Uşaq Bağçası ” Çocuk Yuvası”

” Azerbaycanlı dostumuz ve günümüzün  değerli pedagoglarından Sayın Nazim Nasreddinov’un gönderdiği yeni yazısını takdim ederim. H.C. “

Türkiyədə çap olunmuş ilk Azərbaycan dərsliyi-

    “Uşaq bağçası”- 1898-ci il

    Azərbaycanlı maarifçilərin Türkiyə ilə ədəbi, mədəni,elmi və işgüzar əlaqələri on doqquzuncu əsrin sonlarında bir neçə illik durğunluqdan  sonra  geniş və hərtərəfli inkişaf yoluna qədəm qoymuşdur.      Bu mərhələnin ilk nümayəndələri Həsən bəy Məlikzadə (Zərdabi) və Hacı Səid Əfəndi Ünsizadə olmuşlar.Onların hər  ikisinin  Türkiyə ilə münasibətlərinin əsasında  maarif   və mədəniyyət məsələləri  başlıca rol  oynamışdır. XIX əsrdə   Azərbaycan dilində çap olunan  “Əkinçi”,”Ziya”,”Ziyayi-Qafqasiyyə, “Kəşkül” adlı mətbuat orqanlarının mətbəə və çap avadanlığının müəyyən hissəsi Türkiyədən gətirilmişdir. 1880 –ci ilin sonlarında Səid Ünsizadənin Türkiyəyə mühacirətindən sonra  Azərbaycan- Türkiyə münasibətlərində əlaqələr daha da inkişaf  etmişdir.

     Səid Ünsizadənin  Münif Paşanın köməyi və qayğısı ilə Türkiyənin  maarif nazirliyi sistemində işə düzəlməsi  Azərbaycanda maarifçiliklə  bağlı bir sıra məsələlərin  yeni istiqamətini müəyyənləşdirmişdir:nəşriyyat sahəsində  milli ziyalıların fəaliyyəti güclənmiş, ana dilində  dərslik və dərs vəsaitlərinin çapı üçün geniş və   hərtərəfli  imkanlar yaranmışdır.

     Bu cəhətdən 1898-ci ildə  Rəşid bəy (Bəzi mənbəələrdə Rəşid bəyin adı Əbdülrəşid  kimi göstərilir –N.N.) Əfəndiyevin Konstantinopolda  çap olunmuş “Uşaq bağçası” alı dərslik diqqəti cəlb edir. Bu, Türkiyədə  çap olunmuş  ilk Azərcaycan dərsliyidir.

    R.Əfəndiyev 1863-cü ildə Azərbaycanın Şəki şəhərində anadan olmuş, ilk təhsilini atası İsmayıl Əfəndidən almışdır.Sonralar  təhsilini  şəhərdəki qəza məktəbində davam etdirmiş,1879-cu ildə Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyasının müsəlman şöbəsi açılarkən birincilər sırasında bu yeni təhsil ocağına daxil olmuşdur.

    R.Əfəndiyev  1882-ci ildə seminariyanı bitirərək  1892 -ci ilin dekabr ayınadək kənd məktəblərində müəllim işləmişdir. O,1892-ci ilin dekabr dekabr ayının 27-də Zaqafqaziya  Əhli_Təsənni Ruhani İdarəsinə katib köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. R.Əfəndiyevin  bu vəzifəyə irəli çəkilməsində rusca və azərbaycanca yaxşı savadı ilə yanaşı, gözəl, aydın, oxunaqlı xəttinin olması da mühüm rol oynamışdır.Əlində  seminariya attestatı olmasına baxmayaraq, o, dini məktəblərdə öz yerini möhkəmlətmək üçün  ruhani idarəsinə müraciət edərək prixod mollası  və müəllim rütbəsi almaq    qərarına gəlir.Zaqafqaziya Əhli-Təsənni İdarəsinin 2  iyul 1893-cü il tarixli qərarı ilə ona 760 nömrəli attestat verilir.R,Əfəndiyev Tiflisdə Ruhani idarəsində  işlədiyi illərdə buradakı məktəbdə  şagirdlərə  müxtəlif fənlərdən dərs demişdir.Onun  sonrakı pedaqoji fəaliyyəti Zaqafqaziya Müəllimlər  Seminariyası , Şəki Pedaqoji Texnikumu və müxtəlif elm  sahələri ilə bağlı olmuşdur.Çoxlu orijinal şeirləri   və tərcümələri , pedaqoji əhəmiyyətli bir neçə kiçik hekayə  və   pyesi ,Azərbaycan dilində bir  neçə dərsliyi olan   görkəmli pedaqoq  1942-ci ildə avqustun 31-də doğma Şəki şəhərində vəfat etmişdir.

    R.Əfəndiyevin elmi- pedaqoji  fəaliyyətində “Uşaq bağçası” dərsliyi əhəmiyyətli yer tutur. Yaxşı xətti,tərcüməçilik məharəti, vəzifə borcuna vicdanlı münasibəti Rəşid bəyə baş ucalığı gətirsə də,  o,az maaşla dolanmaqdan bezikərək, əlavə gəlir yolları axtarır.Özünü oda-közə vursa da yeganə çıxış yolunu elmdə və ədəbi yaradıcılıqda görür. Bu cəhətdən R.Əfəndiyevin1898-ci il aprelin 4-də mufti M,H,Qayıbova yazdığı ərizə maraq doğurur. Ərizəçi ayda34 manat29 qəpik əmək haqqı aldığını,6 nəfərlik ailəsini güclə dolandırdığını ürək ağrısı ilə bildirir, vacib  həyati  şəraitini yaxşılaşdırmaq üçün  müftidən  qayğı umur: “ Maddi vəziyyətimi yaxşılaşdırmaqdan ötrü  hələ Xalq Maarif cictemində işlədiyim illərdə tərtib etdiyim əlifba kitabçasını  nəşr etmək qərarına gəlmişəm.. 10 il müddətində müntəzəm olaraq dərs planı tutmuş,dil öyrətmək sahəsində parlaq nəticələr qazanmışam.Gündəlikdə əsas yeri  rus qaynaqlarından götürülmüş məqalələr,Puşkin,Lermontov,Krılov,Koltsov,Jukovski və başqalaının əsərləri tutur..

