Bir Kitap: Talim-ül Etfal, Tahzib-ül Ahlak

Bir Kitap: Talim-ül Etfal, Tahzib-ül Ahlak

Said Ünsizade’nin 1882- ci il – “Təlimül-ətfal, təhzibül -əxlaq” dərsliyi  (risaləsi )

    Uşaqların təlimi  və əxlaq tərbiyəsinə  aid bu dərsliyin  maraqlı yaranma tarixi var.

    Türk dünyası ilə böyük  ictimai-siyasi, elmi-ədəbi və dostluq əlaqələri olan Zaqafqaziya Əhli- Təsənni  İdarəsinin üzvü ,1879-1884-cü illərdə  Tiflisdə   Azərbaycan dilində  nəşr olunan  “Ziya” (bir müddətdən sonra  “Ziyayi-Qafqasiyyə”  adlandırılmışdır ) qəzetinin sahibi-imtiyazı və mühərriri Hacı Səid Əfəndi Ünsizadə   (1825-1905 ) məktəb və maarif məsələlərinə  hələ ilk gənclik illərindən  ciddi maraq göstərmişdir.  Şamaxıda qazı işləyərkən Bakı qubernatoru ilə səmimi  dostluq münasibətlərindən istifadə edərək , 1874 -cü ildə   o,  burada- Şamaxıda   “Məclis məktəbi” adı ilə ibtidai məktəb açmış, uşaqlara dərs demək üçün  Şamaxı şəhərinin ən məşhur müəllimlərini yeni təhsil ocağında  işləməyə dəvət etmişdir. Onlardan ikisi–şair Seyid Əzim Şirvani və  sonralar “Kəşkül” qəzetinin (1883-1891-ci il) redaktoru  və  əsas mühərriri  olan Cəlal  Ünsizadə (Səid Əfəndinin ortancıl qardaşı) bu məktəbdə işləyərkən  Şərq və  Qərb   alim və pedaqoqlarının dərsliklərinin, eləcə də özlərinin   keçdikləri dərslərin materialları əsasında sanballı dərslik  yazmışlar. Bu dərsliklərdən  uzun müddət  əlyazma  və  çap  variantları şəklində məktəb və mədrəsələrdə şagird və tələbələrin  əsas təlim kitabları kimi istifadə olunmuşdur.

    1870-ci illərin sonlarında Tiflisə  Zaqafqaziya Əhli -Təsənni  İdarəsinə  üzv  təyin olunan  S.Ünsizadə vəzifə çərçivəsində ona tapşırılan bütün işləri məktəb və maarifin  inkişafına, yeni məktəb və mədrəsələrin  açılmasına  yönəldir, Qafqazı  kəndbəkənd gəzir,yerlərdə təhsilə göstərilən işlərlə maraqlanır, bu yolda bir sıra layihələr  üzərində işləyir, onları reallaşdırmaq üçün  inadığı ,qələminə və ağlına güvəndiyi  ziyalıları öz ətrafına toplayırdı. Onun bu istiqamətdəki ilk işi Tiflisdə- xristian şəhərində Azərbaycan dilində daş basmaxanası (litoqrafiya ) açmaq oldu. Səid Əfəndi bir müddətdən sonra “Ziya”   adlı qəzetin nəşrinə icazə alır.   “Ziya” nın ilk nömrəsi  1879-cu ilin yanvar ayında  “Ziya” litoqrafiyasında, təbii ki ,litoqrafiya üsulu ilə çap edilir. Bu prosec  bir ildən artıq davam edir. Litoqrafiya üsulu ilə çıxan qəzet , müxtəlif nəşr materialları oxucuları qane etmədiyi üçün  Səid Ünsizadə mətbəə yaratmaq qərarına gəlir. Bir neçə yaxın qohumunu mətbəə işini öyrənməkdən ötrü İstanbula göndərir.   S.Ünsizadə çap avadanlıqlarını  da  Türkiyədən alır. Narın və rizə hərflər  və  hərf birləşmələri oxucuların xoşuna gəlmir; S.Ünsizadə yenidən Türkiyəyə  üz tutur, mətbəsinin bir sıra avadanlığı  dəyişdirir.

    “Ziya”   mətbəsinin  gücü artandan sonra burada  kitab çapı üçün geniş imkanlar   yaranır, ölkənin türkdilli regionlarından,  Zaqafqaziya və Rusiya müsəlmanlarından sifarişlər alınır, mətbəədə lazımi və yararlı kitabların çapı sürətləndirilir. Belə kitablardan biri də  Səid Ünsizadənin  “Təlümül-ətfal,təhzibül -əxlaq” adlı 128 səhifəlik dərsliyidir. Kitabın hər səhifəsində 18 sətir var.Burada  bir sıra durğu işarələrindən, mötərizə və ulduzlardan istifadə edilmiş, yeni fikir və  fərqləndirilməsi lazım bilinən cümlələr yeni abzasdan yazılmışdr.Əsər ciddi təchih olunmuş,redaktə işi yaxşı aparılmışdır. Söz yox ki, bütün bu işlər  Ünsizadə qardaşlarının  əlbir fəaliyyətinin nəticəsi kimi  qiymətləndirilməlidir; Cəlal Ünsizadə hələ (öz şəxsi mətbu orqanını açanadək)   qardaşı Səid əfəndi ilə bir yerdə işləyir, mühərrirlik işinin çoxunun ağırlıq və məsuliyyəti   məhz  onun üzərinə düşürdü.

