top of page

130 yaşlı Tunguç veya açılmayan kapılar, pencereler…

Bu yazının hazırlanmasında kaynağımızı teşkil eden fotokopilerin tedarikinde   Bakü Elyazmalar Enstitüsü’nün merhum Direktörü Muhammed ADİLOV’katkılarını özellikle belirtmek isterim.Geçen ay kaybettiğimiz ve Türk tarihinin eski kaynaklarını ortaya çıkarmaya var gücüyle çalışmış bu büyük ilim adamı ADİLOV’u saygıyla ve minnetle anıyor, bu yazımız da ona ithaf ediyoruz.

Çok nadir görülen  bu bilgilerin ışığında hazırladığı yazıyı bizlerle paylaşan değerli üstadımız Nazim Nasreddinov’a da ayrıca  teşekkür ediyoruz.” H. C

      “Tunğuc”—XIX əsrin II yarısında  Qafqazın baş şəhərinə-Tiflisə işıq və ziya dalınca gedən Azərbaycanın maarifpərvər ziyalıları Səid Əfəndi və Cəlaləddin Əfəndi qardaşlarının  öz şəxsi mətbəələrində qanadlandırdıqları və pərvazlandırdıqları, cəmi dörd səhifəlik  türkdilli məcmuədir. İlk və yeganə nömrəsinin materialları  İsmayıl ibn Mustafa (İsmayıl bəy Qasprinski N.N.) tərəfindən 8(20)may 1881-ci ildə ( fi 20 şəhri cəmadiyülaxir səneyi-islamiyyə 1298 )  Bağçasaray şəhərində imzalanaraq, “Tunğuc” (“ilk,birincı,pioner” mənasına  uyğundur –N.N.) adı ilə “Ziya” mətbəəsində  çap olunmaqdan ötrü Tiflisə-Ünsizadə qardaşlarına göndərilmişdir. Məcmuə- Qafqaz Senzor Komitəsinin razılığı ilə cəmi bir həftədən sonra “Ziya” mətbəəsində təb olunmuşdur. “Tunğuc”un belə qısa  bir müddətdə işıq üzü görməsinin əsas səbəbi İ.Qasprinskinin hökumət dairələrindəki nüfuzu ilə bağlı idi ; o, Bağçasaray şəhərinin rəisi  kimi səmərəli fəaliyyət göstərir, rus və türkdilli  mətbuatda (“Ziya” qəzetində)  Rusiya müsəlmanlarının  həyat və məişəti, məktəb və maarifçiliklə bağlı problemləri haqqında məqalə və risalələrlə çıxış edirdi.

   “Tunğuc”un çap üçün məhz  Tiflisə göndərilməsi təbii idi.  Tiflis-Qafqazın  paytaxtı sayılırdı.Burada  güclü ədəbi mühit yaranmışdı.Tiflis– bir çox ziyalıların özlərinə yaşayış və iş yeri seçdikləri, doğma saydıqları, yaradıcılıq şəraiti, işgüzarlıq mühiti  olan şəhər kimi  tanınırdı.Türk dünyasının dahilərindən biri olan  M.F.Axundovun ömrünün ən maraqlı, millət və xalq üçün uğurlarla dolu olan həyatı bu şəhərdə keçmişdi. Öz dövrünün ən böyük aydınları olan şeyxülislam Əhməd bəy Hüseynzadə, müfti Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə bu şəhərdə dini fəaliyyətlə yanaşı,  səmərəli maarifçilik fəaliyyəti də göstərirdilər.

   M.Ş.Vazeh, A.Bakıxanov, İ.Qutqaşınlı kimi   XIX əsr Azərbaycan maarifçılərini  də Avropaya tanıdanTiflisədəbi mühiti olmuşdur.

  “Əkinçi” qəzetinin redaktoru Tiflisdəki Real Gimnaziyanı qurtarandan sonra Moskva Universitetinə daxil olmuş, ali təhsilli mütəxəssis kimi bu şəhərə qayıtmışdı.

    İ.Qasprinskinin Tiflisdə sözü keçən, dar gündə ona kömək göstərməyə gücü və  qüvvəsi çatan, qələminə inandığı və   güvəndiyi çoxlu əqidə və məslək dostları var idi. Onlardan biri də “Qafqaz” qəzetinin 5 mart 1881-ci il tarixli 50- ci nömrəsində dünyanın məşhur mətbəə  və tipoqrafiya  sahibləriFranklinvə Qutenberqlə müqayisə edilən Səid Əfəndi Ünsizadə idi.

