Azərbaycan-Türkiyə ədəbi əlaqələri
Türkiyədə dərs alan azərbaycanlı söz ustası
və yaxud
Türkiyədə az tanınan Azərbaycan Şekspiri
Hüseyn Molla Abdulla oğlu Rasizadə 1882–ci il oktyabrın 24-də Naxçıvanda anadan olmuşdur. Adi Şərq ailəsində böyümüş, ilk təhsilini mollaxanada almış, bir müddətdən sonra isə Məhəmməd Tağı Sidqi kimi görkəmli ziyalının Naxçıvanda açdığı yeni üsullu məktəbində oxumuşdur.
Mollaxana sözü sovet dövründə çoxlarını qorxudur, bu tipli məktəblərin niyyətini başa düşən də, düşməyən də onu pisləyirdi.Mən həmişə bu fikirdə olmuşam ki, dil öyrənmək cəhətindən mollaxanaların ənənəvi tədris üsulu hələ yaxşı öyrənilməyib.Mollaxanalarda 3-4 ilin ərzində ana dili ilə yanaşı,ərəb və fars dilləri şeir yazmaq dərəcəsində öyrədilirdisə, bunun nəyi pisdir? O ki qaldı Hüseyn Rasizadənin yeni üsullu məktəbdə oxumasına, burada Rusiya təbəələri üçün çox vacib olan rus dilinin də öyrədilməsi unudulmamalıdır. XIX əsrin görkəmli şairi və pedaqoqu Seyid Əzim Şirvani “qızım, sənə deyirəm, gəlinim, eşit” eyhamı ilə yazırdı:
Ey oğul, hər lisanə ol rağib,
Xassə ol rus elminə talib.
Bunlara ehtiyacımız çoxdur,
Bilməsək dil,əlacımız yoxdur.
Molla Abdulla da məhz “əlacı olmadığı üçün ” oğlunun rus dilini bilməsini də vacib hesab edir, bu dili bilməklə onun yaşadığı cəmiyyətdə mötəbər yer tutacağına inanırdı. (Yerı gəlmişkən qeyd edək ki, Molla Abdulla 1879-1884- cü illərdə Tiflisdə S.Ünsizadənin başçılığı ilə Azərbaycan dilində nəşr olunan “Ziya” və “Ziyayi-Qafqasiyyə” qəzetlərinin təəssübkeşi və fəal müxbirlərindən biri idi.)
İndi cəmiyyətdə məktəbi qurtarandan sonra yaxın əqidə dostu kimi öz müəllimləri ilə məktublaşan şagirdlər, demək olar ki, yoxdur.
XIX əsrin sonlarında, XX əsrin əvvəllərində isə bu, bir növ mədəniyyət nümunəsi sayılırdı. “Əkinçi” qəzetinin (1875-1877) redaktoru H.Zərdabi Məlikovun Moskvada oxuyan şagirdlərindən aldığı məktublar, eləcə də Hüseyn Rasizadənin Təbrizdən M.T.Sidqiyə göndərdiyi işgüzar və dostluq namələri ədəbiyyat və mədəniyyət tariximizi öyrənmək baxımından bu gün də çox maraqlı görünür.
Nə isə…
Hüseyn M.T.Sidqinin məktəbini bitirəndən sonra rusdilli ali elm ocaqlarına yox, oxumaq üçün Naxçıvana daha yaxın olan Təbrizə yola düşür. Onun böyük qardaşı burada təhsil alırdı. Hüseyn Təbrizdəki “Talibiyyə” mədrəsəsinə daxil olur. Bu faktın özü Hüseynin mollaxanada yaxşı təhsil aldığını, ərəb və fars dillərini “Talibiyyə” mədrəsəsi üçün məqbul olan dərəcədə bilməsini göstərir. Təəssüf ki, H.Rasizadə “Talıbiyyə”də oxuya bilmir: göz xəstəliyi buna imkan vermir. O, bir müddət burada xalçafüruşluq ilə məşğul olur, müəllimi M.T.Sidqi ilə mütəmadi olaraq məktublaşır, onunla qəzet və kitab mübadiləsi edir.
