top of page

Halil Fikret Kanat’ın 1926 Tarihli Eseri: Terbiye ve Tedris Tarihi


Xəlil Fikrət.”Tərbiyə və tədris tarixi”. Bakı,1926. və ya tərbiyədən başlanan tədrisin tarixi

Xəlil Fikrət dünyanın yaxşı tanıdığı,bilik və bacarığına güvəndiyi və fəxr etdiyi, Avropanın elm və mədəniyyət baxımından  ən sivil ölkələrindən birində-Almaniyanın Leipziq universitetində dünya şöhrətli,poliqlot alimlərindən ali təhsil almış ilk türkiyəli ziyalısıdır. 82 il ömür sürmüşdür:1892-ci il yanvarın 5-də Yunanıstanın Serficə qəsəbəsində anadan olmuş, 1974-cü ildə    Ankarada dünyasını dəyişmişdir. Mən bu adı ilk dəfə Əsəd Yaqubinin məqalələrinin birində oxumuşam.  Müəllifin qədim türk abidələrinə,məktəb tarixinə aid fikirləri mənə çox maraqlı göründü.Araşdırmalar apardım,türkiyəli alim dostlarımla fikir mübadiləsi apardım.Ankaralı dostum Haldun Cezayiroğlunun araşdırmaları mənə yol göstərdi,bələdçilik etdi. Xəlil Firəti Türkiyədə Halil Fikret Kanad adı ilə yaxşı tanıyırlar.Onun  əsərləri 1927-ci ildən  Türkiyədə çap olunmağa başlanmışdır. Onun həm pedaqoji, həm də kooperativçilik fəaliyyəti haqqında türk ictimaiyyətinin  bilgiləri çoxdur. Almaniyada ali təhsilini bitirəndən sonra Halil Fikrət  Türkiyənin müxtəlif təhsil ocaqlarında işləmişdir. O, 1923-cü ildə Azərbaycan Xalq Maarif Komissarlığının xətti ilə   bir neçə türk alimi ilə birlikdə  Azərbaycanın ovaxtkı  yeganə ali təhsil müəssisəsi olan  Bakı Dövlət Universitetində işləməyə dəvət olunmuşdur. Xəlil Fikrət və onun pedaqoq  həmkarları Bakıda işlədikləri 3 il ərzində elmi,elmi-pedaqoji və hətta Azərbaycan dilində bədii yaradıcılıqla məşgul olmuş,dərslik və monoqrafiyalar çap etdirmişlər. Bu faktlar barədə Türkiyə alimlərinin elmi yaradıcılıqlarında  demək olar ki,  heç nə yoxdur. Halbuki o vaxtlar Bakıda işləyən türk alimlərinin burada nəşr etdirdikləri əsərlər  bir  çox nəsnələrdən xəbər verə bilər. Bütün bunları nəzərə alaraq, Haldun Cezayirlioğlu ilə birlikdə Azərbaycanda  və Türkiyədə ya elmi-praktik konfrans və yaxud simpozium keçirmək fikrinə düşdük.Təşkilatçılıq çətin iş imiş,alınmadı. Gücümüz mətbuat səhifələrində faktlara,sənədlərə əsaslanan elmi məqalələr çap etdirməyə çatdı. Biz əqidə və məslək dostlarımızı Xəlil Fikrətin elmi,elmi-pedaqoji irsinin  yeni faktlar və sənədlər  əsasında araşdırılmasına dəvət etdik. Təəssüf ki,yuxulu pedaqoqlar yuxudan oyanmaq istəmirdilər. Azərbaycan-Türkiyə pedaqoji əlaqələrinin tarixi XIX əsrin II yarısından başlanır. Bizə məlum olan sənədlərə və faktlara əsasən bu işin M.F.Axundzadə tərəfindən başandığını söyləmək olar. Onun 1863-cü  il may ayının 27-də başlanan, iki aydan artıq davam edən  İstanbul səfəri əslində pedaqoji məsələlərlə-ərəb əlifbasının islahı ilə  əlaqədar idi.M.F.Axundzadə burada Türkiyənin sədri-əzəmi Fuad Paşa ilə  iki dəfə ünsiyyətdə olmuşdur. Cəmiyyəti-Elmiyeye