   İ.Qasprinskinin Ünsizadələrlə tanışlığı  və  maarifçilik əməkdaşlığı  1879-cu ilin  noyabrından başlanır.

    Zaqafqaziya Əhli-Təsənni İdarəsində işləyən Səid Ünsizadənin Qafqaz rəhbərliyinə  yazdığı ərizəyə əsasən 1878-ci il   dekabrın 6-da  ona 1879-cu il yanvarın 1-dən “Ziya”adlı qəzet çıxarmağa icazə verilir. S.Ünsizadə çıxaracağı qəzetin əvvəlcədən hazırlanmış  proqramını   özünü qələm  əhli sayan ziyalılara göndərir.Özünü  qələm əhli sayan aydınlardan biri də İsmayıl bəy Qasprinski idi.  O,“Tunğuc”un  ilk səhifəsində özünü məhz belə tanıdırdı: “Sahibi-qələm İsmail ibn Mustafa”. İsmayıl bəy Qasprinskinin  “Ziya”dakı ilk məqaləsi qəzetin  7 noyabr 1879-cu il tarixli 42-ci nömrəsində dərc olunmuşdur.  “İsmail Mirzə “ imzalı müəllif(İsmayıl bəy Qasprinski- N.N.)  “Bağçasaraydan göndərilən məktub” adı ilə verilən bu yazıda  iki-üç milyondan ibarət olan Rusiya tatarlarının ədəbiyyatsız və  qəzetsiz olduqlarına təəccüblənir.  O, yazının bu yerində birincı ədəbiyyatın adını çəksə  də, mətbuatdan daha çox danışır: ”Ğazetə məmləkətin lisanıdır. Ğazetələr  millətə mühafiz ola bilürlər.Ticarət və hər cins islahat  sırasında ( cərgəsində-fərqləndirmə,izahat  , çox güman ki, S.Ünsizadənindir-N.N.)  yolgöstərici ola bilürlər. Qissəsi,( yəni gödəküz ) qəzetəsiz və ədəbiyyatsız millət sağər , kor, dilsiz  adamə bənzər. Bu halda “Ziya”ğəzetəsi nəşr olunmasının çox faidəli,  iftixarlı iş olduğundan ziyadəsilə xoşnud olduq. “Ziya”ğəzetəsinin gündən-günə ilərü (irəli)getməsini istəyiriz (istəyirik) və məful (adət etmiş-N.N.) edəriz. Bundan sohra  bəz-bəz “Ziya” ğəzetəxanəsinə məktub və ğeyri kağızlar göndərməgi kəndimizə borc ediriz”. Sonuncu cümlədəki “məktub və ğeyri kağızlar” ifadəsi çox maraqlı görünür. Biz “Tunğuc”un bu “ğeyri kağızlar”dan  birı olması qənaətinə gəlir və söhbətimizi davam etdiririk.

    İ.Qasprinski “Tunğuc”un “Sözi-əvvəl”ində(“Ön söz”də-N.N.) yazırdı: “Bundan əvvəl  taş basma ilə işbu əsəri- acizanəmizi nəşr etmək istəmişük isək  də murad hasil olmadığından bu dəfə Tiflisdə Ünsizadə həzrətlərinin basmaxanəsində nəşr etməyə qərar verdük.Hər tazə iş kibi  bizim çolpa və çəlimsiz  əsərimiz dəxi bir xeyli müzakirələrə səbəb oldu”.

