Hələ Yazılmayan Neçə Sözüm Var

Axırıncı iki rəqəmi  nəhs , uğursuz   hesab olunan bir ili gözləyirik – 2013-cü ili… Allah heç kəsə pis gün göstərməsin.

13  rəqəminə   niyə  nəhs deyirlər, bilmirəm.   13 rəqəmi şəxsən mənim ən uğurlu rəqəmimdir: atam 1913-cü ildə anadan olub, vaxtilə 13 nömrəli evdə yaşamışıq.

Bəli, bir yaş da qocaldıq. Yazı-pozu əhli kimi, özümüzə hesabat verməyin vaxtıdır. Bir ili necə keçirmişik, nə yazmışıq, nə yaratmışıq? ( nəyi yazmışıq, nəyi yaratmışıq, ikinci “nə” dən sonra “də” yoxdur- N.N.) Yadda qalan, kiminsə diqqətini cəlb edən ,elm, maarif, təhsil üçün önəmli işlərimiz varmı?

2012 -ci ildə Azərbaycanda şoxlarının həsrətində olduğu “Ən yaxşı müəllim” respublika müsabiqəsinin qalibi olmuşam.Bu münasibətlə çoxlu təbriklər almışdım. Məni ən çox sevindirən Türkiyədən – dostum, qardaşım Haldun Cezayirlioğlunun təbriki oldu. Nə qədər səmimi, nə qədər ülvi fikir və arzular.. .

Haldun bəy bu təbrikini Azərbaycanın təhsil nazirinə də çatdırmışdı. Sağ olsun, var olsun!

2012-ci ildə Türkiyə-Azərbaycan ədəbi, pedaqoji əlaqələrinə aid bir neçə məqalə yazmışam.Yenə də Haldun

bəyə    təşəkkür edirəm ki, bu məqalələrin Türkiyədə yayımlanması yolunda böyük  fədakarlıq nümunəsi göstərmişdir.

Mən Azərbaycan oxucularına  əslən   şəkili  olan  Türkiyə alimi Gölpinarlını da,   babalarımızın müəllimi   Halil Fikreti   də  ilk  dəfə məhz   Haldun bəyin   köməkliyi ilə tanıtmışam. Bu layihə çərçivəsində işlərim çoxdur. Məhz bu işləri başa çatdırmaq üçün  Allahdan   bir neçə il də yazıb yaratmağa imkan verən ömür istəyirəm.

2012-ci ildə Azərbaycanda bir neçə söz ustasının yubileyi keçirilmişdir. Bu yolda , bu sahədə   Azərbaycan oxucularına   arxiv  materialları əsasında yazdığım bir neçə  elmi  məqaləmi çatdırmışam. M.Ə.Sabir (1862-1911), Hüseyn Cavid (1882-1941) haqqında yazdığım məqalələr elmi ictimaiyyət tərəfindən razılıqla qarşılanmışdır.

Azərbaycanın uşaq mətbuatı, H.Z.Tağıyevin  Petrovskidə – indiki  Mahaçqalada açdığı qızlar məktəbi ( bu işartını mənə ünvanlayan tarix elmləri üzrə fəlsəfə doktoru  Fərhad Cabbarova  təşəkkür edirəm),   Kürdəmirdə   1881-ci ildə açılan ilk dövlət məktəbi haqqında yazılmış yazılarıma da dövlət səviyyəsində  qiymət   verilmiş, bu yazıların işığında  müvafiq  tədbirlər keçirilməsi müəyyənləşdirilmişdir.

2012- ci ildə Azərbaycanın Təhsil Naziri professor Misir Mərdanovun redaktor olduğu “Kurikulum” jurnalında fənn müəllimlərinə kömək məqsədilə yazdığım “Doğdu günəş qırmızı” adlı məqaləmin oxucularda doğurduğu təəssürat məni çox sevindirir.

“Qırmızı günəş” türk dünyasının ən maraqlı uşaq jurnallarından biridir. Türkiyə-Azərbaycan   ədəbi,  elmi  və pedaqoji  əlaqələrinin öyrənilməsində  burada sətiraltı  mənalar  çoxdur. Hər  halda tədqiqatçılar bu jurnalın mareriallarını, yazarların  həyatını  incələməli, ciddi araşdırmalıdırlar.

2012-ci ildə ən çox əməkdaşlıq etdiyim pedaqoji mətbu orqanlar “Təhsil problemləri ” qəzeti , Təhsil Nazirliyinin orqanı olan “Təhsil” jurnalı, “Modern.az”, “Qafqazinfo.az”, ANN.az”, “Olaylar.az” elektron qəzetləridir.

Son iki ayda “Strategiya.az” elektron qəzeti ilə əməkdaşlığım xeyli genişlənmişdir. Burada təhsil sahəsi , ədəbi-pedaqoji əlaqələr  haqqında  yazdığım  yazılara  səxavətlə yer  ayırırlar.  Sağ olsunlar!

Hələ üzünü görmədiyim bütün bu saytların rəhbərlərinə və əməkdaşlarına mənə göstərdikləri qayğıya görə minnətdaram.

Sözün bu məqamında ulularımızın bir fikrini yada salmaq istəyirəm. Bu fikir hansısa bir zərifədən ( nüktəsi ilə tanınan ədəbi janrdan) gəlir. Nüktəsi   budur ki, bitkinin toxumunun cücərməsi üçün yaxşı torpaq lazımdır. Torpaq münbit və yaxşı olanda , bitki torpağın üstündəki daşı da yarıb üzə çıxır.( Mən bu sözləri bütün xeyirxah adamlara ünvanlayıram ).

2012-ci ildən ayrılarkən bu ildə qalan borclarımı da yaddan çıxarmıram. M.Ə.Sabirin 100 yaşlı “Hohhopnamə”si (1912) , Abbas Səhhətin (1874-1918) “Sınıq sazı” (1912)  haqqında yazdığım yazıları çap etdirə bilmədim, üç kitabımın nəşri gələn ilə – 2013-cü ilə qaldı.

***

2012- ci ildə böyük bir təhsil ocağında  Azərbaycan dili və ədəbiyyatı kafedrasına  müdir seçilmişəm..Bu işdə məsuliyyətimi dərk edir, əqidə dostlarımla birlikdə türk dilləri içərisində özünə şərəfli yer tutan Azərbaycan dilinin tədrisi , Azərbaycan ədəbiyyatının təbliği  yolunda əhəmiyyətli işlər görürük. Kafedramızın əməkdaşlarından – hələ də doğma yurdu Kəlbəcəri yadından çıxara bilməyən şair təbiətli, yüksək elmi təfəkkürlü   Hüseyn müəllim, Türkiyədə ali filoloji təhsil almış  Hüseyn Cavidin  layiqli tədqiqatçısı  Sahibə müəllimə,   ədəbiyyatımızda cənub mövzusunun tədqiqi yolunda ilk inamlı addımlarını atan   Vüsalə müəllimə,  dilcıliyin söz yaradıcılığı bölməsində uğurlu elmi axtarışlar aparan   Aysel müəllimə  təhsilimizin yüksəlişi yolunda özlərini oda-közə atan aydınlar, ziyalılar kimi fədakarlıq nümunəsi göstərirlər.

 

2012-ci il hər bir vətəndaşın ömür hesabatının bir mərhələsidir. 2013-cü il mərhələsinin daha uğurlu olması hər insanın özündən asılıdır.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Azərbaycan dili və ədəbiyyatı b