Osmaniyye Məclisində xarici işlər nazirliyinin baş mütərcimi  Münif Əfəndinin sədrliyi ilə keçən  məclisdə   yeni əlifba layihəsinin müzakirəsi M.F.Axundzadəyə türk pedaqoji irsinin bir çox məsələləri  ilə tanış olmağa imkan vermişdir.Münif Paşa  mütərcimlikdən sonra  üç dəfə Türkiyədə maarif naziri təyin olunmuşdur.O, bu dövrlərdə Azərbaycanın işılı fikir adamları ilə dostluq və işgüzarlıq əlaqələri yaratmış,  Tiflisdə  Səid Ünsizadənin rəhbərliyi ilə Azərbaycan dlində  nəşr olunan “Ziya”qəzetində  Ezop  maneralı, çox incə nüktəli  “Ey bülbül”  şeir müsabiqəsinin təşəbbüskarı kimi çıxış etmişdir. Münif Əfəndinin Səid Əfəndi Ünsizadə ilə dostluğu və bu dostluq çərçivəsində görülən böyük maarifçilik tədbirlərinin cidi araşdırılması hələ də öz inadkar və cəsarətli tədqiqatçısını gözləyir. Həsən bəy Zərdabi, Cəlal Ünsizadə, Rəşid bəy Əfəndizadə,Ömər Faiq Nemanzadə, Hüseyn Cavid Rasizadə,Məhəmməd Hadi və daha bir neçə  Azərbaycan və türk ziyalısının  Türkiyə pedaqoji fikir adamları ilə iş və əqidə birliyi də ictimai fikir tariximizin tam və hərtərəfli öyrənilməmiş  məqamlarını ortaya çıxara bilər. 1919-cu ildə Azərbaycanın  ilk ali məktəbi yaradılanda kadr siyasəti məsələlərinin həlli yolunda bir sıra addımların atılması  gündəmə gəldi.Bu istiqamətdə görülən işlərdən biri Türkiyənin qabaqcıl alimlərinin Bakıya  işləməyə dəvət edilməsi oldu.Bu məsələ bir neçə il ləngisə də, nəhayət 1923-cü ildə İsmayıl Hikmət, Mehmet Fuad Köprülüzadə, Xəlil Fikrət, Mühittin Birgin kimi ziyalılar Bakıya gəldilər.Türkiyənin Azərbaycandakı səfiri  Memduh Şevket Esendal, Lenin və Stalinlə şəxsi tanışlığı olan, bir müddət Türkiyədə kəşfiyyat xarakterli  vəzifədə çalışan  başqırd Şərif Manatov da  Azərbaycanı və Türkiyən pedaqoji  fikrinə rəvac verən   ziyalılar  idilər. Bu sadalanan ziyalıların cərgəsində ən aparıcı qüvvə  o vaxtlar Xalq Maarif Komissarlığının tabeliyindəki nəşriyyata cavabdeh olan Mühitdin Birgin idi. 31 yaşlı Xəlil Fikrət  Bakıya gələndə  orijinal bir kitabın  həmmüəllifi  idi. Xəlil Fikrət  1916-cı ildə 24 yaşında,  müəllimi  Hans Stumme ilə şərikli 31 səhifəlik “Türkische lesostoffe…(türk antologiyası)” adlı  maraqlı bir kitab yazaraq, onu Almaniyanın Leypziq şəhərindəki   “Otto Harrassowitz”  nəşiyyatında çap etdirmişdi. (Təvazökarlıqdan uzaq olsa da , deməliyəm ki, bu kitabı dünya türkologiyasına mən tanıtmışam-N.N.).Türk dostum,dəyərli və təmənnasız insan  Haldun Cezayirlioğlu bu kitab haqqında  türk mətbuatında yazdığı məqalədə ( 06 aralık 2011-ci il )  mənim xidmətlərimi çox yüksək qiymətləndirmiş,  Azərbaycanın Təhsil Nazirinə təşəkkür məktubu  göndərmişdi.Bu təşəkkürnamə  nədənsə nazirə çatdırımadı.Halbuki burada  iki ölkənin pedaqoji əməkdaşlığına aid çoxlu maraqlı fikirlər vardı.Mən bütün bunları məktub müəllifinin mənə göndərdiyi surətə görə deyirəm).

