Basiret-ül Etfal

XX əsrin  əvvəllərində İstanbulda çap olunan Ilk  Azərbaycan dərsliyi– 1907-” Bəsirətül-ətfal ”

Görkəmli  Azərbaycan pedaqoqu  Rəşid bəy Əfəndiyev  bir    neçə dərslik müəllifidir.    Bu dərsliklərdən biri—1898-ci ildə  İstanbulda nəşr olunan “Uşaq bağçasi” haqqında ədəbi  və elmi ictimaiyyətə məqalələrimizin birində ətraflı  məlumat vermişdik. Bu yazımız R.Əfəndiyebin  İstanbulda çap olunmuş daha bir dərsliyi haqqındadır.

   Rəşid bəy Əfəndiyevin  Türkiyədə çap olunmuş ikinci  dərs  vəsaiti  “Bəsirətül-ətfal”dır.  R.Əfəndiyevin  bu adda  ilk dərsliyi 1901-ci ildə Bakıda çap olunmuşdur.

  XX əsrin əvvəllərində   R.Əfəndiyev  xalqa və onun məktəbli övladlarına  öz  sözünü  yenə  də dərslik vasitəsilə söyləmək  qərarına gəldi.  O, 1901-ci il sentyabrın 12-də Qafqaz Senzura  Komitəsindən Bakıda  Azərbaycan dilində  “Bəsirətül-ətfal” (“Uşaqların  zirəkliyi “) adlı 226 səhifəlik yeni bir dərsliyin çap edilməsinə icazə aldı. Dərslik Bakı Quberniya İdarəsinin mətbəəsində çap olunmuşdur.

   Rəşid bəy Əfəndiyevin bu dərsliyi də  onun   1898- ci ildə İstanbulda çap olunan “Uşaq bağçası” dərsliyi  kimi  türkdilli reqionlarda bəyənildi və təqdir edıldi. Yeni dərslik  – “Bəsirətül-ətfal”    müəllifin “Uşaq bağçası” dərsliyi ilə   ilə yanaşı, mübtədi  məktəblərinin əsas oxu kitabı kimi şagirdlərin mütaliə  mədəniyyətinin inkişafına  güclü təsir göstərməyə başladı. Dərslikdəki bədii parçalar,  öyüd  və nəsihət  xarakterli  yazılar   məktəb yaşlı uşaqların  elmi,  idraki, həyati  biliklərinin zənginləşməsinə  yönəldilmişdir.İki babdan—hissədən ibarət olan  “Bəsirətül-ətfal”da Azərbaycan ədəbiyyatına,onun nəzəri məsələlərinə geniş yer verilməsi diqqəti cəlb edən məsələlərdəndir.Bu materialların hazırlanmasında  Türkiyədə çap olunan  dərslik və ensiklopediyalardan geniş istifadə olunması “Bəsirətül-ətfal”ın dəyərini  artıran amillərdən biri kimi qiymətləndirilməlidir.

    Rəşid bəy Əfəndiyev 1907-ci ildə “Bəsirətül-ətfal”ın yeni nəşrini hazırlayır. Dərsliyin üz qabığında  o  dövrün  müasir dərs avadanlıqları ilə  təchiz   edilmiş  sinif otağının mənzərəsi  əks olunmuşdur. Nümunəvi məktəb mühitini canlandırmağa çalışan  rəssamın  adını çətinliklə də olsa  “Taburin” kimi oxumaq olar.Əsərin müəllifi  kitabın üz qabığında  belə  təqdim olunur: “Zaqafqas Darülmüəlliminin müsəlman şöbəsinin elmi-ilahi  və lisan müəllimi Rəşid bəy Əfəndizadə”.