H.Rasizadə 1904-cü ilin yanvarında unudulmaz müəllimi M.T.Sidqinin ölüm xəbərini eşidir.Yanvarın 23-də Urmiyədən Tiflisə- “Şərqi-Rus” qəzetinə farsca yazdığı matəm qəsidəsini göndərir:
Ze cahan rəft həzrəti-Sidqi,
Səd həzaran driq , sədəfsus…
(Həzrəti Sidqi dünyadan getdi,
Yüz min dəfə hayıf,yüz əfsus…)
1904-cü ilin iyul ayında H.Rasizadə artıq Naxçıvanda idi. O, buradan Tiflisə-“Şərqi-Rus” qəzetinə keçmiş günlərin həsrəti ilə dolu olan bir şeirini göndərir:
Xoş ol zəmani ki, gülşəni-elmə bahar idi,
Gülzari-ədəb nə əcəb laləzar idi…
H.Rasizadə Təbrizdən qayıtdıqdan sonra bir müddət Naxçıvanda və Gürcüstanda ticarətlə məşğul olmuşdur. A.Talıbzadənin yazdığına görə, H.Rasizadə 1905- ci ildə işlədiyi böyük sərmayəsi olan şirkətin İstanbul şöbəsinə göndərilir və burada işləməyindən istifadə edərək gözlərini də müalicə etdirir. Tədqiqatçı Azər Turanın 28 oktyabr 2012-ci ildə”Speays” televiziyasının müxbiri ilə müsahibəsində isə Hüsyn Rasizadənin istanbula gəlişi İ.Qaspralı ilə əlaqələndirilir. Guya (mənbə göstərilmədiyinə görə bu deyimə şübhə edirəm-N.N.) İsmayıl bəy Qaspralı İstanbulda olarkən Tofiq Fikrətlə söhbət zamanı Rusiyada yaşayan bir qrup türkdilli gənci onun məktəbində oxumaq üçün İstanbula göndərilməsini göndərilməsini dostundan xahiş etmişdir. Hüseyn Rasizadə də məhz bu yolla İstanbula oxumağa getmişdir.
H.Rasizadə 1906-cı il aprelin 19-da İstanbuldan həmyerlisi Qurbanəli Şərifova yazdığı məktubda vaporla əvvəlcə Trabzona, 36 saatdan sonra isə İstanbul boğazına daxil olduqlarını yazır.
H,Rasizadə 1906-cı il iyunun 21-də Naxçıvana -Məşədi Qurbanəli Şərifovva göndərdiyi digər məktubda İstanbuldakı fəaliyyətindən söz açır: “Bir iş və ticarət nəzərdə tutmuşam ki, gündə altı saat itirsəm, fəqət sonra həm osmanlı üsulunca, həm də fransızca …təhsil edim…”
1906-cı ilin avqust ayının 30-da Bakıda çıxan “İrşad” qəzeti yazırdı :” İkmalı- təhsil üçünBakı müsəlmanlarının ezam etdikləri zəvat İstanbula varid oldu…Bunlardan beşi Bakıdan, biri Naxçıvandan, biri də Gəncədən göndərilmişdir”. Əhməd bəy Ağayevin redaktorluq etdiyi “İrşad” qəzetinin 4 sentyabr 1906-cı il tarixli nömrəsində Rusiyadan İstanbula oxumağa gəlmiş tələbələrin Sultan Əbdülhəmidə göndərdikləri məktubun mətni dərc edilmişdir. Məktubu imzalayanların ad və soyadları siyahısında Hüseyn Rasizadənin ad və soyadının olmaması diqqəti cəlb edir . Bu faktdan belə qənaətə gəlmək olar ki, Hüseyn Rasizadə İctanbula hökumət xətti ilə yox, işlədiyi şirkətin zəmanəti ilə gəlmişdir. Çöx təəssüf ki, Azərbaycan tədqiqatçıları Türkiyə arxivlərində H.Rasizadənin təhsillə bağlı tələbəlik fəaliyyətindən o qədər də xəbərdar deyillər. Hər halda H.Rasizadənin Türkiyədə yaşadığı illərdə ölkənin ədəbi, ictimai-siyasi həyatında böyük , yaddaqalan işlər görülürdü.Türkiyədə insanları düşündürən bir çox məsələlərə mətbuatda ciddi önəm verilir, publisistikanın inkişafı ədəbi düşüncələri üstələyirdi. Ezop maneralı yazılar dünyanın bir sıra ölkələrinə ayaq açırdı. Belə ziddiyyətli, ezop maneralı, İsmayıl bəy Qaspralının təbirincə desək, “üstü örtük yazılar” indi Hüseyn Cavid kimi məşhur olan Hüseyn Rasizadəni, onun əqidə və məslək dostlarını yeni dövrün tələbi ilə düşünməyə məcbur edirdi.
Bakıda çap olunan “İttifaq” qəzetinin 1909-cu il mayın 14-də H.Rasizadənin “Hüseyn Cavid” təxəllüİsü il dərc olunmuş “Son bahar” şeirindəki imzasına görə onun İstanbul Darülfünunun ədəbiyyat şöbəsində oxuduğunu öyrənirik.
Hüseyn Cavid 1906-cı il iyunun 14-də Naxçıvana – həyatda ona həmişə doğru yol göstərən Qurbanəli Şərifova İstanbuldakı son günləri haqqında məlumat verir , vətənə qayıtdıqdan sonra görəcəyi işlərdən şövqlə söhbət
açırdı: “İndi əsas məqsəd Vətənə xidmət, həm də layiqincə xidmət etməkdir.
