Ünsizade’lerin Jurnali : Kaşkül

         Səid və Cəlaləddin Ünsizadə qardaşlarının yeni layihəsi –

“Kəşkül” jurnalının birinci  nömrəsi – Tiflis,31 yanvar 1883-cü il

                                                               

    Türk dünyasının mətbuat tarixində vaxtilə – Bakıdan əvvəl Azərbaycanın paytaxtı olan Şamaxıda dünyaya  göz açan  Ünsizadə qardaşlarının əvəzsiz xidmətləri olmuşdup.
   Ünsizadələr  üç qardaş idilər.Şamaxı mədrəsəsində müəllim işləyən, klassik üslubda “Ünsi” təxəllüsi ilə şeirlər yazan və bu yazıları ilə Şamaxı ədəbi mühitində özünə layiqli yer tutanƏbdürrəhman Əfəndi oğlanlarına  yaxşı adlar seçmişdir.Böyüyün adı Səid idi.  Ata ortancıl oğluna Cəlaləddin, lap kiçiyinə isə Kamal adı vermişdi.Hər üçü  sağlıqlarında  türk dünyasının tanıdığı aydınlar idi. Səid  və Cəlaləddin ömürlərinin son illərini İstanbulda başa vurmuşlar.Yəqin ki, hələ də İstanbulun Şirvanlılar yaşayan məhəlləsində bu nəslin törəmələri yaşayır.
   Qardaşlardan böyüyü Səid əvvəlcə Şamaxıda,sonra isə Şərq ölkələrində oxumuş, ali dini təhsil alandan sonra Şamaxıya qayıtmış,məktəbdarlıqla məşğul olmuş,bir müddətdən sonra -1870-ci ildə,  iqamətgahı Şamaxıda  yerləşən Bakı  Quberniyası Əhli-Təsənni idarəsinə üzv seçilmişdir.Sonralar, M.F.Axundzadənin yaxın dostlarından biri olan Əbdülhəmid Əfəndi Zaqafqaziya müftisi seçilərək, Tiflisə gedəndən sonra , Səid Ünsizadə Bakı qubernatoru D.Staroselskinin əmri ilə  Şamaxı qazısı və Ruhani İdarəsinin sədri vəzifəsinə  təyin olunmuşdur.S.Ünsizadə bu vəzifədə işləyərkən həm öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş, həm də  maarif və mədəniyyət məsələləri ilə ciddi məşğul olmuş, Bakı qubernatorunun hüsn və rəğbətini qazanmışdır.   

  Onun bu istiqamətdəki ən önəmli işi 1874-cü ildə D.Staroselskinin icazəsi ilə  yaradılan  Şamaxı “Məclis məktəbi ” idi.  Bu məktəb adı pedaqogika tariximizə düşən məktəblərdəndir. “Məclis məktəbi” yeni tipli təhsil ocaqlarından idi.əlaqəsi olnbir neçə  müəllim əsərin müəllifləridir. Məktəvdə şagirdlərin sağlamlığına da, təhsil və tərbiyələrinə də fərqli yanaşma var idi.Şagirdlər skamyada oturur,yazılar yazı lövhəsində yazılır,ana dili ilə yanaşı, burada ənənəvi Şərq dilləri də keçirilirdi. Müəllimlər  təkcə dərs deməklə kifayətlənmir,dərslik  və müxtəlif risalə və kitabçaların tərtibində və yazılmasında  fəallıq göstərirdilər.Təkcə bu faktı göstərmək gərəkli görünür ki,bu məktəbdə işləyən və bu məktəblə işgüzar münasibətləri olan müəllimlər  işgüzarlığına və maarifçilik məsələləri ilə ilgili fikir və düşüncələrinə görə quberniyanın digər məktəb müəllimlərindən fərqlənirdilər.

 

   Burada  dərs deyən və bu  məktəblə işgüzar  əlaqələri olan S.Ünsizadə,C.Ünsizadə,S.Ə.Şirvani,

A.Çernyayevski  XIX əsrin 80-ci illərində Azərbaycan dilində  yaranan oxu  kitablarının və dərslikliklərin  müəlifləri və rəyçiləri idilər.

