Yuxylarımdaki Qars

Kerim CEFERLİ

Qarsa  gedişim təsadüfi oldu .Gürcüstanın Borjomi şəhərindən sərhəd yaxın idi.Türkgözü sərhəd məntəqəsindən keçdim. Canıma doğma hislər doldu.Türk olmağımla fəxr etdim – “Mənim canım Türkiyəm”- dedim, əllərimi kol armudlu, zoğallı ağacların yarpaqlarına sürtdüm. Təzək –gərmə qalaqları, ot tayaları, biçənəkdəki  arxa-arxaya düzülüb ot çalan bişinçilər uşaqlığımı yerindən oynatdı. Dağların arxasından burula – burula gələn dumduru suya əksimiz düşürdü.Qoyun sürüsü yamaclara səpələnmişdi.Yolboyu əli dırmıqlı gəlinlər, qızlar ot yığımına gedirdilər. Bacalardan çıxan əyrüm-üyrüm tüstü topası səmada qıvrılırdı. Gicitikan əllərimi daladı, əvəlik bitkisinin yarpağını ovcumun içində övkələyib qoxusunu burnuma çəkdim. Gərmə qalağına söykənib, qızıma -“şəklimi çək”- dedim. Qızım təəccüblə üzümə baxdı. O, haradan biləydiki , bu dağların o biri üzündə erməni girovuna çevrilmiş – Qərbi Azərbaycanım, Soyuqbulağım durur, buralar elə oraların bənzəridir. Bu dağların o üzü çox yaxın idi -amma, əlim yetmir, ünüm çatmırdı. İlqar dağından süzülən bulağın bumbuz suyundan içimə çəkdim, ayaqlarımı qıvrıla-qıvrıla axan çayın suyuna saldım ki, qəlbimin hərarətini kəndimizə-orada qalmış evimizə, kimsəsizlikdən fəğan çəkən yaylalarımıza  aparsın. Şəklimi  təzək qalağının  yanında həvəssiz  çəkən doğma  qızım  belə içimdəki həsrət qarışıq qəzəbi görmədi. Dağların o üzündə – Ermənistan adlanan ərazidə elimin, obamın xatirələri, bumbuz bulaqları, güllü – çiçəkli duzənlikləri, ox kimi qayaları, kimsəsizlikdən nalə çəkən dərələri, biçənəkli yaylaları var idi. O yanda nəyimiz yox idi ki!  Ərdahana tərəf getdik. Yolda arabamızın nömrəsinə baxıb bizə təbəssümlə əl edirdilər. Ağzı yamşaqlı, başı çalmalı qadınlar anamı xatırlatdı – əllərini öpdüm hamısının! Kərəntinin qulpuna söykənib onu bülövləyən, arabir tərini əllərinin arxası ilə silən kişi zəhmətsevərliyi ilə atamı, didərgin düşmüş  tanıdıqlarımı xatırlatdı. Armud kolunun, zoğal ağacının hələ yetişməmiş meyvələrini dodaqlarıma sürtdüm. Bir qayanın üstünə çıxıb, qürbətdə qalan tərəfə hayqırdım – bəlkə Armudlu qayası, Bozvəlli düzü, Qaranlıq dərəsi  səsimi tanıyıb, səsimə səs verdi. Ərdahana çatdıq. Kiçik bir şəhər idi. Adamları çox mehriban idi. Əsasən, Rus – kommunist rejiminin istilasından sonra dağ və aran Borçalısından gəlib burada məskunlaşanlar idi. Özlərini tərəkəmə, yaxud Qarapapaq  türkləri adlandırırdılar. Çoxlarının əlləri qabarlı idi .Gün altında çox işlədiklərindən sifətləri mis rəngində idi. Duzlu-çörəkli, qonaqlı-qaralı idilər. Yeməkxanaların birində mantı yeyərək-əllərinizə sağlıq, çox