Tanımadığımız Azərbaycanlı Alim,Abdülbaki GÖLPINARLI

                                          Dünya şöhrətli ziyalılarımız

 Tanımadığımız Azərbaycanlı Alim,   Abdülbaki Gölpinarlı

  (1900-1982)

 

   Əslən Şəkinin Gölbulaq köyündən olan Abdülbaki Gölpinarlı  Türkiyədə  çox yaxşı tanınan ədəbiyyatşünas  alim, islami dini görüşləri, geniş  tərcüməçilik fəaliyyəti ilə yadda qalan  məşhur təfəkkür sahıblərindən  biridir.Azərbaycan ziyalılarından çoxu, bəlkə də, onun adını ilk dəfə   1958-ci ildə Məhəmməd Füzulinin vəfatının 400 illiyi münasibəti ilə keçirilmiş təntənəli yığıncağında eşitmişlər.

   A.Gölpinarlı dinləyicilərə  və  oxuculara    hər  yerdə  Türkiyə  alimi  kimi təqdim olunmuş,  onun  əsli  və  nəsli, dədə-baba yurdu  haqqında  məlumat  verməyi  lazım bilməmişlər.Azərbaycan alimlərinin Füzuli haqqında yazdıqları elmi-tədqiqat işlərində  də  A.Gölpinarlıdan bəhs emək, onun yaradıcılığında mühüm yer tutan  Azərbaycan  mövzusundan söz  açmaq yada  düşməmişdir.

   A.Gölpinarlının  atası    XIX əsrin sonlarında,  XX əsrin əvvəllərində  Türkiyyədə yaxşı tanınan  müxbirlərdən  biri olan  Ahmed  Agah Əfəndidir. Ahmed  Agah Əfəndinin atası  İzzət  Mustafa oğlu  Gəncənin Göybulaq  köyündə  anadan olmuş, 1877-1878-ci  il  Rus-Türkiyə savaşı zamanı  Bursaya gəlmiş, bir müddətdən sonra  da oradan  İstanbula köçmüşdür.

   Yeri gəlmişkən qeyd edək ki, Gölbulaq kəndi  Cəfərabad –Şəki yolunun  üstündə yerləşən ,  zəngin tarixi ənənələri olan, orta  əsrlərdə  bir sıra  döyüşlərə  şahidlik edən  yaşayış məskənidir.

   Ahmed  Agah  Əfəndinin  mühərrirlik  fəalıiyyəti  İstanbulda  nəşr olunan  “Tərcümani-hakikat” adlı qəzetdə formalaşmışdır. (“Tərcümani-Hakikat” qəzeti  Türkiyənin  uzunömürlü  mətbuat  orqanlarından  biridir.  İlk  nömrəsi  26  haziran 1878-ci ildə ,  son  nömrəsi   isə 11 şubat  1921-ci  ildə  çap edilmişdir.)

     Ahmed  Agah  Əfəndi  bu qəzetin ararıcı müxbirlərindən biri  idi;  o,  mətbuat aləmində  “Şeyxül- Mühabirin” (müxbirlərin şeyxi- N.N.)  kimi anılırdı.

    Ahmed Agah Əfəndi  İstanbulda  əslən Dağıstandan  olan  Aliyə Şöhrət  xanım ilə evlənmişdir. Ailənin  doğulan  ilk uşaqları  hələ  körpə  ikən  həyatdan  köçmüşlər. Ailə  başçıları  10 ramazan 1317-də  İstanbulda  Kadırqa  səmtində   dünyaya  gələn  növbəti  körpəyə  Mustafa  İzzət  adı verir. Bu,  körpənin  dədəsinin  (atasının atasının-N.N.)  adı  idi. Ailənin  əvvəlki   çocukları  çox  yaşamadığı  üçün  uzun ömürlü olsun  deyə  onu  sonralar  Abdülbaki  takma adı ilə  çağırmışlar. (“baqi”  sözünün  bir  neçə mənası var,onlardan  biri  də “əbədi” deməkdir—N.N.)