 ” Türkische  lesostoffe …”türk dünyasının  latın qrafikalı ilk kitabıdır. Onu da yaddan çıxarmayın ki,  bu kitab oxuculara çatdırılanda Bakıda keçiriləcək  I  Türkoloji qurultaya  hələ  10 il qalırdı. Bakıda Xəlil Fikrətə məsul vəzifələr tapşırılmışdı: o, Xalq Maarif Komissarlığında  ibtidai məktəblərinə nəzarət və rəhbərlik edir, ali məktəbdə pedaqogika və psixologiyadan dərs deyir, dövri mətbuatda  Azərbaycan dilində elmi,elmi-kütləvi , elmi-metodiki və bədii yazılarla çıxış edirdi.   1923-cü ildə nəşrə başlayan  “İnqilab və mədəniyyət” jurnalnda  Xəlil Fikrətin onlarla yazısı dərc olunmuşdur.  Xəlil Fikrət məqalələrinin sonunda  imzasının şəklini də verirdi ki, bu da   oxucuların diqqətini uzaqdan cəlb edirdi. Bir faktı bu gün ucadan deyə bilərik ki, “İnqilab və mədəniyyət” jurnalı  Türkiyədən gələn müəllimlərin, ələlxüsus şair Nazim Hikmətin qohumu  Mühitdin Birginin diktəsi və hökmü ilə çıxırdı.Jurnala göndərilən heç bir yazı M.Birginin diqqətindən yayına bilməzdi. Bakıda Xəlil Fikrətin  bir kitabı çap olunmuşdur.Bu da iki hissədən (cilddən yox-N.N.) ibarət  “Tərbiyə və tədris tarixi “dir. Kitabın üz qabığında onun dərslik olmasına aid heç bir qeyd və işarə olmasa da  fehristi-kitabdan (kiabın mündəricından -N.N.) onun   ali məktəb proqramı əsasında yazıldığı aydın hiss olunur. Ərəb əlfbalı yazıları oxumaqda çətinlik çəkənlərə kömək məqsədilə  I hissənin üz q abığında yazılanları  oxucuların diqqətinə  çatdırırıq :

Müəllifi doqtor (Tərbiyə doktoru nəzərdə tutulur-N.N.) Xəlil Fikrət

TƏRBİYƏ VƏ TƏDRİS TARİXİ

I – hissə I –    5 min (Biz bunu kitabın tirajı,sayı kimi başa düşdük-N.N.)

Azərnəşr Bakı-1926 ___________________________________________________________________________________

“Tədris və tərbiyə  tarixi”  dərsliyinin II hissəsinin üz qabığı da birinci hissənin üz qabığında olduğu kimidir.YEGANƏ FƏRQ   burada  “I  hissə “əvəzinə, “II hissə”  yazılmasıdır. Bəzi tədqiqatçılar  kitabın iki CİLDDƏN ibarət olduğnu yazır ,I cildin nəşrini həm 1924-cü il ,həm də 1926 -cı il kimi göstərirlər. Çox güman ki,tədqiqatçıları çaşdıran kitabları siyahıya alıb, kataloqa daxil edən  biblioqraflar olmuşlar.Belə ki, M.F.Axundov adına Respublika  Milli Kitabxanasında qeydə alınan,  üz qabığı və son səhifələri   qoparılmış     nüsxələrdən birinin –  II hissənin  556- səhifəsindəki 1924   rəqəmi  ərəb əlifbalı mətndə uzaqdan əsərin nəşr ili təsiri bağışlayır.   Biblioqraflar  səhifələrdəki materialları oxumadan  bu rəqəmi  əsərinnəşr olunduğu il kimi kataloqa qeyd etmişlər. Əslində bu, “Tərbiyə və tədris tarixi” nin  II hissəsindəki    “Montessori sistemi”  oçerkinin   ətək yazısına aiddir.Həmin yazını olduğu kimi diqqətinizə çatdırırıq: ———–