dadlıdır, – dedik. Qohumlarımın yaşadığı “Buğa təpə” köyünü soruşdum. Ərdəhanın  yanından keçən yolu göstərərərək, bu yol ora aparacaq – dedilər, həm də başa saldılar ki, Qarsda da belə bir məhəllə var.Sözsüz ki, Hacı Musa həyatda yox idi, ancaq onun nəvələrinin bu ətraflarda, İstambulda, Ankara yaxınlığında  yaşadığını eşitmişdik. Hənifə nənəmin bacıları da Qars qəbristanlığında əbədiliyəqovuşmuşdular. Qarsa getdik. Yuxularımın məskəni olan neçə – neçə yüzillikləri  çiynində daşıyan, sirr dolu qalası, əfsanəvi tarixi ilə yadimda qalan qədim yaşayış məskəni olan şəhər-xəyallarımda bağlı sərhəd lərini aşıb,  küçələrində o qədər  vurnuxmuşam ki! Xınalı qayalarını xınalı gəlinlərinə, göydəki buludlarını gəlin örpəyinə o qədər bənzətmişəm ki.  Duman dağlarını, dərələrini yalaya-yalaya bizi qarşılayırmış kimi alnımızdan, üzümüzdən, saçımızdan keçəndə onlara  yazığım gələrdi, aman allah, buraların köçkün dumanları da, çənləri də bizim kimi köçkün idi. Ancaq, çənin,sisin, dumanın qayıdışı da var. Yəqin ki, bizim də dönüşümüz var, amma duman kimi yox, şimşək kimi, alov kimi, qasırğa kimi  girov torpaqlarımıza qayıdacağıq. Kişnəyən atların, mələr quzuların, şır-şır bulaqların, uğuldayan dərələrin naləsinə qayıdacağıq.Köçkün buludlar,üzü o yana axan çaylar bizi haraylayıb ,≪ arxamızca ,gəlin≫ deyirdilər,elə bil! Üzü o tərəfə əsən küləyin uğultusunda  nalə dolu bir çağırış var idi.Quşlar da oyana  uçurdular,köy evlərinin bacalarından çıxan tüstü də burula-burula Qərbi Azərbaycana doğru axırdı,bircə biz gedə bilmirdik,Vətənin ayaqlarına sərhəd boyda çidar,bizim ayaqlarımıza isə həsrət boyda qandal vurmuşlar.Həsrət isə ölçüsüzdür.
Qarsın küçələrini gəzdik .Hər gördüyüm adamı əqrabama oxşatdım,nənəmin,anamın  üz cizgilərini onlarda aradım-kimliyini soruşdum,kimsəmi soruşdum,ancaq öyrəndim ki,ölənləri ,itənləri,qalanlaları var  İgid oğlanları,gözəl qızları ,fidan körpələri var.Hacı Musanın nəvəsinin evini  göstərdilər.Qapını döymədik,ürək eləmədik.Bəlkə də bu həsrətin  bitməsini  istəmədik .Ömrü boyu içimizi yandıran həsrətin bizdən ayrılmasına dözə bilməzdik.Aman allah həsrət də doğma imiş,ondan da ayrılmaq olmurmuş Gələn il  gələrik –deyib  uzaqlaşdıq.Soruşduğumuz adamın arxamızca təəccüblə baxdığını hiss etdik .Bəlkə də bizi dəli hesab elədi. Mağazalarının vitrinlərini bəzəyən bal dolu arı  pətəklərinəbaxdıq.Sap-sarı Qars pendirinin,ləzzətli çörəyinin  dadından doymadıq.Bir az alış –veriş edib, Qars qalasının girişindəki kiçik məscidin soyuq döşəməsində bardaş qurub mollanın yaxşılıq haqqında söhbətlərini dinlədik,sonra gala divarlarının  bir az ot basmış, bir az köhnəlmiş pilləkanlarını qalxıb ,çox-çox keçmişə boylandıq,başı dəbilqəli,əli  silahlı vətən müdafiəçiləri gəldi gözümüzün önünə.   