   “Tunğuc”un yaranma illərində Bağçasarayda  qəzet, jurnal  və kitab çapı üçün mükəmməl mətbəə olmadığı üçün İ.Qasprinski  Rusiya  müsəlmanlarına  deyəcəyi sözləri daha tez çatdırmaq istəyir, maarifçilik görüşlərini  hamıya ucadan , var qüvvəsi ilə bəyan etməyə can atırdı. “Sözi-əvvəl”də oxuyuruq: ” …hər nə ki yazar isək, ğərəzimiz cümlə ilə müzakirədir.Məsələn,şimdiki üsul yaşamamızın islahə möhtac bin türli nöqsanımız vardır.Əxlaqca neçə türlü dəvalara möhtac  illətlərimiz var. İştə bunları müzakirə etməli. İslahinə,dəfinə,çarəsinə  yol aramalı.Ara-sıra bunun kibi sual (məsələ)ləri meydanə qoymaq ilə bərabər lisani-tatariyyənin işlənməsinə, ilərüləməsinə çalışmaq istəriz.  Usta   və qələmkar degil isək də, vətənimizin yerişüb gələn (bəlkə də yeriyərək gələn-N.N.)   gəncləri qələm və fünun ərbabı, əməl və ğeyrət sahibləri olurlar. Hüsni- zənnilə baltalama  qələmimizi ələ alub çar (fəlsəfədə dörd ünsür: torpaq,su,hava və od )    açmayə niyyət elədük. Böylə olduqca qüsurlarımıza  baqılmasun: çala-çala  öydərirüz (öyrədirik-N.N.)deyilən kibi .Bizim qələmimiz odun isə  də, gənc vətəndaşlarımız odunları qələm edüb cümlə faidəsinə çalışurlar  ümidindəyiz.Kəndimizə gəlincə göstərildigi yolda  cüzi faidə edə bilsək nəfsimizcə kəmali-mükafat hesab edəriz”.

   “Tunğuc”un ön söz kimi verilən “Sözi-əvvəl”ini məcmuənin baş yazısı, İ.Qasprinskinin  yazı,üslub ,əqidə və məslək manifesti kimi  başa düşmək olar.

   Məcmuənin “Ziyayi-Qafqasiyyə” adlı yazısı şagirdin ustasına təşəkkürünə oxşayır. Bu yazı xələfin sələfinə minnətdarlığıdır: ”Qışın  şiddətində günəş görünüb fəqirləri qüvvətləndirdiyi kibi,”Ziya”nın nəşri dəxi neçə müsəlmanları məmnun elədi. Dövlətimizdə az-çox hər millətin ədəbiyyatı, basmaxanaları bə qəzetələri olduğu halda,biz müsəlmanların nə qəzetəsi bə nə bir basmaxanəsi var idi. Amerika keyikləri (kik də oxumaq olar, geridə qalmış tayfa kimi də başa düşmək olar- N.N.) kibi cahıllik dəryasınə talmaqda idik, lakin üç sənədən bəriTifliszadəganlarından (müəllif yanılır,Ünsizadələr Şamaxı şəhərindəndirlər-N.N.) Səid və Cəlal (əslində Cəlaləddindir-N.N.) Ünsızadələrin himməti  və ğeyrəti ilə Tiflisdə “Ziyayi-Qafqasiyyə” (əslində “Ziya”dır, “Qafqasiyyə” sözü “Ziya”ya sonradan əlavə olunub-N.N.) bənam bir tatar  ğəzetəsi nəşr olunmaqdadır. Bunun kibi işi meydanə gətirmək hər nə qədər güc  və  müşkül  isə  də “Ziyayi-Qafqasiyyə” ğəzetəsi  qiyafət və hürufatca  və ğəzetədə  basıldığı bəndlər xəbərlərcə ilərüləməkdə olduğu aşkar olub, gənc müsəlmahlar beynində böyük məmnuniyyət hasil etmişdir”.

   Müəllif   xalqın tərəqqisində mətbu sözü   yüksək qiymətləndirirərək,  yazır ki,”ədəbiyyat və ğəzetə xəlqin sədası və lisanıdır. Gözü pərdəli və qulağı təpalu olanlara  böyük dəvadır…(üç nöqtə  burada  məqsədəyönlü şəkildə  nəyinsə buraxılmasıdır-N.N.).Bu səbəblərə görə  (Ünsizadə ) dutduğı  şərif  və əziz işlərinin daim məmnuniyyətindən maəda, işinin ilərüləməsini hər vəcə ilə etməliyiz. Bu da ərbabi-qələmin yazması  ilə oxumaq bilənlərin ğəzetəni alub  oqumaq ilə meydanə gələ bilür”.

   “Tunğuc”dakı””Ziyayi-Qafqasiyyə” ”məqaləsini  qissədən hissə kimi də başa düşmək olar.Başqa sözlə, burada “Qızım, sənə deyirəm, gəlinim,eşit” zərbi-məsəli yada düşür.İ.Qasprinski qəzetçiliklə məşğul olanları və ya olmaq istəyənləri S.Ünsizadədən nümunə    götürməyə çağırır.