      Senzor Komitəsinin icazəsi ilə əsəri (“Uşaq bağçası” dərsliyi nəzərdə tutulur-N,N,) ərəb əlifbasının kolleqrafiya qaydaları ilə çap etdirməkdən ötrü Türkiyəyə–Konstantinopol şəhərinə göndərmişəm. İndi Konstantinopolda Azərbaycan dilini kamil bilən adam olmadığından tipoqrafiyanın rəhbərləri dərsliyin düzgün korrektə olunacağına zəmanət vermir. Odur ki, dərsliyi korrektə etmək üçün Kohstantinopola getmək istəyirəm”.

     R,Əfəndiyev ərizəsinin sonunda  səfərlə əlaqədar olaraq,ona  iki  aylıq  pulu ödənilmək şəpti ilə məzuniyyət verilməsini xahiş edir.

     Zaqafqaziya müftisi H.Ə.Qayibovun 18 may 1898-ci il tarixli 770 nömrəli təliqəsinə əsasən R,Əfəndiyevə    Konstantinopola getmək üçün iki aylıq məzuniyyət  və xarici pasport verilir.

     R,Əfəndiyevin  “Uşaq bağçası” dərsliyi 1898-ci ildə(1316 sənə islamiyyə) İVANAKİ   PƏNAYOTİDİSİN İslambulun(dərslikdə“İslambul” yazılıb- N.N )  Babəli cadəsindəki   38 nömrəli mətbəəsində çap edilmişdir.Yeri gəlmişkən qeyd edək ki,”Uşaq bağçası”nın çapına  hələ 29 fevral 1896-cı ildə Tiflisdə Senzor Komitəsi tərəfindən icazə verilmişdi. Dərsliyin təlim  sistemindəki rolunu vurğulayan müəllif  “Savadsız adam bir ayda oxuyur və yazır “ sözləpini  yazmaqla şagirdləri maariflənməyə səfərbər edir.Müəllif dərslikdə soy adını Rəşid bəy Əfəndizadə kimi göstərir.

 Dərslikdəki qeydlərdən öyrənirik ki,Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbov  və  Zaqafqaziya şeyxülislavı Axund    Əbdüssəlam   Axundzadə  bu dərsliyin ibtiai  məktəblərdə istifadə olunmasını faydalı hesab edirlər.

   Dərslik müəllifin giriş sözü ilə başlayır. Giriş və üç hissədən ibarətdir. Əvvəlinci fəqərə adlanan hissə 8-ci səhifədən başlayıb,32-ci səhifədə qurtarır. Bu, dərsliyin əsas nəzəri və elmi –metodiki hissəsidir..  Burada fonetikaya və leksikaya aid materialların 27 dərs saatı ərzində öyrənilməsi nəzərdə tutulur.    Dərsliyin sonrakı hissələri  şagirdlərin mütaliə dairəsinin genişləndirilməsinə , bədii zövqün formalaşmasına ,əxlaqi tərbiyənin yüksəldilməsinə, elmi biliklərin təbliğinə  xidmət edir.   Bu materiallara 70  başlıq altında  yerləşdirilmişdir. Bunların 54-ü   dərsliyin ikinci fəqərəsində   verilmişdir.Burada dünyanı dolaşan  təmsillər və sərgərdan mövzularda olan şeirlər,islam dininin və peyğəmbərlərin tərifi,fəsillər haqqında məlumat xarakterli materiallar və fəsillərin vəsfi  əsas yer tutur.

      Dərsliyin üçüncü fəqərəsindəki   16 başlıq altında  (№55-70)  verilən materialların çoxu nəzmlə yazılmışdır.”Tülkü və Qaraquş”, “Çaqqal”, “Kor kişi”,”Qardaş və bacı”,”Sədaqət”,”Məktəbə dəvət”,”Vəsfi-məktəb” kimi şeirlər dərsliyi dəyərləndirən materiallardandır.

      R.Əfəndizadənin  “Uşaq bağçası” dərsliyi dünya ədəbiyyatını müqayisəli şəkildə öyrənmək , müxtəlif paralellər ararmaq,pedaqoji irsimizi,təlim və tərbiyə tariximizi, ədəbi əlaqələri  öyrənmək baxımından da çox maraqlı əsərdir. Bu,  çox yüksək intellektual  səviyyəli türk oğlu türkün-Rəşid bəy Əfəndiyevin özünəməxsus manifestidir.

.

      Nazim Nəsrəddinov

       Azərbaycan Respublikasının əməkdar müəllimi,

       Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının  bölmə üzvü,

       Avropa     Azərbaycan    Məktəbinin müəllimi.

                            Bakı, 06 sentyabr 2011-ci il.   S.01:39.

Bir Cevap Yazın