Xəncərimizim qaşı düşməz

Xəncərimizim qaşı düşməz

Türklər müəllimə  “öğretmen”  deyirlər.
“Öğretmen” -türk  mənşəli sözdür. Kökü “öyrətmək” felidir. Azərbaycanda bu sözün əvəzinə, ərəb mənşəli “müəllim” sözünü işlədirlər. Əslində “müəllim” sözünü  iki cür başa düşmək olar:

…………………………

………………………………………………………………………………………………………………………
  1)  müəllim –  ələmli,dərdli,kədərli  ;   kədərləndirən, qüssə gətirən, qəmləndirən……………………………………………………………………………………………………………………………………………….
2) müəllim  – dərs  verən, tədris edən adam

……………………………………………………………………………………………………………………………………………………
Yaxşı müəllimlər o  qədər çoxdur ki,  “ələmli, dərdli, kədərli”  variantları  ,demək olar ki, yada düşmür.
Azərbaycanda müəllimlik hörmətli, izzətli sənət  ,peşə sayılır. Bəzən maaşını məktəbdən almayan  nümunəvi,ağıllı , dərrakəli adamlara da  “müəllim”  sözü  ilə müraciət edirlər.
Həqiqi müəllim müəllimliyini gizlətmək istəsə də bir iki kəlmə deyən kimi müəllimliyi üzə çıxır.  Müəllim –işıqlı,ziyalı adamdır.
Mən uşaq olanda,  hələ məktəbə getməyəndə,  5 yaşım olanda  (beş yaşımdan oyankı həyatım yadıma düşmür) neftçi olmaq istəyirdim. Bu, haradan ağlıma gəlmişdi , hələ də bilmirəm. Neft  Bakısından uzaqda  –  indiki  Qəbələdə, o  vaxtkı Qutqaşında  yaşayırdıq. Burada bir dənə də olsun neft  buruğu yox idi. Bəlkə də evdəkilərin bizə oxuduqları kitabda  neft haqqında material var imiş.
Nə isə…
Mənim ilk müəllimim  Zərxanım  müəllimə idi. Zərxanım  müəllimə  bizə  bir-iki ay dərs deyəndən sonra analıq məzuniyyətinə çıxdı.
Onunla dağların fonunda çəkdirdiyimiz şəkli  itirmişəm. Maraqlı şəkil idi: sinfimizin  7-8 çagirdi  Zərxanım müəllimənin işığına toplaşmıdı.
Zərxanım müəllimənin  dərsləri biz birinci sinif şagirdlərinə çox şey öyrətmişdir.
Zərxanım müəllimə  üç-dörd il bundan qabaq dünyasını dəyişib. Allah rəhmət eləsin!
Sonralar Sona müəllimədən,  Ayna müəllimədən dərs almışam.  Ayna müəlimənin oğlu bizdən bir-ili yaş  kiçik  idi.Onu görməsək də,  yaxşı tanıyırdıq.  Ayna müəllimə bizi oğlu Mir Kamilin timsalında tərbiyə   edirdi: sözünün əvvəli də, axırı da  Mir Kamil idi.
Orta məktəbdə  mənə  müxtəlif  fənlərdən dərs deyən  müəllimlərimi  – Qasımbala müəllimi, Almaz  xanımı,  Fazil müəllimi, Arif müəllimi   və daha  bir neçə öğretmeni bilik və  bacarıqlarına görə hələ də  unutmamışam. Şair Şəhriyar   uzun ayrılıqdan sonra Təbrizə qayıdıb müəllimi Molla İbrahimi ,  uşaqlıq dostlarını  soruşan kimi,  mən də   hələ də bu dünyanın ətəyindən bərk-bərk yapışıb qalan   həmyaşıdlarımdan  yeri düşdükcə müəlimlərimi soruşur, onlardan hal-əhval tuturam.
Qoy orta məktəb müəllimlərim , onların qohum-qardaşları inciməsinlər: mənim ən yaxşı müəllimlərim universitet müəllimlərimdir.