   1876- cı ildə Səid  Ünsizadəni Tiflisə – dövlət əhəmiyyətli bir layihənin   hazırlanma işinə çağırırlar. Söhbət dini idarələrin fəaliyyəyyəti ilə  ilgilidir.  S.Ünsizadə ona tapçırılan işin öhdəsindən bacarıqla gəldiyinə görə Tiflisdə daimi işdə qalır. O, Zaqafqaziya Əhli-Təsənni İdarəsinin əvvəlcə  ştatda olmayan əməkdaşı kimi  fəaliyyətə başlayır.
     Tiflisdə-regionun baş şəhərində yaşamaq imkanı C.Ünsizadəni milli əhəmiyyətli işlərlə  daha dərindən məşğul olmağa sövq edir. Bakıdan Qafqaz Canişinliyinə rəhbər vəzifəyə dəvət alan,  hələ Şamaxıdan tanıdığı  D.Staroselski ilə dosluq münasibətlərindən istifadə edərək,Səid Əfəndi Tiflisdə çap işləri ilə məşğul olmaq fikrinə düşür.Əvvəlc daş basmaxanası (litoqrafiya) açır, İstanbuldan müxtəlif mətbəə avadanlıqları  alıb gətizdirir.Sənədlərdn məlum olur ki,Tiflisdə yaşayan Azərbaycan ziyalılarının İstanbuldakı Babəli caddəsində yerləşən mətbəə rəhbərləri ilə  işgüzar və səmimi münasibətləri olmuşdur.
     S.Ünsizadə   Azərbaycan dilində mətbəə  və mətbuat işlərini qüvvətləndirmək üçün ortancıl qardaşı Gəlaləddin Əfəndini də Tiflisə  dəvət edir.Ünsizadələr nəslinin bir neçə gənc üzvü də mətbəə işinə –  müəyyən mətbəə peşəsi üzrə fəhləliyə  cəlb edilir. S.Ünsizadə  1878-ci il dekabrın 12-də  Tiflisdə  “Ziya” adlı  həftəlik  qəzetin nəşrinə icazə alır.   Hakim dairələrə tanışlıq üçün göndərilən   proqramında  “Ziya”  qəzetində  dövlət sərəncamları, xarici və daxili xəbərlər, müxtəlif növ  həvadislərin (əhvalatların), felyetonların çap ediləcəyi bildirilirdi. “Ziya” qəzetinin  ilk nömrəsi 1879-cu ilin yanvar ayının 25-də  Tiflisdə  çap edilmişdir.

   Qəzetin 1879-cu il yanvar ayında çıxan ilk 2 nömrəsi tədqiqatçılara məlim deyil.  Həftəlik  “Ziya” qəzetinin ilk nömrəsinin tarixini   onun 1879-cu il fevralın 8-də  çıxan 3-cü nömrəsinin tarixinə əsasən müəyyən etmək olur.

 

  Bizə elə gəlr ki, “Ziya”nın  1879- cu ilin  əvvəllərində  həftənin pəncşənbə günü çıxan ilk nömrələrini  Türkiyədə  yaşayan  Azərbaycan  əsilli  türk ailələrinin  şəxsi kitabxanalarından tapmaq olar. Qeyd edək ki,müsəlman təqviminə görə 1879-cu ildə “Ziya”nın həm yanvardan, həm də   dekabr ayından başlayan ilk nömrələrinin sıralanması 1 rəqəmindən başlamışdır (     N1(25.01.1879); N2 (01.02.1879); N3 (08.02.1879); N4 (15.02.1879)  və   N 1 (06.12.1879);  N2 (13.12.1879);  N3 (20.12.1879);  N4 (27.12.1879) N5 (03.01.1880); N6 (10.01.1880)…..Başqa sözlə,1879-cu ildə “Ziya”nın ilin əvvəlindəki nömrələrində də, dekabr ayındakı nömrələrində də  1,2,3,4 rəqəmlərindən nömrə göstəricisi kimi  istifadə olunmuşdur.
   “Ziya”nın blrinci səhifəsində iki sünbül  çələngi arasında  adı və dərc olunduğu il göstərilmişdir. Başlığın yerləşdirildiyi çələngin sağında   oxuculara mətbu orqanın imtiyaz sahibi tanıdılır:

 

“Qəzetəni verən Səid Ünsizadə.Qəzetəmiz basılmaqdan ( litoqrafiya çapından-N.N .) ötrü göndərilən kağızları idarəmiz basmaqda muxtardır. “Ziya” qəzetəsinin idarəxanəsi  Vorontsov küçəsində Ağa Əli Əsgərovun 35 nömrəli xanəsindədir. Yazı işləri və qəzetə  mütəəlliq hər bir  növ kağızlar  qəzetə müdirinin adına göndərilir”.
    Qəzetin başlığı yerləşdirilən çələngin sol tərəfində  qəzetin çıxarılmasında Cəlaləddin əfəndinin  səlahiyyəti və qəzetin reklamla bağlı şərtləri sadalanır:

 

“Qəzetə ümuratının (işlərinin,əmrlərinin-N.N.)  müdir və mühərriri  Cəlal Ünsizadə. Qəzetəmizin bir  sənəlik  qiyməti- 6 manat,altı aylığı 4 manat, bir nüsxəsi-15 qəpik Elamnamələrin  hər bir sətrinə 10 qəpik.Mənfəətlü  və   yaxşı    xəbərlər  pulsuz  qəbul və təb olunur”.
     Qısa bir müddətdə “Ziya” türk dili başa düşülən  bütün türk torpqlarına qanad açır, yerlərdən qəzetin idarəxanəsinə məktublar axışır.Rusiyanın mərkəzi yerlərinin birində -Tambovda sürgündə olan “Əkunçi”nin  əkinçisi Mirzə Həsən Əlqədari,İstanbuldan şirvanlı Şahin əfəndi,  Münif əfəndi,Bağçasaraydan İsmayıl bəy Qaspıralı, Şamaxıdan S.Ə.Şirvani, Zərdabdan  adını yazmadan Həsən bəy Məlikzadə Zərdabi, Göyçaydan İsmayıl Nazirzadə , İrəvandan  Abbas ağa Məhəmmədzadə, Tiflisdən şeyxülislam Əhməd Hüseynzadə, müfti Əbdülhəmid Əfəndizadə, anası alman, atası fransız olan  məşhur rus şərqşünası və qafqazşünası A.P.Berje, vaxtilə Rusiyanın İstanbulda və sonralar Təbrizdə konsulu olan Valerian Vladimiroviç  Bezobrazov , Moskvadan Əlisəfa, R.Əliyev, N.Vəzirov, Əsgər ağa Gorani Adıgözəlzadə  və başqaları   “Ziya”ya məktublar göndərir. Müxtəlif məzmunlu bu məktub və maqalələr türk dünyasının  ziddiyətlərlə dolu olan bir zaman kəsimini öyrənmək baxımından çox maraqlıdır.
     S.Ünsizadə türk dünyasını öz ətrafına toplaya bilmişdi. Həftədə bir dəfə pəncşənbə günü çıxan qəzet  çətinliklərlə qarşılaşsa da, Ünsizdə qardaşları türkdilli mətbuatın tərəqqisi yolunda israrlı idilər. Qəzetdə  bəzən süni qarşıdurma yaradılırdı. S.Ünsizadə qəzetin baş məqalələrinin birində  təklikdə deyə biləcəyi sözləri bərkdən söyləyir, Cəlal əfəndidən qəzetin dilinə ciddi fikir verməyi ona irad tutur, “hər kəsə öz xörəyini verməyi  ondan tələb edirdi”. 
     Böyük qardaşının yanında zəngin mühərrirlik   məktəbi keçən Cəlal əfəndi 1882- ci il may ayının 12-də hökumət dairələrindən 1882-ci ilin sentyabr ayından Tiflisdə  ayda bir dəfə çıxarmaq şərtilə  “Kəşkül” adlı məcmuə çıxarmağa icazə istəyir.  Qafqaz Senzor Komitəsi  1882-ci il oktyabrın 20-də  Cəlal Ünsizadəyə “Kəşkül” adında jurnal çıxarmağa icazə verir.  ( “Kəşkül”ü  “Kəşkül”ün öz səhifələrində həm “jurnal”,həm “məcmuə”,  həm də “cəridə” də adlandırmışlar). .
     Cəlal Ünsizadə  əqidəsinə, ağıl və fərasətinə inandığı ziyalıları ətrafına toplayaraq, əvvəlcədən müəyyənləşdirdiyi və dostları ilə məsləhətləşdiyi proqram əsasında  1883–cü ili yanvar ayının 31-də 28 səhifəlik “KƏŞKÜL” jurnalını qardaşı Səid Ünsizadənin  “Ziya” adı ilə tanınan mətbəəsində çap etdirdi.
      Türk dünyasında  yaxşı təbliğ edilən,yaxşı işıqlandırılan, “Ziya” qəzetində böyük təcrübə qazanan  və bunu dəfələrlə özü etiraf edən  İsmayıl bəy Qaspralının “Tərcüman” qəzetinin nəşrinə hələ  2 ay 10 gün qalırdı.