   Bizcə, bu məqalə “Qafqaz” qəzetində S.Ünsizadənin  və “Ziyayi- Qafqasiyyə” qəzetinin əleyhinə yazılmış  məqalələr silsiləsinə cavab kimi yazılmışdır.(bax: “Qafqaz” qəzeti, 1881-ci il, N 39;50;55).

   18 fevral 1881-ci ildəV.V.Bezobrazov tərəfindən başlanan müzakirədə xoş sözlərlə yanaşı,iftira və böhtanlar da var idi.Qəzet redaktoru kimi S.Ünsizadə  rus dilini yaxşı bilməməkdə təqsirləndirilir, ədəbi dilin normalarını korlamaqda  günahlandırılırdı.Əslində əsas məsələ S.Ünsizadəni nüfuzdan salmaq,onun gündən-günə güclənən marifçilik fəaliyyətini gözdən salmaq idi.

   Müzakirədən  bir neçə gün sonra”Ziyayi-Qafqaziyyə”nin narın və rizə hürufatı daha aydın və oxunaqlı yazı  xətləri ilə dəyişdirildi. İki aydan sonra “Tunğuc” işıq üzü gördü, İ.Qaspirinski dostunu bədxahların böhtan və  iftiralarından qurtardı.

   “Tunğuc” məcmuəsindəki   yerləşdirmə ardıcıllığına  görə  üçüncü məqalə “Şöyləmidir, degilmidir?” başlığı ilə verilmişdir. Burada müəllifin  onu düşündürən suallarına  cavab axtarmaq  heç də həmişə   tələb olunmur. Müəllif   sual tərzində dediklərini  özü mənalandırır, oxucunu düşünməyə, nəticə çıxarmağa məcbur edir, bəzən də  onu  cəmiyyətdə  hələ də öz həllini tapmayan prollemli məsələləri dərindən araşdırmağa çağırır.Maraqlıdır ki, “Tunğuc”un bu məqaləsi “Ziyayi-Qafqasiyyə” qəzetinin 1881-c- ildəki  17-ci nömrəsində olduğu kimi dərc edilmişdir. O da maraqlıdır ki,”Tunğuc”un dili ortaq türk dilində yazılmış əsər kimi çox düşündürücüdür.Bizim fikrimizcə, ortaq   türk dili  məsələsində birincilik Səid Əfəndi Ünsizadəyə  məxsusdur. İ.Qasprinski bu işdə onun layiqli ardıcılıdır.

   “Şöyləmidir, degilmidir?”  məqaləsi üstü örtük ibarələrlə, Ezop manerası ilə yazılmışdır: ”Ulu vətənimiz dövləti-Rusiya iki parçadır,(Rusiyeyi-Avropa),digəri (Rusiyeyi-Aziya).Rusiyeyi-Avropa Qafqas və Dağıstan ilə bərabər on beş vilayətdə (ğuberniyda)  beş milyona qədər müsəlman vardır.Bunların əksəri tatar  türki qəbiləsindən olub,    lisanları dəxi   yeklisandır (bir dildir-N.N.). Şöylə ki təkləmdə anlaşa bilürlər və cümləsi üçün bir lisani-ədəbiyə qullanması  küc degildir.  Qazanda yazılan bir kağız Orenburqda, Şəkidə, Bağçasarayda oqunub,  anlaşıldığı kibi , Bağçasarayın  qələm ibarəsi dəxi ol tərəflərdə lazımınca keçə bilür. Lakin nə yazı bilirüz, nə də  oqumaq  istəriz!”