    Əsərin   ” təb və təhririnin tamam olmağı Qafqazın Baş Rəisi knyaz Dondukov-Qarsaqofun( burada dərsliyin orfoqrafiyasını məqsədəyönlü şəkildə  eynilə saxlayırıq-N.N.) öz məhl-məmuriyyəti olan Tiflis şəhərinə  təşrif-fərma olan günə təsadüf etdiyi  üçün”  maddeyi- tarix    kimi   “Qafqaz(288)   Baş(303) Rəisi(281)  qnyaz (168)  Donduqofa(255)  Qarsaqofa (553) “hədiyyə (34)”   sözlərindən istifadə edilmişdir ki, bu  da  1882 -ci ilə  uyğun gəlir. Əsərin ikinci səhifəsində yazılma tarixi  dəqiqliklə verilmişdir:  fİ 6 mah yanvar 1882 (fi 27 mah səfər 1299). Əslində dərsliyin  materiallarının  müəyyən hissəsi müəllifin “Ziya” qəzetində çap etdirdiyi bəzi məqalələrin məzmununu yada salır,xatırladır,müəllifin bu əsər üzərində 1870 -ci ilin sonlarından işlədiyi məlum olur. Dərsliyin sonunda -128-ci səhifədə   onun çapına  15 mart 1882-ci ildə senzor tərəfindən icazə verildiyi göstərilir.Belə çıxır ki, əsər çox ciddi yoxlamadan keçmiş, ziyanlı olmadığı müəyyənləşdirildikdən sonra onun nəşrinə  başlanmışdır.

    Oxucuları intizardan qurtarmaqdan ötrü kitabın bəzi yarımbaşlıqlarının adlarını sadalayırıq:”Ana”,”Ata”,”Qardaşlıq laziməsi”,”Bir bülbülün  qarışa ilə olan hekayəsi”, “Çalışmaq”, “Bal arısı ilə eşşək arısı hekayəsi”, “Meyvəli ağaclar ilə meyvəsiz ağaclar”, “Hər taifənin dilini və yazısını bilmək”, “Təlim və tərbiyə”,”Məktəbə getmək və oxumaq”…

     Başlıqlardan göründüyü kimi , müəllif  uşaqları elmə,maarifə səsləyir,onları həyatda faydalı işlər görməyə çağırır.

     Əsərin müqəddəmədən sonrakı ilk hekayəsinin ana haqqında olması təsadüfi deyil; Səid Ünsizadə uşaqların tərbiyəsində ananın rolunu çox yüksək qiymətləndirir, uşaqları anaların zəhmətinə qiymət verməyə istiqamətləndirir: “Ay uşaqlar, görürük ki, mehriban və mərhəmətli olan analar nə qədər zəhmət və məşəqqətlər ilə övladlarını doğandan sonra yenə onların nə mərtəbədə zəhmətin çəkib əmizdirmək və bələmək və qucağında saxlamaq ,  paltarlarını yuyub  isti və  ya  soyuqdan mühafizət etməkdən başqa, gecə və gündüz onların istirahətində öz istirahətini tərk edib ,uzun gecələr yuxusuz qalırlar”..

    Dərslik müəllifi uşaqların sağlam böyümələri üçün  çox  vacib məsələlərdən  də  söz açır, onlara geyim  və  düzgün qidalanma mədəniyyətini  ümdə məsələlərini  başa salır. Dərslikdəki “Yemək və içmək barəsində”, “Su”,”Hava”,”Qəm və kədər”,”Dövlət və millətə xidmət”  kimi  öyrədici materiallar  məktəb yaşlı uşaqların  təlim və tərbiyəsində önəmli  əhəmiyyət daşıyır

                                                                                                     ****

  Səid Ünsizadənin  başqa dərslikləri haqqında digər yazılarımızda söz açacağıq.

    Təki sağlıq olsun.

    Nazim Nəsrəddinov

    Azərbaycan Respublikasının əməkdar müəllimi,

    Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının  Azərbaycan dili və ədəbiyyatı bölməsinin üzvü,

    AVROPA  AZƏRBAYCAN  MƏKTƏBİNİNİN  müəllimi .

    Bakı,  26.09.2011.

Bir Cevap Yazın