       “Bəsirətül -ətfal”ıın ikinci  nəşri kimi təqdim edilən bu dərslik  islamiyyə tarixi ilə 1325-ci ildə    (  miladi tarixi ilə 1907-ci ildə )  İstanbulda  Babəli  civarında 72 nömrəli binada yerləşən Mahmud bəy  mətbəsində çap olunmuşdur. Dərsliyin sonundakı elanlarda  müəllifin  bədii bə elmi yaradıcılığna  işıq salan  məqamlar vardır.Belə ki ilk nəşri 1898-ci ilə aid olan “Uşaq bağçası” 1907-ci ilə qədər    üç dəfə nəşr  olunmuşdur. R.Əfəndiyevin    beş   məclisli “Qan ocağı” komediyası  da  bu ərəfədə  çap olunmuşdur.

 İstanbulda çap olunan  “Bəsirətül-ətfal” həcmcə 128 cəhifədir.  Dərslik iki hissədən–babdan ibarətdir. Birinci bab daha əhatəldir.İkinci bab 90-cı səhifədən baslayır. Yeni nəşrdə mövzulara aid 30-a yaxın  şəkil vardır. Dərslik “Yüz yaşlı qoca ” zərifəsi ilə başlayır. Bu zərifə əslində N.Gəncəvinin “Kərpickəsən qoca və cavan” hekayəsinin təsirıi ilə yazılmışdır. Bir neçə cavan  yüz yaşlı qocanın torpağa alma toxumu səpdiyini görüb onu  bu işdən çəkindirməyə cəhd edir: “Ey qoca baba,sənin yüz yaşın var,toxumdan çıxan  cırı calayıb, əmələ gətirəndən sonra meyvəsini görməyə çox ömür istər…Zəhmət çəkmə ,bu,sənə çatmaz”. Qocannın cavabı çox  sərrast olur:”Əzizlərim! Əkiblər yemişik, əkərik yeyərlər”.

 Birinci babın  “Fəqir Bülbül və qəni Qarışqa “, “Gün, Ay və Ulduz” “Uşaq və ayna”,”Alma ağacının əhvalı”, “Seyid Əzimin oğluna yazdığı nəsihətlər” və s. maraqla oxunur.  Dərslikdəki  təbiət  hekayələri    R.Əfəndiyevin ətraf mühitə, coğrafi anlayışların izahına   bacarıqlı ögretmen  mövqeyindən yanaşdığı hiss olunur.

    Dərsliyin ikinci babı ədəbiyyat  xüsusundadır. Burada  .M.Füzuli  və  Şair  Nəbi haqqında  maraqlı məlumat verilir, oxucular divan ədəbiyyatının səciyyəvi                      xüsusiyyətləri  ilə tanış  edilir. Bu hissənin  zərbi- məsəllərə, yazının üsuluna, imlasızlığa həsr olunmuş materialları da  diqqəti cəlb edir,məktəb yaşlı  uşaqları elmə, təhsilə həvəsləndirir.

 Nazım Nəsrəddinov ,

                                         türkoloq.

 Bakı şəhəri,

13 oktyabr  2011-ci il. s.   03:49

One thought on “Basiret-ül Etfal

  1. Diqqət!!!
    Sonrakı tədqiqatlardan məlum oldu ki, Vladimir Amosoviç Taburin (1870-1954) görkəmli rus rəssamıdır.Bir sıra yazıçıların-Puşkin, Lermontov,L.N.Tolstoy və başqalarının əsərlərinə illyustrsiyalar çəkib.1904 -cü ildə Sankt-Peterburqda nəşr olunan “”Lidiya Vlassovskaya” povestinə də çoxlu illyustrasiyalar çəkmişdir.”Bəsirətül-ətfal” üz qabığındakı müəllim Peterburqda Pavlovskaya İnstitutunda riyaziyyat dərsi deyən Q.Q.Vatseldir. Dərslikdəki digər şəkillər də onundur.
    İnstitutun tələbə qızları onu “Qri-Qri”kimi tanıyırdılar.O, çox hörmətli müəllim imiş.
    Daha ətraflı məlumat–yazı hazırlayıram.Gözləyin!

    Nazim müəllim.
    Bakı,
    28 may 2012-ci il.

Bir Cevap Yazın