  A.Gölpinarlı  yaxşı təhsil ocaqlarında   yaxşı müəllimlərdən  yaxşı  təhsil almışdır.O, ilk tətsilini İstanbulun Babiali yokuşunda, indi  Basma Əsərləri Dərləmə Müdirliyi olan Təhsin Əfəndi   İlkokulunda,  orta təhsilini  “Mənbəül-İrfan” məktəbində almışdır.

   A.Gölpinarlı   Gelenbevi İdadisinin (rüşdiyyə məktəbinin  –N.N.) son sinifində   oxuyarkən  atası  dünyasını dəyişmişdir. . Təhsilinə  ara verən  məktəbli   işləməyə  məcbur olmuşdur.  O,  bir müddət  İstanbul  Veznecilerində  kitabçılıqla  məşğul olmuş, sonra  isə Çorumun Alaca ilçesindeki  Mənbəi- İrfan  İbtidai  Məktebində öğretmenlik  və  idarəcilik etmişdir. 1922-ci ildə  İstanbula döndüş, imtahan verərək son sinfinə  girdiği İstanbul  Erkək  Müəllim  Məktebini, ardından da  İstanbul Üniversitetinin ədəbiyyat fakültəsinin  türk  dili  və  ədəbiyatı bölümünü  Profesör Köprülüzade Mehmet  Fuat Bəyin nəzarətində  hazırladığı   Məlamilik ve Məlamiler adlı məzuniyət tezi ile bitirmişdir. (1930).

    A.Gölpinarlı  1931-ci ildə çap etdirdiyi ”Məlamilik və məlamilər” kitabını ona elmi yaradıcılıq  üslubunu  və qaydalarını öyrədən  Professor  Dr. Köprülüzadəyə  ithaf etmişdir: ”Bu əsərimi türk ədəbiyyatı  tarixini quraraq  gəncliyə elm yollarını göstərən və  ÇALIŞMA ZÖVQÜNÜ  verən şərqiyyat  banisi  əziz  ustadım  Prof. Dr.Köprülüzadə  M.Fuat  bəy əfəndiyə  ithaf  edirəm”.

   Təəssüf ki, sonralar müəllim və tələbə arasında  anlaşılmazlıq  baş verir və  onların əlbir elmi fəaliyətinə son qoyulur.

    A.Gölpinarlı    sonralar  yazdığı  məqalələrin birində  bu  soyuqluğu  və ayrılığı  F.Köprülüzadənin  közü  həmişə  öz  tərəfinə  çəkməsi  və  müəlliminin  liderlik iddiası  ilə  əlaqələndirir.

   A.Gölpinarlı   ədəbiyyat  öğrətməni  olaraq   Konya,  Kayseri,  Balıkəsir, Kastamonu  və  İstanbuldakı  Haydarpaşa  Liseyində çalışmışdır. Ankara Üniversitetinin  dil və tarix-coğrafya  fakültəsində  fars  dilindən  mühazirələr oxumuşdur. Doktorluq  mənsəbinə  çatandan  sonra  həmin  fakültədə  mətinlər şərhindən  dərs  demişdir.  İstanbul  Üniversitetinin  ədəbiyyat  fakültəsində   islam-türk  təsəvvüf  tarixi  və ədəbiyyatı  dərsləri  vermişdir.  1945- ci il  nisvan  ayının 13-də  “kommunistlik”də  günahlandırılaraq,  Türk  Cəza  Qanununun  142-ci  maddəsi ilə   Tək Parti  İdarəsi  tərəfindən  tutuklanır;  318 gün  həbsxanada  yatdıqdan  sonra –1946-cı  il  şubat ayının 25-də  ona  bəraət  verilir  və  A. Gölpinarlı  yenidən    müəllimlik  fəaliyyətinə  qayıdır.    A.Gölpinarlı    1949-cu  ildə  öz  istəyi  ilə təqaüdə çıxır. Əslində  bu,  A.Gölpinarlının  yaşadığı  cəmiyyətin  yaramaz  qayda-qanunlarına  qarşı  etiraz  səsi idi. Tədqiqatçılardan  biri  A.Gölpinarlını  tam anlamıyla  aydın  bir  ziyalı  kimi    qiymətləndirmişdir.  