*}  “Montessori haqqında  əsas məaxəzim ( məxəzim, mənbələrim-N.N.)    Möhibbə Hikmət xanımın   “Maarif  Mədəniyyət “( “və”  bağlayıcısız yazılıb-N.N.)  məcmuəsindəki  yazılanlardır. Montessori sistemi   haqqında daha ətraflı  məlumat almaq istəyənlər  məcmuənin 1924-ci yılındakı   müxtəlif  nüsxələrinə  müraciət etməlidirlər”.

Müəlif bu qeydləri ədəbiyyat siyahısının yerinə -digər oçerklərdə verilən  kitabiyyat yerinə yerləşdirmişdir. Yeri gəlmişkən qeyd edək ki, Maria Montessori (31.08.1870-06.05.1952) görkəmli italyan həkimi və pedaqoqudur. Bu gün də onun tərbiyə sistemindən  dünyanın br sıra özəl məktəblərində istifadə olunur. Xəlil Fikrət Montessorinin  həyatının  və tərbiyə üsulunun işıqlandırılmasına öz dərsliyində  12 səhifə yer ayırmışdır.(səh.544-556). Xəlil Fikrətin dərsliyinin I hissəsinin    əvvəlində Roma rəqəmi ilə işarələnmiş 13 səhifənin  7-si müqəddiməyə ayrılmış,sonrakı 2 səhifədə dərsliyin  fehristi (mündəricatı -N.N.)verilmişdir. Dərsliyin bu sıradakı ” Yanlış -doğru cədvəli”  də diqqəti cəlb edir.  (Təəssüf ki, müasir dərsliklərdə belə etiraf cədvəlləri yoxdur). Müəllif  bu cədvəldə  səhifəsini,sətrini göstərməklə 41 səhvinin düzəlişini verib. I hissə “Karl Marks” (1818-1888)  oçerki ilə qurtarır (səh.328-332). I hissənin sonunda kitabın Xalq Maarif Komissarlığının mətbəəsində 5000 nüsxə tirajla çap olunduğu göstərilir. Mənfəətdən xali olmadığı üçün  I hissənin materiallarını  ixtisarla tədqiqatçıların və maraqlanan oxucuların diqqətinə çatdırırıq. Səh.   1-9.       Yunanıstan: Sparta tərbiyəsi-Afina tərbiyəsi-   Sokrat-Əflatun-Ərəstu. 10-14.     Roma tərbiyəsi 15-73.     İslam və türk tərbiyəsi-Azərbaycanda maarif və mə ktəblər 74-81.    Humanizm və reformasiyon  dövrlərində  təlim və tərbiyə 82-102.  Xəlq  və  qadın tərbiyəsi 103-104. XV əsrdə tərbiyə və tədris 105-109.Monten (Bəzi adların düzgün oxusunu bu sahənin mütəxəssisləri müəyyənləşdirə bilərlər.Yanlışlıq olacağı təqdirdə üzr istəyirəm-N.N.). 110-113. Dekart və Jan Sentler 114-117. Fenelon 117-119.Beyqen 120-126. Ratke 127-140. Qomanyus (Qamanski)-( Komenski-  kimi anlamalı-N.N.) 141-144.  Franqa və piyetizm 145-146.Realizm və nourealizm 147-155.Con Luq 156-180.Jan Jak Russo 181-198.Bazadov və filantroplar 199-203.Zaliçman 203-210.Filantrop cərəyanına  tənqidi baxış 211-215.Filantropların məktəblərə təsiri (18-ci əsr) 215-219.Nouhumanizm-Kesne-Ternesti-Hayne 220-239.Pestalici və Prusiyaya təsiri 239-242.Disterbeq 243-244.Kant 245-252.Fixte və Jan Pavel 253-265.Şlayer Maxor 267-288.Herbart və  Tajir 289-297.Frobel və çocuk bağçaları 298-308.Məktəb təşkilatı 309-327.Herbert Spenser 328-332.Karl  Marks