Mənim düşündüyüm , qazanc-ziyan, : iki il evlənməmək, hər gün 4-5 saat oxumaq, 2-3 saat rusca çalışmaq…Nə bir qəpik artırmaq, nə bir qəpik borclu qalmaq…”
H.Cavidin İstanbulda yazdığı şeirləri əsasən “Siratül- müstəqim” jurnalında çap etdirirdi. Onun bu jurnaldakı əsas təxəllüsü “Qafqasiyalı Hüseyn Cavid” idi.
Hüseyn Rasizadə 1909-cu ildə İstanbuldan doğulduğu şəhərə qayıdır, inandığı və güvəndiyi dostların köməyi ilə
əvvəlcə Naxçıvanda, sonralar isə Gəngədə və Tiflisdə nüfuzlu təhsil ocaqlarında müəllim işləyir. 1919-cu ildəBakıda Dövlət Universiteti yaradılanda burada işləməyə dəvət olunur.
Universitetə müəllim kimi işləməyə dəvət olunanda H.Cavid artıq iki şeir kitabının müəllifi idi. İlk 24 səhifəlik kitabı 1913-cü ildə Tiflisdə yaxın dostu İsmayıl Həqqinin “Şərq” adı ilə tanınan mətbəəsində çap edilmışdi.1918-ci ildə çap olunan ikinci kitabı-“Bahar şəbnəmləri ” də müəllifə böyük uğur gətirmişdi.
Türk dilli oxucular Hüseyn Cavidi artıq həm də dramaturq kimi tanıyırdılar. Onun 1910-cu ildə-Türkiyədən qayıdandan bir il sonra yazdığı bir pərdəli “Ana” adlı mənzum dramı C.Məmmədquluzadənin “Çay dəstgahı” (1889) adlı alleqorik uşaq dramından sonra Azərbaycan ədəbiyyatında nəzmlə yayazılmış ilk uğurlu səhnə əsəri sayılır.
H.Cavid 1912-ci ildə “Maral” adlı mənsur faciəsini yazır. 1912-1914–cü illərdə yazılmış “Şeyx Sənan” faciəsində saf və təmiz sevgiyə mane olan dini ayrıseçkilik məsələlərinin tənqidi ön plana çəkilmişdir. Dramaturqun “İblis” mənzum faciəsində imperialist müharıbələri ifşa olunur.
H.Cavidi yaxşı tanıtmaq üçün onun, yazılma tarixinə görə bəzi əsərlərinin xronoloji siyahısını oxucuların diqqətinə çatdırırıq.
1910-cu il…. …. “Ana”,1 pərdəli mənzum dram
1912-ci il………………… “Maral”,4 pərdəli mənsur faciə
1912-1914-cü illər . .”Şeyx Sənan”, 4 pərdəli mənzum faciə
1913- cü il……… … “Şeyda”, 5 pərdəli mənsur faciə
1917-ci il “Uçurum “, 4 pərdəli mənzum faciə,mövzusu İstanbul həyatındandır.
1918-ci il……. “İblis”, 4 pərdəli mənzum faciə,əsas qəhrəmanların çoxu İstanbul əhlidir.
1921-ci il . “Afət”,4 pərdəli mənsur faciə
1923-cü il…………… “Peyğəmbər”,4 pərdəli mənzum pyes (leze-dram)
1925-ci il……………. “Topal Teymur”,5 pərdəli mənsur pyes
1926-cı il………………….””Azər” poemacı(poemanın bəzi hissələri heca, bəzi hissələri isə əruz vəznində yazılmışdır)
1928-1929-cu illər……”Knyaz”,5 pərdəli mənzum faciə
1932-ci il………………….”Səyavuş”,5 pərdəli mənzum faciə
1935-ci il …………………”Xəyyam”,6 pərdəli mənzum pyes
1953-cü ildə İstanbulda Mustafa Həqqi Türkəqulun “Azərbaycan türk şairi Hüseyn Cavid ” kitabı çap olunmuşdur.Təəssüf ki, bu nadir kitabı vərəqləmək bizə müyəssər olmamışdır.
İnanırıq ki,Türkiyənin arxiv və kitabxanalarında Hüsyn Cavidin ədəbi irsi ilə ilgili çoxlu materiallar vardır. Onları arayıb axtarmaq , nəşr etmək, “Azərbaycan Şekspiri”ni dünyaya tanıtmaq, Azərbaycan-Türkiyə ədəbi əlaqələrini daha dərindən öyrənmək hamımızın müqəddəs borcu olmalıdır.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Bakıdakı Avropa Azərbaycan Məktəbinin kafedra müdiri.
28.10.2012-ci il.
İstifadə olunmuş ədəbiyyat
1.Qulam Nəmmədli. Cavid-ömrü boyu(həyatı və yaradıcılıq salnaməsi).Bakı,1982.
2.Kamran Əliyev. Hüseyn Cavid:həyatı və yaradıcılığı.Bakı, “Elm”-2008.
3.”Ziya” qəzeti. 1879-1880-cı ıllər.
4.”Ziyayi-Qafqasiyyə” qəzeti. 1880
Komentarze