   A.Gölpinarlının   ailə  həyatı  uğursuz  olmuşdur.  O,  1926-cı ilə  aid  tərcmeyi –halında  yazırdı: “ Evləndim, boşadım,  adını da ,  tarixini   də  unutdum,  bir  daha  evlənməyə  niyyətim  yox”.

   A.Gölpinarlı  1982-ci  ilin  avqust  ayının  25-də  dünyadan  köçmüş,  Seyid  Əhməd Dərəsi  Məscidi  Qəbristanında  dəfn edilmişdir. Onun qəbir daşında olan melami daşını  Gölpinarlının yaxın arkadaşı  böyük  xəttat  Professor  Ali  Arpaslan  hoca  yazmışdır. 

                                                 ***

 

   A.Gölpinarlı  elmi  yaradıcılığa  gənc  yaşlarından  başlamışdır.  O,  əqidə   və  məsləkinə  görə  Osmanlı  sufiliyinin  təmsilçisidir.
    1931-ci ildə  yayımladığı  “Məlamilik ve məlamilər” adlı  əsəri  ilə   özünü  tanıdan Gölpinarlı  “ Türkiyat məcmuəsi”,  “Şarkiyat məcmuəsi”    və  İstanbul Üniversiteinin

 “İqtisad  fakültəsi məcmuəsi”nin  bir sıra  nömrələrində , digər dərgi və  gəzetlərin  səhifələrində  də  maarifləndirici yazılarla çıxış edir. İslam Ensiklopediyası  və  Türk Ensiklopediyası   üçün  çeşidli  məqalələrini  yazır.  Divan  ədəbiyyatınına   aid  çalışmaları  elm  adamlarının  diqqətini  cəlb  edir.“Divan Ədəbiyyatı Bəyanındadır” (1945)  adlı  kitabı  ilə  ədəbiyyat  aləmində  məşhurlaşan  A.Gölpinarlı   M.Füzuli, Yunis  İmrə,  Nədim,  Mövlanə  Cəmaləddin, Şeyx Galib və  sair  söz  ustalarının ədəbi  irsinin  türk  oxucularına  çatdırılmasında  misilsiz   işlər  görmüşdür.  

   A.Gölpinarlının  M.Füzuli  haqqında  ilk elmi  işi  oxuculara 1930-cu ildə ”Türk Nəşriyyat Yurdu” tərəfindən çatdırılmışdır.  162 səhifəlik  bu əsərin  II cildi 1932-ci ildə çap  olunmuşdur. 1958-ci ildə Bakıda  M.Füzulinin  vəfatının  400 illik  xatirə  tədbiri  keçiriləndə  A.Gölpinarlının  adı azərbaycanlı  alim kimi , demək olar ki, yada düşməmişdir. Halbuki  bu  tədbirdən  bir  neçə  il  əvvəl –1948 –ci ildə Türkiyədə A.Gölpinarlı   M.Füzulinin 432 səhifəlik  divanını  çap etdirmiş,  ona  geniş  bir  müqəddimə  yazmışdı.  Bu  divanın  II  və  III  basqılar  müvafiq  olaraq  1961-ci  və 1985-ci  illərdə  çap  olunmuşdur.  Divan  1669-cu  ildə  köçürülmüş  nüsxə  əsasında tərtib  edilmişdir.  Çox  güman  ki,  A.Gölpinarlıya  göstərilən,   bu  etinasızlıq   divanın  girişində   M.Füzulinin  türk  şairi  kimi  qələmə  verilməsi  ilə əlaqədar olmuşdur.

   Maralıdır  ki,  A.Gölpinarlı  1932-ci ildə  ”Azərbaycan  Yurd  Bilgisi”  jurnalında da  M.Füzuli  haqqında”  məqalə  ilə çıxış etmişdir.

   A.Gölpinarlı   M.Füzulinin  “Səhhət  və Mərəz”  haqqında  ilk  söz  deyən tədqiqatçılardan  biridir.  Əsəri  türk   dilinə  1856-cı  ildə   türkiyəli  söz  ustası Məhəmməd  Ləbib  Əfəndi  tərcümə  etmişdir.

