaycan əsilli alimi Əbdülbaqi Gölpinarlıya oxşadıram. Qocaman alimə bu elmi oxşarlığı deməyə ehtiyat edirəm. Universitetdə hamı Samət Əlizadəni ən nümunəvi şəxsiyyət, ən nümunəvi Füzuli tədqiqatçısı kimi tanıyırdı. Lakin heç birimiz onu ədəbi irsimizin yorulmaz tədqiqatçı Sona Xəyal kimi qiymətləndirə bilməmişik. Samət Əlizadə diplom işimin rəyçisi idi. Onun rəyinin surətini hələ də əziz bir xatirə kimi saxlayıram .Bu rəy S.Əlizadənin elmi işlərindən biri kimi qiymətləndirilə bilər. Mən çox fəxr edirəm ki, Azərbaycan Dövlət Universitetində və Milli Elmlər Akademiyasının aspiranturasında Məmmədağa Şirəliyev, Səlim Cəfərov, Tofiq Hacıyev, Zinət Əlizadə , Musa Adilov, Rəhilə xanım Məhərrəmova kimi professorlardan dərs almışam , Azərbaycan dilinin incəliklərini , türk dillərinin gözəlliyini və əzəmətini onlardan öyrənmişəm. *** İnsanlar, sizə dərs deyən müəllimlərinizi unutmayın.Gəlin ilin günlərinin birini “Müəllimləri ziyarıət günü” elan edək. Vallah xəncərimizin qaşı düşməz..
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi, Təhsil Nazirliyinin Elmi -Metodiki Şurasımım bölmə üzvü, TQDK-nın eksperti, ƏN YAXÇI MYƏLLİM müsabiqəsinin qalibi, AAM-in kafedra müdiri.
Bakı, 25.11.2012-ci il.
Comments