   İ.Qasprinski xalqın geridə qalmasının əsas səbəbini maarif və mədəniyyət məsələlərinə biganəlik  göstərilməsində görür: ”Hər kəs  milləti əcnəbi bulub, vətəni karvansara görüb,  boğazı və nəfsi üçün bildiyinə görə çalışır, turtunur durar.Vətən və millət nədir ,tərəqqi və islahiyyət nədir, mədəniyyət  və insaniyyət fazilləri nədir, heç xəbərləri yoq kibidir! Üstü örtük söyləməyi biz bilməriz.Şöylə ki, bizcə, şimdiki üsul yaşamamız üç hərəkətdən ibarə kibidir. Çolpa-çolpa  çalışmaq, qabul- qabul yaşamaq.Bəqtbəvəqt yuxlamaq! Və əlhasil! Yaşamamız insaniyyət şənincə degildir.Və lakin fəna halımız  təsdiq olunur isə nöqsanlarımız aşkar olsa, islahiyyət yolları müzakirə olsa, millət ilərüməsi üçün ağniyalar və zadəganlar və millətə məhəbbəti olan zatlar yəvaş-yəvaş ğeyrətə gəlüb millətin hər sərdə ilərüləməsinə çalışurlar zənn edəriz. Rusiyada bəhri-millət irəlüləməkdədir. Bizləri,  əlimizi, ayağımızı,gözümüzü kim bağladı? Supa ilə əllərimiz iş üçün,başımız fikir üçün degilmidir? Dövlətimiz bizi ilərülədikimizi və rahətimizi istəyür, biz müsəlmanlara bunca ixtiyarlar (pravalar) bəxşiş etmişdir.Cümlə divanları, məktəbləri dəxi açmışdır. Kəndimizə gəlincə cərvətkar zadəganlarımız, ağniyalarımız çoxdur.Böyük sərmayəli tüccarlarımız az degildir. Şöylə ki,  ğeyrətə gəlür isük  ilərüləmək üşün alətimiz var kibidir. On beş, igirmi sənə əvvəl bizlər kibi gerüdə olan latışlar, yəhudilər, qəraimlər aralarından  şimdi neçə xocalar, zabitlər,nazirlər, advaqatlar, makanaçılar çıka bilür, səbəb nə ki bizlər də bunlar kibi çalışmayaq?”

    Məcmuənin 3-cü və 4-cü  səhifələrində  yerləşdirilən ”Almazıstan səyahətnaməsinin müqəddiməsi” adlı yazı da diqqəti cəlb edir.Gözəl təbiət təsviri ilə zəngin olan bu bədii parça  İ.Qasprinskinin bədii söz ustası kimi məharətli olmasından da xəbər verir:”Günlərdən bir gün səbah erkən Bağçəsəray civarında Beşikdağ üstünə çıxub seyri-ətrafı təmaşeyi- bəhar elımədə idim….. Önümdə avər rəngi əcəm xəlisi kibi çiçəkli çöllər döşənmiş, bir tərəfdə qəleyi-xərabatı neçələrin kəmalının zəvalının şahidi sanasan deyirəm ki,  “Bana baq, dünyaya baq”, digər tərəfdən Gəncə dağı sevdigi ilə iltifat edər kibi səbah ruzgarı ilə quşların nazik səsləri qarışub mollaya şükranə münacatı kibi tatlı-tatlı ötürdi”…

 “Tunğuc” məcmuəsinin sonuncu ( 4 -cü ) səhifəsindəki   materialların hamısı  gənc nəslin, mübtədi  (ibtidai)   sinif  şagirdlərinin  mütalıə mədəniyyətinin  yüksəldilməsinə  yönəldilmişdir. Buradakı lətaif, gülməcə və məsəllər türk dili anlaşılan ölkələrdə  maraqla qarşılanır.   

   İ.Qasprinskinin “Ziya” mətbəsində çap olunan ikinci məcmuəci “Şəfəq”dir.

   “Ziyayi-Qafqasiyyə” qəzetinin 27 avqust 1881—ci il tarixli 25-ci nömrəsində verilmiş “İxtar”da (xatırlamada, bildirişdə -N.N.) oxuyuruq:”Ziya”nın bugünkü nüsxəsilə göndərilən “Şəfəq” nam məcmuə keçənlərdə mətbəəmizdə təb və nəşr olunub “Ziya”nın keçən dəfə öz vəqtində çıxmağına mane olduğu üçün…məzkur məcmuədən bir nüsxə möhtərəm müştərilərimizə göndərilmişdir”.

 “Tunğuc” məcmuəsi  də “Ziyayi-Qafqasiyyə” qəzetinin  oxucularına məccani  göndərilmişdir.

   Şəfəq” məcmuəci haqqında növbəti yazılarımızın birində ətraflı söz açacağıq.

Nazim Nəsrəddinov,

 Azərbaycan Respublikasının əməkdar  müəllimi,

Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının

Azərbaycan dili və ədəbiyyatı  bölməsinin üzvü, türkoloq.

 Bakı, 18.12.2011                                s.  21:09

Comments


bottom of page