Birinci dərs günü fakültənin dekanı Əlövsət Abdullayev bizə yaxşıca dərs verdi: dərsə bir az gecikənləri elə danladı ki, bu, hamımıza dərs oldu.  Ağamusa Axundov “Dilçiliyə  giriş”ə  elə başladı ki, hamımız dilçiliyə girişdik.
Yazılarımın birində  oxuculara    “Dünyanın ən işıqlı adamı”    kimi  təqdim  etdiyim Fərhad Zeynalov  bizə  türk dillərinin zənginliyini incələdi.
Bir   az əsəbi olan  Ağamalı Həsənovun  dərslərini həmişə səbirsizliklə gözləyir, lakin ona   zəhminə görə mövzu ətrafında sual verməyə cəsarət etmirdik : onsuz da mövzunu elə dərsin özündə başa düşürdük.
Fars dili müəllimimiz  Fəxrəntac müəllimə idi. Bu gözəl müəllimin, gözəl qadının işıqlı simasını yaddan çıxarmaq çətindir. Fəxrəntac müəllimə mənə “beş”  vermədi ,”dörd” verdi, amma hər  şeydən əvvəl  qrupumuzun bütün tələbələrinə ərəb əlıfbasını, fars dilinin danışıq xüsusiyyətlərini öyrədə bildi.
Dil tarixi müəllimimiz  Azərbaycan Respublikası Elmlər  Akademiyası  Dilçilik İnstitutunun direktor  müavini  professor Mirzə Rəhimov  idi .Universitetdə  saat  hesabı ilə işləyirdi. Seminar məşğələlərini aspirantları Şaməddin  müəllim  və  Əvəz  müəllim  ararırdı.( Onların hər ikisi vaxtından tez  dünyasını dəyişib. Allah hər ikisinə rəhmət eləsin).
Mirzə Rəhimovun dərsləri hamya  maraqlı idi. Onun dərslərində heç kəs əsnəmirdi. Tələbələrimizin dilçilik təfəkkürünün yüksəlməsində M.Rəhimovun rolunu heç kəs inkar edə bilməz.
Mirzə Rəhimov  – mən   Dilçilik İnstitutunun aspiranturasında  oxuyarkən  mənim elmi rəhbərim olub.Mən onu nədənsə həmişə  Türkiyənin Azərbaycan  əsilli alimi Əbdülbaqi Gölpinarlıya oxşadıram. Qocaman alimə bu elmi oxşarlığı deməyə ehtiyat edirəm.
Universitetdə hamı  Samət Əlizadəni   ən nümunəvi şəxsiyyət, ən nümunəvi Füzuli tədqiqatçısı kimi  tanıyırdı. Lakin heç birimiz  onu ədəbi irsimizin     yorulmaz tədqiqatçı  Sona Xəyal kimi  qiymətləndirə bilməmişik.
Samət Əlizadə  diplom işimin rəyçisi idi. Onun rəyinin surətini hələ də əziz bir xatirə kimi saxlayıram .Bu rəy S.Əlizadənin  elmi işlərindən biri   kimi qiymətləndirilə bilər.
Mən çox fəxr edirəm ki,  Azərbaycan Dövlət Universitetində  və Milli Elmlər Akademiyasının aspiranturasında   Məmmədağa Şirəliyev,  Səlim Cəfərov, Tofiq Hacıyev,  Zinət Əlizadə , Musa Adilov, Rəhilə xanım Məhərrəmova kimi     professorlardan  dərs almışam , Azərbaycan dilinin incəliklərini , türk dillərinin gözəlliyini və əzəmətini onlardan öyrənmişəm.
***
İnsanlar, sizə    dərs   deyən müəllimlərinizi unutmayın.Gəlin ilin günlərinin birini “Müəllimləri ziyarıət günü”  elan edək. Vallah xəncərimizin qaşı düşməz..

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi -Metodiki Şurasımım bölmə üzvü,
TQDK-nın eksperti,
ƏN YAXÇI  MYƏLLİM     müsabiqəsinin  qalibi,
AAM-in kafedra müdiri.

Bakı,
25.11.2012-ci il.