Atıcı topuna bənzər turbindən şəhəri seyr edərək,-bura da vətəndir ,nə yaxşı ki,biz də türkük-dedik,allahımıza minnətdarlıq elədik.Elə bu yüksəklikdən Türkün böyuklüyü daha möhtəşəm görünürdü.Bir də ki,Türkün böyuklüyünü görmək üçün yüksəklik lazım deyil,o hər yerdən əzəmətli görünür.Gecəni”Nur”mehmanxanasında qaldıq .Sahibi Ersin Akkar çox mehriban insan idi.Həm də öyrətmən idi.Söhbətimiz tutdu.Pedaqoji işin əla bilici idi.Səhəri gün bizi müdir yardımçısı olduğu Hasan Harakani lisesinə dəvət etdi. Litsey Qars qalasınn  alt tərəfində idi.Tam müasir standartlara uyğun okul idi.Yay olduğundan öyrəncilər yox idi,ancaq onların işlərinin izləri aydınlığı ilə görünürdü.-Öyrətmənlər  mənim və  həyat yoldaşımın müəllim olduğumuzu bilib həvəslə söhbətə qoşuldular.Qeyd etdik ki,təcrübə mübadiləsinə ciddi ehtiyac var.Tam aydınlığı ilə başa düşdüm ki,onlar da bizim Avropa Azərbaycan  məktəbi kimi ənənəvi  dərs üsularından imtina etmiş,fəal dərs  prosesinə üstünlük verirdilər.Onların da işində pedaqoji içə yeni münasibət var idi. Ersin Akkar  bir dərsin video göruntüsünü  göstərdi.Maraqla seyr etdik.Şagird-müəllim münasibətlərinə xüsisi fikir verdik.Bu  münasibətlərdə yeni yanaşma var idi.Şagirdlərin fəaliyyəti daha qabarıq görünürdü.Müəlim seyrçi deyildi,əlaqələndirici idi.Heyf, canlı dərs görmək bizə qismət olmadı,sağlıq olsun!Bir daha görüşmək ümid ilə ayrıldıq.
Səhəri gün Qarsın məşhur “Qaz evi” yeməkxanasına getdik.Orada biz  tərəflərin yeməkləri  təqdim olunurdu.Anamın hazırladığı yeməklər yadıma düşdü. Qurutlu  xəngəl,yarma və un xəşili ,qovrulmuş un halvası,əriştəli isti,əvəlikli isti,qovut,un horrası, yarpız dovğası  və.s.Bizi  yeməkxananın sahibi Nuran xanım qarşıladı,qonaq olduğumuzu bilib,-xoş gəldiniz –dedi.Yemək sifariş etdik,xəngəl istədik.Kiçik sinilərdə xəngəl  gətirdilər.Xeyli gülüb –bu heç qarnımızın bir küncünü doldurmaz ,Nuran abla,- dedik.Dedi:-Afiyət olsun,yenə gətirərik.Yeməkxananın divarlarındakı şəkildən aydın oldu ki,burada çox məşhur adamlar müsafir olub.Türkiyə Respublikasının baş naziri Cənab Ərdoğan,müğənni Hulya Avşar xatirə kitabına xoş sözlər yazmşdılar.
Qars beləcə urəyimizdə,könlümüzdə  böyukluyu ilə,doğmalığı ilə qaldı,canlı kimi qaldı .Qars bizi isti qarşıladı,istiliyindən bizə pay ayırdı.
Ərabamı axtarmadan qayıtqıq.Başa düşdüm ki,elə bütün Türkiyə mənim əqrabamdır-canımdır.Başa düşdüm ki,bütün Türkiyədə qohum aramaq düz deyil ,orada hamı qohumdur.Orada yad yoxdur.
Qayıtdıq.Bir də qayıtmaq ümidi ilə. Yenə görüşənədək,Türkiyə!