   A.Gölpinarlı   “Səhhət və Mərəz”  əsərini  yenidən  tərcümə  etmiş, onu  1940-cı ildə  fransız   dilində   yazılmış  4  səhifəlik   xülasə  ilə ( cəmi  44 səhifə )  İstanbul Universitetinin  Tibb  Tarixi  İnstitutunun  Elmi məcmuəsində    dərc etdirmişdir.

   A.Gölpinarlı  Türkiyədə  Hoca  Nəsrəddini  elmi  şəkildə  təbliğ  edən   səviyyəli tədqiqatçılardandır. “Hoca Nəsrəddin”  kitabında   Azərbaycanda  Molla Nəsrəddin  kimi  tanınan   müdrik  insan  haqqında  müasir  Azərbaycan  oxucuları  üçün  çox maraqlı  görünən  nümunələr  çoxdur. Ədəbiyyatşünaslarımızın  bu  istiqamətdə ciddi  elmi araşdırmalar aparmaları arzu olunur.

   A.Gölpinarlı  Türkiyənin  təhsil  sistemində  bir  neçə  dərslik  müəllifi kimi  də   tanınır. O, ”İmtahan.Monoloq” (1925), ”Mühasibati-Əxlaqiyyə” (1926-1927),  “Yurd bilgisi” 4-cü sinif  (1927),  “Yurd bilgisi” –V sinif- (1927-1928),  ”Cümhuriyyət çocuğunun din dərsləri  (Səbri Eşatlı ilə birlikdə)–III,IV,V siniflər- (1928)  dərslikləri” və s. ilə türk məktəblilərinin təfəkürünü və mütalıə dairəsini xeyli genişləndirmişdir.

   A.Gölpinarlının  Sabri  Eşatla  birlikdə yazdığı ”Yavrumun tarix kitabı”  dərsliyi 1930-cu  ildə  iki  dəfə  nəşr  edilərək  məktəblilərə  çatdırılmışdır.

   A.Gölpinarlını   nəşr  edilmiş  114  kitabın  ( təlif və tərcümə), 404  məqalənin müəllifidir. O, əsərlərinin  bir  qismini  Rəmzi  Aczi  takma adı ilə çap etdirmişdir.

   A.Gölpinarlı   Ouranı  türk  dilinə  tərcümə  edən  Azərbaycan  əsilli  ziyalılardan biridir.Onun  elmi yaradıcılığının yüksək  səviyyədə  öyrənilməsi  ədəbi ictimaiyyətimizi   ciddi  düşündürməlidir.

   Azərbaycanda ve Türkiye’de A.Gölpinarlının  heykəlinin  ucaldılması,  BDU-nun  şərqşünaslıq fakültəsinin  əlaçı  tələbələrindən  bir  neçəsinə  A.Gölpinarlı  təqaüdü  verilməsi  də   unudulmamalıdır.

   Nazim Nəsrəddinov,

 

Azərbaycan  Respublikasının  əməkdar  müəllimi,

 Təhsil  Nazirliyinin  Elmi-Metodiki  Şurasının

 Azərbaycan  dili  və  ədəbiyyat  bölməsinin  üzvü.

 

 Bakı, 27.03.2012-ci il.                      S.00:24

2 thoughts on “Tanımadığımız Azərbaycanlı Alim,Abdülbaki GÖLPINARLI

  1. Əziz dost, salam!
    Azərbaycan əsilli türk alimi Abdülbaki Gölpinarlını türk dünyasına Siz tanıtdınız. Bu,türk dünyasına göstərilən ən böyük xidmətlərdən biridir.
    Dərin və səmimi təşəkkürlər!!!

    Hörmətlə,
    Nazim müəllim.
    Bakı,06.05.2012. s.13:33

  2. Hörmətli Haldun bəy!
    Abdülbaki Gölpinarlı yazısna görə yarım saatın ərzində dost-tanışlardan telefonuma düz 11 zəng gəlib.Hamıya səbəbkar kimi Sizi nişan vermişəm.
    Bir daha minnətdarlığımı bildirirəm.

    Nazim müəllim.

    Baki,06.05.2012. s. 14:15

Bir Cevap Yazın