Xəlil Fikrətin dərsliyinin II hissəsi  ” XX əsrdə tərbiyə cərəyanları  və  yeni məktəb” adlı geniş və yönəldici müqəddimə ilə başlayır (səh.333-340). Sonrakı  materiallar 29 başlıq altında yerləşdirilmişdir. Buradakı bir sıra oçerklər- Lenin(Vladimir İliç Ulyanov,səh.529-544),Montessori (səh.344-557),kompleks sistemi( səh.575-586) bu gün də dünya pedaqoji irsini cidi və hərtərəfli ğyrənmək baxımından gərəkli görünür. 2016-cı ildə tərbiyə doktoru, babalarımızın müəllimi  türk Xəlil Fikrətin  alman Hans Stumme ilə şərikli yazdığı “Türkis lesostoffe (Türk antologiyasının ) kitabının 100, Azərbaycan dilində yazdığı ikinci  kitabının-i ki hissəsi bir yerdə 600 səhifə həcmində olan “Tərbiyə və tədris  tarixi”  kitabının isə 90 yaşı tamam olur. Bu yubileylərə qədər hər iki kitabı nəfis şəkildə çap edib, oxuculara çatdırmaq dünya pedaqoji irsini maraqla öyrənənlərə qiymətli ərməğan ola bilər.

Nazim Nəsrəddinov,

Bakıdakı Avropa Azərbaycan Məktəbinin  Azərbaycan dili və ədəbiyyatı kafedrasının Azərbaycan dili müəllimi, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının bölmə üzvü.

Bakı, 26.10.2014-cü il.

Ədəbiyyat siyahısı


1.Hans Stumme, Halil Fikret. “Türkische lesostoffe …”   Leipziq,1916.

2. Nazim Nasreddinov.”Mektep Mecmuası Dergisi” Haldun  Cezayirlioğu Koleksiyonu.10 eylül 2011,Ankara.

3.Nazim  Nasreddinov. “Dr.Halil Fikretden. Okuma Parçaları”. Hadun Cezayirlioğlu Koleksiyonu,04  aralık 2011.

4.Nazim Nasreddinov. “Halil Fikretin Bakı ve Şeki yazıları”. Halduncezayirlioğlu Koleksiyonu, 04 aralıq 2011.

5.Nazim Nəsrəddinov. “Türk dünyasının ilk psixologiya doktoru Xəlil Fikrət  və yaxud babalarımızın müəllimi”. Strategiya.az saytı,20.11.2011.

6.Nazim Nasreddinov.     “Doktor  ve Ovide Decrolu Baküde” . Halduncezayirlioğlu Kolleksiyonu.08 temmuz 2013.

7.Haldun  Cezayirlioğlu.  “Türkçe,Latın harfleriyle  ilk kez 1916 yılındamı?” Halduncezayirlioğlu Kolleksiyonu, 6 aralık 2011.

8.Fərrux Rüstəmov.Azərbaycan-Türkiyə elmi-pedaqoji əlaqələrinininkişaf tarixindən. “Azərbaycan məktəbi” jurnalı,2013  6,səh.21-28.

9.  Fərux Rüstəmov.Azərbaycan-Türkiyə elmi-pedaqoji əlaqələrinin inkişafında professor Xəlil Fikretin rolu. ” Kaspi “qəzeti,23.10.2014,səh.14-15.

Comments


bottom of page