10 thoughts on “Yuxylarımdaki Qars

  1. Kərim müəllimin bu yazısı ədəbiyyat, ana dili və tarix dərsliklərinə əlavə oxu materialı kimi təqdim oluna bilər.

  2. Bu yazı məndə xoş duyğular oyatdı.Yazıda Türkçülüyə sevgi dərin hisslərlə ifadə olunub.Yazıda daxili duyğular təbiətlə təmasda daha aydın görünür.

  3. Kerim müəllim, həqiqətən də çox gözəl, çox ustacasına bir hekayə yazmısınız. Sizin bu bacarığınıza, inanın ki, heyran qaldım. Mən çox sevinirəm ki, mənim belə istedadlı müəllimim var.

  4. Müəllim hekayəni gözəl yazmısınız.Hekayəyə görə təşəkkür edirəm.

  5. Dünyada hicranın, həsrətin ağrısının ölçüsü yoxdur, olmamışdır və ola da bilməz.Bu ağrının ağırlığını yalnız onu daşıyanlar bilər.İllər illəri, əsrlər əsrləri qova-qova bu yaraların üstünə qaysaq çəkmək istəsə də, heç vaxt qaysaq tutmaz bu yaralar…”Yuxularımdakı Qars” xatiratının müəllifi Kərim müəllimin ağrısını içimdən keçirtdim.Qərbi Azərbaycan həsrətinin göynərtisi Kəlbəcər həsrətimə, Qarabağ faciəmə qarışdı, sızın-sızın sızlatdı məni. Hacı Musa babanın Kərim nəvəsi “Buğa təpə” köyündə yaşayan əmizadələrinin yarasının qaysağını qoparmaqdan qorxur.Yaraları qanatmaq istəmir…Gör Hacı Musa nələr çəkib,ay qardaş! Bugün Qarabağ qarışıq yeddi rayonun bütün əhalisi Hacı Musa günündə yaşayır.Allah qorusun ki, nəvələrimiz Kərim müəllimin gününə düşməsin, biz özümüz dağılmış, yandırılmış, izi-tozu itirilmiş, rus-erməni tanklarının tırtılları altında şum edilmiş köylərimizə qayıdaq…Ocür ağrının başqa dili ola bilməzdi, Kərim müəllim, doğrudan da, MƏN SİZİNLƏ FƏXR EDİRƏM!

  6. Kərim müəllim “Yuxunuzda gördüyünüz Qars” gerçəkləşdiyi kimi təki həsrətindən göynədiyiniz yurd yeriniz, ata ocağınız da çin olaydı. Düşmən əlində inləyən kəndlərimizi, kəsəklərimizi dolaşmaq istəyimiz reallığa çevriləydi. Ürəyinizin pıçıltılarını dinləyəndə gözlərimin önünə el-obasından ayrı düşən minlərlə insan gəldi.
    Mənə ən çox təsir edən məqamlardan biri də o idi ki, xeyli məsafə qət edərək, illərlə axtardığın bir qohumun qapısında dayanasan və həyatdan köçmüş bir əzizinizin nəvəsinə “bilirsənmi mən kiməm” deyib, ötənləri yada salmağa, tanışlıq verməyə cürət etməyib, “qoy bu ayrılıq da sona yetməsin” deyə, bir andaca uzaqlaşasan…
    Həm də dərk elədim ki, Kərim müəllim yaxşı riyaziyyatçı olduğu kimi, yaxşı da qələm sahibi imiş. Kərim müəllimin avtobioqrafiyası olan bu könül səsi, onun sevən yüzlərlə şagirdinə öz müəllimini daha da yaxından tanımaq imkanı verəcək…

  7. Kərim müəllim çox təsirli idi. Mənim babam, nənəm və neçə-neçə qohumlarımız kəndlərinə qayıtmaq arzusu ilə yaşayırlar. Sizin yazınızı oxuyanda onlar gözümün önünə gəldi.
    Həm də Türk torpaqlarını elə təsvir eləmisiniz ki,
    elə bildim ki, mən də oraları gəzirəm. Siz doğrudan da yaxşı müəllimsiniz. Sizdən öyrəniləsi çox şey var.

  8. sayın hocam yeni gördüm güzel söz ve düşüncelerin için teşekkür.yine bekler daha güzel günlerin bizimle olması dileği ile ersin akkar kars

Bir Cevap Yazın