 

(İ.Qaspralının “Tərcüman” qəzetinin ilk nömrəsi 1883-cü il aprelin 10-da çıxmışdır).
      Kəşkül  – hind qozu qabığından hazırlanan dərviş çantasıdır. “Kəşkül” sözü klassik Şərq ədəbiyyatında  “ədəbiyyat , şeir   toplusu ” məzmununu da verir.
     Cəlal Ünsizadə jurnalın  müqəddiməsində  bu münasibətlə özü belə yazırdı:

 

 “Bu cəridədə  nə növ mətləblər yazılacağın  bu günkü nüsxənin elanat səhifələrində  zikr edirik,amma  burada bunu demək istəyirik ki, məcmuəmizin əsl dili  və ibarəsi  məmləkətimiz müsəlmanlarının  məfhumi olan türki Azərbaycan dilindən ibarət olacaqdır. Amma bununla belə  ərəbi və farsi  dili  sevən müsəlman qardaşlarımız  dəxi bu cəridə vasitəsilə  faidə alıb, faidə verməklər üçün aradabir məzkur dillərdə  dəxi əhvalat  və məqalət  qəbul  və dərc olunacaqdır.Nə fənuni-maddi və ülumi-dünyəvi təxmlərin  müstəhəqqinə(toxumların layiq olanına-N.N.)  əta etməgə qüdrəti olan (Əkinçilərdən) olduğumuzdan  və nə də zülməti-zəlalət və cahi-cəlalətdə qalmışlara  ziyanəxş  olmaq qüvvəsinə  nail olan  ürəfadan  hesab olunduğumuzdan, yəni ülumi-zahiri  və batinidən ari(təmiz-N.N.) bir fəqir dərviş olduğumuz məlum ikən dər-öhdə aldığımız ƏMƏK BƏ ƏMƏL ÇANTASI  dəxi kəşküldən ibarət olacaq.Bu səbəbdən  təb və nəşrinə rüxsət aldığımız  cəridə   “KƏŞKÜL” namını alır”.

                                                                     ******
     “Kəşkül”ün üz qabığında  məcmuənin adı ,adın altında ilk nömrənin  tarixi hicri və miladi təqvimlə göstərilmişdir:  hicri-1200,  miladi – 1883. 
Sonrakı sətirdə jurnalın ədəbiyyat və siyasiyyatdən bəhs edəcəyi yazılmışdır.Mötərizədəki sözlər xüsusilə qabardılır: türki və farsi və ərəbi məqalatı dərc edir. Sonra aylıq məcmuə olduğu göstərilir.
                                                                                              Daha sonrakı sətirlər belədir:
Birinci sənə. Mah -rəbiüləvvəl-1300 (müsəlman qəməri ilinin üçüncü ayı- N.N.).
  
Ədəd-1(birinci nömrə – N.N.).

 

 

                                      Jurnalın  birinci nömrəsi  mənzumə şəklində yazılmış dua ilə başlayır. “Kəşkülün müqəddiməsi” başlıqlı yazının müəllifi  Cəlaləddindir.Yazıda Azərbaycan mətbuat tarixinə ekskurs edilir,”Əkinçi”,mətbuat ” ”   başlıqlı  yazıənın müəllifi  göstərilmir. Yazının bu nömrədəki hissəsinin sonunda müəllif  göstərilməyib.Oxucu onun davamını məcmuənin ikinci nömrədə axtarmalı olur.    Bu yazıdakı fikirlərin çoxu    “Ziya”    qəzetində dəfələrlə səslənmişdir.Görünür,”Ziya”da imzasız çap olunan əsas məqalələrin müəyyən hissəsinin müəllifi Cəlal Ünsizadə olmuşdur.o,  təzə mətbu orqanda “Ziya”dakı fikirlərini “Kəşkül”ün oxucuları ilə  də bölüşmək   fikrinə  düşmüş, Ziya” qəzetlərinə düzgün qiymət vermişdir. “Kəşkül”ün”  birinci nömrəsindəki “Mətbəə və  mətbuat” başlıqlı məqalənin müəllifi göstərilmir. Oxucu bu yazının davamını jurnalın  ikinci nömrəsində tapacağını düşünür.Bu yazıdakı fikirlərin çoxu “Ziya” qəzetindən gəlmədir. Elə bu qeydlərdən belə nəticəyə gəlmək olur ki,”Kəşkül” Ünsizadə qardaşlarının mətbu fikri daha geniş yaymaq üçün

   düşünülmüş addımdır.
                 Ünsizadə qardaşları hansı yolla olursa-olsun nəşriyyat və mətbuat sahəsindəki birinciliyi
  qoruyub  saxlamaq  fikrində olmuşlar.

   

   Cəlal Ünsizadə “Kəşkül”də yazır: “Bizlərdən çoxu var ki,mətbəə və  mətbuat  nə olduğunu bilməz və bilmək dəxi istəməz”.Müəllif  bilmək  öyrənməkdən  üz şevirənlərə  onları məşğul olduqları  boş və bihudə  xəyal aləmindən  ayırmalarını vacib sayır.
    Oxucu ilə belə  fikir mübadiləsinə başlayan müəllif cəmiyyətin inkişafında mətbəə və mətbuatın rolynu düzgün qiymətləndirərək, mətbəə və mətbuatın   millət  və  qövmin   düşüncə tərzində öz əksini  tapdığı qənaətinə gəlir.

                    “Kəşkül”dəki   felyetonlar da  oxucular narahat edən məsələlərə  həsr olunmuşdur.XIX əsrin 70-80-ci illərində felyeton qəzetin,jurnalın  indikindən fərqli məna  bildirirdi. Felyeton əvvəllər ciddi  janr sayılırdı.Felyetonun  qəzet və jurnallarda  daimi yeri olurdu.Sonralar felyetonlarda  qaldırılan məsələlərdə  özünü göstərən bir sıra  nöqsanlar oxucuda  gülüş döğurmuş,felyetonlar əvvəlki müsbət çalarlarını itirmişdir. Jurnaldakı felyetonların biri nin müəllifi   S.Atamalıbəyovdur. Bu yazı “Aldığımız bir  vərəqədir” adlanır.
        Jurnalın ilk nömrəsində  A.Bakıxanovun “Təhzibül-əxlaq ” əsəri haqqında  yazı müəlifinin düşüncələri
    ( davamı ikinci nömrədədir-N.N.)  də özünə yer tapmışdır. Jurnalda 1877- ci il Dağıstan hadisələri 
    də işıqlandırılmışdır.  

       Jurnaldakı ədəbiyyat bölümünün yazılarrı da oxucuların diqqətini cəlb edir.”Əmsali-Loğman”dan     seçilən           yazı “Bir arslan ilə iki Öküz” adlanır.Tərcümənin müəllifi Cəlaldır.    
   Jurnalın 24-ü səhifəsində dərc olunan “Qurani-Əzim  Alişan” şerinin müəllifi (Seyyid ) kimi göstərilmişdir.  Mövzusu  itirilmiş rejimin ideologiyasına uyğun gəlmədiyinə görə bu şeir C.Ə.Şirvaninin heç bir kitabına daxil edilməmişdir.

       Jurnalda rus poeziyasından verilmiş tərcümə nümunələri  tərcümə sənəkarlığı baxımından maraqlı görünür.
                                                                 ***********
Yazıda “Kəşkül” jurnal formatında çıxan 11 nömrəsinin birincisindən söz açdıq. “Kəşkül”ün ilk   nömrələri  uzun illər idi ki,itmiş hesab olunurdu..

      
     ” Kəşkül”ün  ilk  11 nömrəsi jurnal  həçmində  (formasında)  çıxmışdır.  Onun bəzi bəzi nömrələrinin                   tədqiqatçılar üçün  əlçatmaz olması  türk mətbuat tarixinin   sistemli şəkildə öyrənilməsini      ləngitmişdir.    1884-cü il martın 22-dən “Kəşkül” jurnalı qəzet kimi fəaliyyətini davam etdirmişdir. 1891-ci ilin oktyabr     ayında “Kəşkül” öz nəşrini dayandırmışdır.

 Nazim Nəsrəddinov,
 Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin kafedra müdiri.

    Bakı,18.07.2013.

 

.                                                                                 Ədəbiyyat siyahısı

          1.Axundov  Nazim.                             Azərbaycanda dövri mətbuat. Bakı,1965.

          2.Zeynalov A.                                     “Kəşkül”də bədii ədəbiyyat. Bakı,1976.

         3. Zeynalzadə  Ağarəfi                        Azərbaycan mətbuatı və çar senzyrəsı,Bakı,2002.

4.”Kəşkül” jurnalı.                               Tiflis,31 .01.1883-cü il ,N 1.

          5.Nəsrəddinov Nazim.                       “Tərcüman”ın təcrübə məktəbi. 
                                                                                    “Oğuz eli” qəzeti ,27.01.1993, N 2.

                                                             

Bir Cevap Yazın